Sovet dövrü publisistikasında neft faktoru
Mart 08 , 2016 | 07:48 / Müsahibələr, çıxışlar
Oxunma ( 4039 )

Aynurə PAŞAYEVA 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi 
aynure8@mail.ru

Neft uzun illərdən bəri Azərbaycanın ən çox gəlir gətirən iqtisadi kapital mənbəyi, ayrılmaz atributuna çevrilmiş böyük sərvətidir. 

Neft mövzusu "Azərbaycan" jurnalında Sovet dövründə çap olunan, Yusif Süleymanovun "Neftçi dostlar", Süleyman Vəliyevin "Geoloq", G.Osipovun "Xəzərin şöhrəti", Məhərrəm Bayramovun "Uğurlu yol, Əsmət", Aslan Abdullayevin "Neft tonqalları", N.Quliyevin "Dərinliyi fəth edənlər", "Dəniz qazmaçıları", Şamil Şahməmmədovun "Sərvət oyadanlar" oçerklərində öz əksini tapıb. Sovet dövrünün oçerk tədqiqatlarında sosrealizm gerçəkliyinin pərdələməyə daha çox üstünlük verilmişdi. Buna görə də neft mövzusunda olan oçerklərin yeni aspektdən obyektiv şəkildə öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Bu cür tədqiqatlar Azərbaycan ədəbiyyatşünaslığımızda mövcud olan problemlərin həllində və boşluğun doldurulmasında əhəmiyyətli rol oynaya bilər.

Azərbaycan neft sənayesi Sovet dövlətinin ümumi iqtisadiyyatından asılı hala salınsa da, respublikanın iqtisadi, sosial potensialının yüksəldilməsində müəyyən rol oynayıb və mətbuat da həmin nailiyyətlərin əldə edilməsində ideoloji baxımından xüsusi fəallıq göstərib. Çünki həmin dövrdə publisistika rəhbərliyin iradəsinin təbliğatçısı və icraçısı olub.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dövlətimizin iqtisadi siyasətində neft amili əsas yer tutur. Müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin müəllifi olduğu, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycan dövlətinin milli maraqlarını müdafiə etməklə neft strategiyasında yeni səhifə açmış oldu. Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması isə H.Əliyevin dövlətçilik siyasətinin varisi olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin böyük siyasətinin uğuru idi.

Sovet dövründə neft mövzusu özünü ən çox bədii publisistikanın oçerk janrında əksini tapdı. Sovet dövründə müsbət tendensiyanın ifadəçisi olan neft mövzusundakı oçerklərə müasir dövrdə rast gəlinməməsinə səbəb bədii publisistikanın bu janrına ictimai marağın olmamasıdır. Professor Cahangir Məmmədli "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kitabında yazır ki, vaxtilə "Azərbaycan klassik jurnalistikasında oçerk aparıcı janrlardan biri olmuşdur. Bədiiliyə daha çox meyli ilə bağlıdır ki, tarixən oçerki yazıçılar, bədii söz ustaları yaratmışlar. Sovet dönəmi Azərbaycan jurnalistikasında klassik nümunələrlə bərabər, "əmək qəhrəmanlarına" həsr olunmuş "oçerkomaniya" prosesi də özünü göstərdi. Bu dövrdə oçerk "əmək adamının" xarakterinə müəllifin görmək istədiyi süni rənglər gətirdi, oçerkdə yalnız "müsbət qəhrəman" obrazı dominant oldu. Məhz ona görə də yeni jurnalistika oçerkin Sovet nümunəsindən tamamilə imtina etdi".

Dövrün konyukturasına xidmət edən həmin oçerklər müasir oxucu üçün maraqsız edən digər cəhət eyni süjet, kompozisiya, dövrün diqtəsi ilə eyni ideologiyaya xidmət etməsidir. Çünki həmin oçerklərdə, mərhum professor Famil Mehdinin "Bədii publisistika" kitabındakı sözlərilə desək,  "süjet və kompozisiya konkret mövzu, qarşıya qoyulan məqsəd və vəzifə, publisist dünyagörüşü, ustalığı həmçinin konflikt və onun növləri ilə bağlıdır".

Bütün bunlara rəğmən real fakt və hadisələrə söykənən, dövrün neft mənzərəsini əks etdirən, sənayenin o dövrdə inkarolunmaz inkişafını oçerklər əsasında öyrənilməsi tədqiqatçılar üçün böyük materialdır. "70 illik ədəbi vaqeəmiz istəsək də, istəməsək də bu çərçivəyə pərçim olunub. Odur ki, biz sosrealizmə (və Sistemə!) qarşı kin-küdurəti, qərəzi bir tərəfə qoyub, onun ədəbi irsini obyektivcəsinə təhlil etməli, elmi-nəzəri təsnifatdan keçirməliyik" (Elçin Əfəndiyev).

Oçerklərdəki neftçi obrazları kollektivçiliyin, istehsalatın mənafeyinə xidmət edirdi. Yusif Süleymanovun "Neftçi dostlar" (1955) oçerkində Bakıda neft mədənində tutduğu vəzifəsindən asılı olmadan çalışan neftçi dostlar Fətulla Səmədov, Məmməd Məmmədovun və s. bütün əhval-ruhiyyələrini-sevinclərini, kədərlərini neft faktoru müəyyən edir. Neftin kəmiyyət və keyfiyyət dəyərinin yüksəkliyi xarakterlər arasındakı konflikti həll edir: "Neftçilərin sevinci də, kədəri də sahə işlərinin vəziyyətilə əlaqədardır. Kollektivin əməyi bəhrə verdikdə, bütün işçilər sevinir, bir-birilərini təbrik edirlər. Yeni işə salınan quyu nəzərdə tutulan qədər neft verəndə neft ölçən Kazım Ramazanovun sevinci aşıb-daşır, qəlbi həyəcanla döyünür". Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsinin qərarına əsasən "Sənayeni daha da yüksəltmək, texnikanı tərəqqi etdirmək və istehsalatın təşkilini yaxşılaşdırmaq" neftçilərin həyat tezisinə çevrilmişdir. Oçerkin süjetinin konfliktini gərginləşdirən Ağadadaşın neft hasilatını artıqlaması ilə yerinə yetirməkdən ötrü çalışarkən yüksək kəmiyyət istəyi keyfiyyət nəticəsini ona unutdurmuşdur. Belə ki, onun çalışdığı 688 mədəndə quyuya yüksək təzyiq davam gətirməyən quyuya neftin çıxarılması zamanı nasosu istifadə etməsi olur. Ancaq Ağadadaş tez bir zamanda səhvini düzəldir, gözlənildiyindən də 3 ton artıq neft hasil olur. Beləliklə, konflikt gərginləşmədən məsələ tez həllini tapır. Gözlənilməz yüksək nəticə isə gələcək uğurlar üçün, neftçiləri istehsalata yenilik gətirməyə daha çox həvəsləndirmişdi.

Süleyman Vəliyevin "Geoloq" (1956) oçerkində 1940-cı ilin payızında şəhərdən sürücüsü Məmmədlə gəlmiş geoloq Hüseyn Abbas oğlu Beşbarmaq dağının yanında Siyəzən kəndində öz gələcək planlarını həyata keçirmək niyyətindədir. İllər ötdükdən sonra arzuları öz zəhmətsevərliyi nəticəsində yerini tapır: "Eh, dostum, asfalt yollarda hər şofer işlər, hünər bu yerlərdə neft buruqları ilə dolacaq, durduğumuz yerdə şəhər salınacaq, mədən idarəsi, qaraj tikiləcək, sən qaraj müdiri olmağı arzu etməzsənmi?" Əsərdə Siyəzən kəndini şəhərə çevirən, konflikti gərginləşdirən, yüksək amalların, idealların meydana gəlməsinə səbəb neft faktorudur. Zaman və məkan faktoru tanımadan geoloqların neft sənayesinin inkişafı naminə etdiyi kəşflər, böyük məslək sahibi olması müasir baxışdan yanaşanda da alqışalayiqdir.

Xəzər nefti rus oçerkçilərinin də diqqətini cəlb eləmişdi. G.Osipovun "Xəzərin şöhrəti" (1958) diqqətini 1949-cu ildə əfsanəvi Neft daşları üzərində cəmləyir. Burada Abşeron yarımadasında çıxarılan yanacağa nisbətən 2 dəfə ucuz başa gəlməsi, 1951-ci ildə 315 dəfə artan neft hasilatı, dəniz neftçilərinin böyük həvəslə işləməsi yazıçını olduqca ruhlandırmışdı. Əsərdə estakadalar üzərində tikilən Neft daşlarının ümumi mənzərəsi üzərində qurulmuşdur. "Sehirli bir qalanı xatırladan bu şəhərin işıqları dənizin uzaq guşələrinədək yayılır" .

Məhərrəm Bayramovun "Uğurlu yol, Əsmət" (1959) oçerkində plan xatirinə, kəmiyyət üçün deyil, keyfiyyət naminə çalışan ali təhsilli əsl neft mütəxəssisi yetişdirmək məsələsi öz əksini tapıb. Oçerkdə həvəs, səy, təşəbbüs, əzmkarlıq və çətinliklə əldə olunan neftin qələbəsi süjetin leytmotivini təşkil edir. Əsmət lovğalıq edib yalnız plan xatirinə kəmiyyət arxasınca qaçan sahə müdiri deyil, onun əsas qayəsi gələcək perspektivi daha çox neft gətirəcək quyular kəşf etmək, istifadəyə yararsız quyuları yenidən dirçəltməkdir. O, gərgin əməyi sayəsində istədiyinə nail olur.

Neft bu dövrün oçerklərində stimulverici bir element, vacib iş amili, perspektivli sərvət, gələcək ixtiralara sövq edən məfhum kimi verilib. O, milyonlarla insana peşə, qürur xoşbəxtliyi gətirən əvəzolunmaz sevinc qığılcımıdır. Neft faktorunun oynadığı həlledici təsir olduqca böyükdür.

Bu dövrün oçerklərində ən çox nəzərə çarpan motivində ən tez, ən çox neft verən quyunu aşkar etmək, tez işə salmaq, nəzərdə tutulan plandan da artıq neft hasil etmək məqsədi dayanırdı. Aslan Abdullayevin "Neft tonqalları" (1959) oçerkində əslində əsərin bədii sərlövhəsi yanan neft mənzərəsini xatırlatsa da, bu, məcazi məna daşıyır. Çünki əsl neft tonqalları neft quyularını hasilatsız qalmağa imkan verməyən Mustafa Əfəndiyev, Ağamalı Qarayevin qəlbindəki məşəldir. Onlar, nəzərdə tutulan plandan da artıq daha böyük təşəbbüskarlıqlar etmək niyyətindədirlər. Əlbəttə, onun bu niyyəti ətraf mühiti tərəfindən yüksək alqışlara səbəb olur: "Görüləcək işlərin qısa layihəsi hazırlandı. Plandan əlavə açılacaq hesab üçün cədvəl düzəldildi. Çox keçmədi ki, bu təklifi bütün rayon zəhmətkeşləri eşitdi. Neftçilər, dənizçilər, inşaatçılar bunu vətənpərvərlik təşəbbüsü kimi qiymətləndirdilər". Ağamalının oğlu Oqtayın neftçi olmaq arzusu, kənddən gələn qızın məktubunda "mən neftçi olacağam" ifadəsi kimi haşiyələrdə onun bu sənətə dərindən vurğunu olmasını bir daha təsdiqləyir.

Ümumiyyətlə, neftçilər Kommunist partiyasının tələblərini doğru qəbul etmiş, buna sədaqətlə xidmət edən azərbaycanlı vətəndaşları idi. Planı yerinə yetirmək o dövrün neftçilərinin həyatı ilə bağlı əsas plakat mövzusu olmuşdu. Tehran Əlişanoğlunun fikrincə, "plakat bir janr kimi rəsm əsəridir və ədəbiyyatdan fərqli olaraq, məkani obrazlar üzərində qurulur; hadisənin üst qatı, "gərəkli" tərəfləri götürülür, müxtəlif ideyalar işığında, bədii forma və boya həlli yolu ilə aktuallandırılır. Ədəbiyyatda bu, daha çox publisistika, oçerk janrları ilə uyuşur. Plakatın gücü aktuallığındadır, zamanın mənzərələri ilə bahəm "ölür", ən böyük uğuru tarixləşə bilməsindədir".

N.Quliyevin "Dərinliyi fəth edənlər" (1961) oçerkində əslində torpağın ən dərin qatındakı dərinliyi fəth etmək, daha çox neft çıxarmaq üçün çalışan, planı yerinə yetirən və rekord göstəricilər qazanan neftçilərin fəaliyyətindən bəhs olunur. Bu oçerkdə müəllif digər oçerk müəllifləri kimi ilk öncə yüksək vəzifəli şəxsdən deyil, Taman yarımadasında, Kerçdəki qanlı vuruşmalarda iştirak eləmiş Qriqori Bulavindən məlumat verərək yazıya başlayır. O, zəhmətsevərliyi sayəsində qazmaçı köməkçisi vəzifəsindən usta vəzifəsinə qədər yüksəlir. Müəllif tək onun deyil, Hacıbala, usta Qulaməli və digər həmvətənlərinin də obrazlarını yaradıb. Bu neftçi obrazları əl-ələ verib Zirə, Qala, Türkanda neft yataqları kəşf edən neftçilər idi. Q. Bulavinin oçerkdə səsləndirdiyi fikirlər zamanın əsl tələbini özündə əks etdirirdi: "Əgər sən quyunu müvəffəqiyyətlə qazıb, yeni neft xəzinəsinə yol açsan, gör ölkə nə qədər neft və qaz alacaq! Yox, əgər quyu məhv olsa, sən də, mən də dövlət qarşısında, xalq qarşısında cavab verməli olacağıq" .

Çünki Yeni iqtisadi siyasət dövründə Azərbaycan neft sənayesi üzrə müəyyənləşdirilən plan və tapşırıqlar yerinə yetirilmədikdə, Moskvadakı hakim dairələr sərt tədbirlərə əl atırdılar. Bu isə öz təsirini qurultayların, plenumların və müşavirələrin qərarlarında tapırdı.

Bəhram Gözəlovun "Abidə" (1964) oçerkində retrospektiv baxış daha öndədir. Çünki əsərin qəhrəmanı olan müdrik qoca arxetipi 80 yaşlı neft ustası Manaf Rzadır. O, ömrünün 50 ilini Bakının neft buruqları arasında keçirən, torpağın hər qarışına bələd olan rus geoloqlarının təcrübəsindən bəhrələnmiş, montyorluqdan tutmuş mühəndisliyə qədər vəzifələrdə çalışmış, 1922-ci ildə Suraxanı mədənlərində törədilən yanğını söndürmüş, öyrəndiklərini gələcək nəslə ötürüb usta Aleksey İvanoviç, montyor Kazım Hüseynov, mühəndis Musa Məmmədov kimi şagirdlər yetişdirmişdir. Onun nəzərində "kişi odur ki, özündən sonra bir şey qoyub gedə. Başqaları da baxıb onu yad edə". Abidə əslində 1904-cü ildə  Suraxanıda fontan vuran neft buruğudur. Usta Manafdan 20 yaş balaca olan bu buruğu bir abidə kimi yaddaşlarda yaşadan neft faktoru ilə bağlı olmasıdır.

Bu dövrdə oçerklərin müsbət obrazı daha çox plan yerinə yetirən qəhrəmanı hesab olunurdu. Ancaq müəllifin Dmitri Vasileviçin dilindən səsləndirdiyi fikirlər olduqca diqqəti cəlb edir, müasir aspektdən yanaşdıqda müəllifin kiçik eyhama vurduğu qənaətinə də gəlmək olar: "Vaxt gələcək, bu gördüyünüz boş, yararsız çöllərin mənzərəsi dəyişəcək. Burada meşə salınacaq. Buruqlar meşəsi. Suraxanı əsl xəzinədir. Bu xəzinə xalqındır. Onun açarı da xalqın əlində olmalıdır".

N.Quliyevin "Dəniz qazmaçıları" (1966) oçerkində trestin müdiri Mahmud Salamov Yəhyanı təzə təşkil olunan qazma idarəsinə müdir təyin edir. Bu oçerkdə quruda çalışan neftçilərdən də neftçıxarmaqdan ötrü gərgin əməyə qatlaşan dəniz neftçilərinin həyatından bəhs açılır. Yəhya bu dəfə yeni adaya - Bullaya doğru yönəlir. Bullada yaşayış olmasa da Yəhya ümidlənir. Bu adada neft çıxarmaq olduqca çətin idi. Müəllif neftin əldə olunmasına qədər olan zamanı çox uzadır, ancaq bu oçerkdə neft mövzusunda oçerklərdə rast gəlinməyən ekoloji problemə toxunur.

Şamil Şahməmmədovun "Sərvət oyadanlar" (1975) oçerkində get-gedə çətinləşən neftçıxarma əməliyyatında bu dəfə neftçilər Ukrayna şaxtaçıları ilə sosializm yarışına girərək planı yerinə yetirirlər. Həvəsləndirici mükafat kimi 1972-ci ildə Qırmızı Əmək Bayrağının ordenini əlində saxlayan azərbaycanlı neftçilərdir. Bu oçerkdə neftçi obrazları mühəndis, texnoloji xidmət sahəsinin rəisi Məmməd Rəhimov, 25 illik iş təcrübəsi olan Əbdüləli, mədənin baş geoloqu, çoxlu sayda quyular aşkar edən Əvəz Həşimov, qocaman mədən veteranı, baş operator, 2 dəfə Qırmızı Əmək Bayrağı ordenli, "Peşəsinin ən yaxşı ustası" adını qazanmış Əbdüləli Vəliyev indi daha çox köhnəlmiş yataqları yenidən dirildib neft hasil etmək arzusu ilə 1953-cü ildən mədəndə çalışan sahə rəisi Bala Ağarəhimlə birgə çalışırlar: "Ancaq biz hələ də minnətdarlıqla xatırlayırıq ki, Donbasın ağır günlərində şaxtaçılara köməyə gələnlər arasında bakılılar da var idi. Neftçilər neçə briqada göndərmişdilər. Suraxanılılar xüsusilə çox idi. Bakı ilə, Orconokidze rayonun əməkçiləri ilə dostluğumuzun təməli belə qoyuldu". Müəllif oçerki digər oçerk müəlliflərindən fərqli kompozisiyada qurmuşdur. Belə ki, əvvəlcə mədən yeni neftçıxarma üsulları haqqında informativ xarakterli xülasə verdikdən sonra neftçi obrazlarını oxucuya tanıtmaq üçün haşiyələrdən - reportaj-respondent-müsahibədən yararlanıb. Belə reportajlarda, əlbəttə, konfliktdən danışmaq o qədər də yerinə düşməzdi. 60-cı illər oçerkində insana, həyata, mənəviyyat axtarışlarında müşahidə olunan böyük dönüş bu dövrün oçerklərində nəzər az dərəcədə çarpırdı. Bu oçerklərdə "müsbət və mənfi qəhrəman" sxemi dərinliyi ilə işlənməmişdi.

Sovet dövründə neft mövzusunda yazılmış, "Azərbaycan" jurnalındakı oçerklərdə həyat standart, birtərəfli göstərilir, bir çox halda isə açıqca təhrif olunurdu. Neft faktorunun xüsusi rol oynadığı dövrdə neft mövzusunda olan oçerklərin yeni müstəvidə tədqiqata cəlb olunması, çatışan və çatışmayan cəhətlərinin vurğulanması, neft faktorunun əsərlərdə öz əksini tapma səviyyəsinin araşdırılması baxımından vacibdir. Lakin son vaxtlar XX əsr klassiklərini tarixi ədəbi prosesin ümumi inkişaf kontekstindən ayırıb təftiş etmək üsulu geniş yayılıb. Heç bir əsəri, ədəbi-bədii abidəni, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixini real tarixi gerçəklikdən ayırmaq olmaz.

Ümumiyyətlə, istər Sovet, istərsə də müasir dövr publisistikasında neft mövzusunda yazılmış əsərlərdə neftçi obrazlarının və iqtisadiyyatımızın mühüm amili olan neft faktorunun tədqiqata cəlb olunması indi xüsusi aktuallıq kəsb edən məsələlərdəndir. Ona görə də həmin oçerklər neft mövzusunun araşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.