Fotos
CANLI ALƏMƏ SƏYAHƏT DAVAM EDİR
Mart 14 , 2016 | 04:29 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2952 )
AMEA Mikrobiologiya İnstitutu, Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə biologiya elminin təbliği məqsədilə açıq qapı günü həyata keçirildi. 43 saylı məktəb-lisey komleksinin 6-cı sinif şagirdlərini Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Xəlilzadə Vüsalə salamlayaraq Mikrobiologiya İnstitutunun yaranma tarixi və elmi fəaliyyəti haqqında məlumat verdi. Tədbir İnstitutun Ekoloji mikrobiologiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Qasımova Aygunün mikroorqanizmlərin tədqiqat prossesi, laboratoriya şəraitində əkilməsi və becərilməsi üsullarından bəhs edən “Bizi əhatə edən mikro aləm” adlı məruzəsi ilə davam etdi. Mövzuya uyğun olaraq laboratoriya avadanlıqlarından istifadə olunaraq müəyyən təcrübələr göstərildi. İnstitutun elmi işçiləri Hüseynova Əfsanə və Abuşova Aytənin rəhbərliyi altında şagirdlər mikroorqanizimləri mikroskopla izlədilər. Qasımova Aygün və Abuşova Aytən tərəfindən mikrobioloji boksda mikroorqanizimlərin əkilmə prossesləri əyani olaraq nümayiş olundu.

Tədbir şagirdlərin Botanika İnstitutunu ziyarəti ilə davam etdi. Ali bitkilərin sistematikası şöbəsinin elmi işçisi, doktorant Şəhla  Mirzəyeva şagirdlərə İnstitutun zəngin Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqda əyani vasitələrdən istifadə etməklə məlumat verdi. Gənc mütəxəssis Xanım Həsənova sagirdləri Botanika muzeyində nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə ilə tanış edərək, Hirkan meşələrinin on klassik relikt ağac növünün yayılma əraziləri haqqında ətraflı məlumat verdi.
Sonda şagirdlər Mərkəzi Nəbatat Bağının qonağı oldular. MNB-nın doktorantı Aynur Ərəbzadə şagirdlərə Bağın kolleksiyasına daxil olan Azərbaycan florasına aid endem və nadir bitki növləri, həmçinin dərman bitkilərini nümayiş etdirərək onların təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri haqqında danışdı.
Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant  Fərid Seyfullayev Dendroxronologiya elmi haqqında umumi məlumat verərək müasir burğu vasitəsilə ağacdan götürdüyü nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyinini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişiklikləri izah etdi. Arxeoloji qazıntılar zamanı tapılan 3 və 6 min il bundan əvvələ aid ağac və  yaşı 10 min illərlə ölçülən daşlaşmış oduncaq nümunələrinin nümayişi şagirdlərin xüsusi marağına səbəb oldu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.