Fotos
Elmin İnkişafı Fondu Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatını keçirib
Mart 31 , 2016 | 04:55 / Görüşlər
Oxunma ( 2831 )

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində çapdan çıxan “Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov təqdimatı keçirilən kitabların qiymətli əsərlər olduğunu bildirib. Qeyd edib ki, elmi redaktoru olduğu bu nəşrlər Azərbaycan tarixinin, xüsusilə millətimizə qarşı 200 ildən artıq müddətdə ermənilər tərəfindən törədilən soyqırımı hadisəsinin öyrənilməsi anlamında mühüm bir mənbədir: “Bu kitabların yazılması, nəşr olunması, o cümlədən xarici dillərə tərcümə olunaraq dünyada geniş yayılması təşəbbüsünü dəstəkləyirəm. Millətin, xalqın taleyüklü məsələsinə həsr olunmuş kitabların maliyyələşdirilməsi təkcə məmur məsuliyyəti deyil, eləcə də vətəndaşlıq borcudur".

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev hər iki nəşrin dünyanın müxtəlif ölkələrində aparılan dərin elmi araşdırmalara, mötəbər elmi mənbələrə əsaslandığını diqqətə çatdırıb. Bildirib ki, hər iki əsər Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və bununla bağlı müvafiq şəhadətnamələr verilib. Qeyd edib ki, professor Musa Qasımlının müəllifi olduğu monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Azərbaycan ərazilərinin işğalının nəticələri və digər vacib məsələlər araşdırılıb. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 31 mart soyqırımı ilə bağlı ölkəmizdə silsilə tədbirlərin keçirildiyini qeyd edərək belə bir gündə mühüm nəşrlərin təqdimatının əhəmiyyətini vurğulayıb. Bildirib ki, kitablar xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin, ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və magistrantlar, müəllimlər üçün faydalı ola bilər.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digərləri çıxış edərək Azərbaycan tarixinin öyrənilməsi və həqiqətlərin dünyaya çatdırılması baxımından təqdimatı keçirilən kitabların mühüm vəsait olduğunu bildiriblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.