Apr 11 , 2016 | 01:00 / ELMİN TƏBLİĞİ
Azərbaycan Avropa Məktəbində keçirilən "Elm həftəliyi" münasibətilə məktəbin müəllim-şagird kollektivi AMEA Mərkəzi Nəbatat Bağının qonağı oldu.
Şagirdlər Bağın fəaliyyəti ilə yaxından tanış olmaq üçün əvvəlcə buradakı canlı kolleksiyanı ziyarət etdilər.
Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Fərid Seyfullayev müasir burğu vasitəsilə ağacdan nümunə götürülməsi qaydalarını, götürülmüş nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyinini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişiklikləri izah etdi.
Fəslə uyğun olaraq şagirdlərlə bağda əyləncəli oyun keçirildi. Oyun şərtlərinə görə şagirdlər qruplara bölünərək siyahida göstərilən gül, yarpaq, budaq, qarişqa, böcək, toxum və s. topladılar. Ən tez toplayan qrup qalib hesab olundu və mükafatlandırıldı.
Sonda Azərbaycan Avropa Məktəbinin müəllim kollektivi Mərkəzi Nəbatat Bağında yaradılan şəraitə görə Bağın rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirdi və qeyd etdilər ki, bu görüş şagirdlərin botanika fənni üzrə qazandıqları biliklərinin möhkəmləndirilməsində böyük rol oynadı.
Qeyd edək ki, MNB GAMŞ-nın illik fəaliyyət planına uyğun olaraq gələcəkdə belə tədbirlərin daha intensiv həyata keçirilməsi üçün müəyyən məktəblərlə danışıqlar aparılır.