Milli Məclisdə “Elm haqqında” qanun layihəsi II oxunuşa çıxarılıb
May 17 , 2016 | 03:05 /
Oxunma ( 3024 )

Milli Məclisdə “Elm haqqında” qanun layihəsi II oxunuşa çıxarılıb. Modern.az-ın məlumatına görə, layihə haqqında məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, “Təhsil haqqında” qanun qəbul edildikdən sonra “Elm haqqında” qanunun hazırlanmasına start verilib.

“Bu müddət ərzində təcrübələr öyrənilib. Nəhayət 2013-2014-cü illərdə cəmiyyətin müxtəlif qurumlarında müzakirə aparılıb, sənəd 2015-ci ilə Milli Məclisin iclasında I oxunuşa çıxarılıb. Lakin “Elm haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrdən keçən dövr ərzində elmdə baş verən dəyişikliklər layihənin yenidən baxılması və dəyişdirilməsi zərurətini ortaya çıxarıb. Qanun layihəsi daha da təkmillləşdirilib. Ölkəmizdə elm yönümlü sənədlər, qəbul edilmiş qərarlar da layihəyə yenidən baxılması zərurətini aktuallaşdırıb. Bütün bunlara görə qanun layihəsi komitə daxilində mütəxxəsislər tərəfindən oxunub, müzakirə olunduqdan sonra parlamentin plenar iclasına təqdim edilib.
“Elm haqqında” qanun layihəsində elm siyasəti önə çəkilərək, ideoloji bazanın daha da möhkəmləndirilməsinə fikir verilib”.

Deputat qeyd edib ki, qanun layihəsinin strukturunda təkmilləşmə zamanı bəzi dəyişiklərin aparılması zəruri olub, bəzi maddələr tamamilə çıxarılıb, bəziləri birləşdirilib. Komitə sədri qeyd edib ki, I oxunuşda 8 fəsil 45 maddə qəbul edilən qanun layihəsi 7 fəsil 41 maddə ilə ikinci oxunuşa çıxarılıb.

““Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti haqqında” ayrıca maddə əlavə edilib. Bu, son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan reallıqları əhatə edən maddədir. “Elm haqqında” qanun layihəsi çərçivə sənədidir, gələcəkdə elmdə innovasiya və sahibkarlıq haqqında qanun hazırlana bilər. Fəlsəfə və elmlər doktorlarının elmi adı var, eyni zamanda professor və akademiklər alim kimi qeyd edilir. Amma akademiyanın həqiqi və müxbir üzvlərinin adlandırılması yox idi. Akademiyanın həqiqi və müxbiri üzvlərinin elmi rütbə adlandırılması məqsədəuyğun hesab edilib və ayrıca maddədə də qeyd edilib”.

İ.Həbibbəyli vurğulayıb ki, qanun layihəsində təhsil kreditləri məsələsinə də toxunulub.

“Burada (Milli Məclisdə) təhsil kreditləri barədə söhbət gedir. Təhsil qurumlarında təhsil kreditlərinin verilməsi, təhsil alanın əmək fəaliyyətinə başlayarkən həmin kreditləri ödəməsinin başlaması mexanizminin tapılması vacib olduğundan qanun layihəsində qeyd etmişik. Bu, bakalavr pilləsi ilə yanaşı, gələcəkdə magistratura və doktorantura üzrə də vacib ola bilər”.

Komitə sədri qeyd edib ki, magistrlərə hərbi xidmətdən  möhlətin verilməsi “Elm haqqında” qanunun deyil, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun subyektidir. Hərbi vəziyyət normalaşarkən bu əlavə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilə bilər.

deputat Zahid Oruc bağçaların Təhsil Nazirliyinə qaytarılması məsələsinə toxunub. “Bağçalarımız bu gün uşaqların 3-5 faizi üçün əlçatan deyil. Bağçalar dövlətin və icra qurumlarının nəzarətindədir, özəl bağçalar isə azdır. Bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyatı olduğunu Hacıbala Abutalıbovdan başqa heç kəs deyə bilməz. Bağça xidmət deyil, gələcək elmin sirlərini ilk üsullarla öyrədilmə yeridir.

Parlament üzvləri olaraq bu fikri möhkəmləndirək ki, bağçalar Təhsil Nazirliyinə qayıtsın, icra nümayəndələri üçün yem olmaqdan çıxsın. Bağçada uşağın soskasına göz dikənlər varsa, gələcəkdə nəyi hesabladıqlarını yaxşı bilirlər”.

Daha sonra deputat alimlərə dövlət tərəfindən göstərilən qayğı barədə danışıb.

O qeyd edib ki, hər bir ölkə alimlərini üst səviyyədə ayaqda saxlamağa çalışır. “Biz ölkənin iqtisadiyyatını elmə transfer etməyi bacarmalıyıq. Amma Azərbaycan alimlərinin sayı 10 minə qədərdir. 100 min nəfərə düşən alimlərin sayı bir nəfərdir. Regionda başqa dövlətlərdən güclü olduğumuz halda bu məsələdə Ermənistan bizdən öndədir. İddia etmirəm ki, alimlərimiz onlardan zəif və ya güclüdür. Sayı etibarı ilə onlarda 100 minə 3 alim düşür”.

Deputat vurğulayıb ki, alimin maaşı əsas kriteriya olmalıdır. “Onun təminatı birinci olmalıdır. Bu halda ölkənin inkişafı üçün addımlar atmalıyıq. Bu gün bizdə elmə ayrılanlar 1 faizin altındadır. Bu, aradan qaldırılmalıdır. ABŞ-da bu rəqəm 35 faiz, Avropa Birliyində isə 24 faizdir. Elm sferası iqtisadiyyatlaşdırılmalıdır, elmin əsas vəzifəsi cəmiyyət, yaxşı toplum yetişdirməkdir. Bütün dünyada elmin özəl qurumlar vasitəsilə maliyyələşməsi gedir. Dövlət elmə böyük vəsait qoymasa, bu ölkəni inkişaf etdirmək çətin olacaq”.

Z.Oruc təklif edib ki, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılsın. “Biz diplom alırıq, yastığımızın altında saxlayırıq. 23 yaşından sonra deyirik ki, əmək bazarının dəyişikliyinə uyğun diplomumuzu dəyişməyək. Dövlət onu da stimullaşdırmalıdır ki, əmək bazarına uyğun ikinci və üçüncü təhsil də alaq. Zamanla Azərbaycan universitetləri də reytinq cədvəllərində ön yerdə olacaq.

Azərbaycanda dövlət  universitetləri yarışmalıdır və onların reytinqi bununla bilinməlidir. Bu vasitə ilə onlar pul qazana bilər. Bu gün hər bir universitet tələbənin durumundan asılı olmayaraq dövlət sifarişi ala bilir. Lakin universitetlər arasında elələri var ki, orada 3-4 tələbədən başqa oxuyan yoxdur. O zaman dövlət sifarişi niyə alır?”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, elmin ayrı-ayrı sahələri özünün maliyyələşməsini təmin etməlidir. Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinə gəlincə deputat bildirib ki, bu məsələ  “Hərbi səfərbərlik haqqında” Qanunun predmetidir.

“Orada dəyişiklik olmadan burada dəyişiklik edilə bilməz. Hər gün atəşkəs pozulur.  Orduya cəlb olunmaq hərbir vətəndaşın borcudur. Aprel döyüşlərində nə qədər gənc könüllü xidmət etmək üçün müraciət etdi. Əgər bu dəyişiklik qəbul olunsa, avtomatik olaraq bu maddə özü-öz əhəmiyyətini itirəcək.

 

Müdafiə Nazirliyindən bildirildi ki, 40 yaşından aşağı insanlar əmək haqqı almaqla ordu sıralarına yazıla bilərlər. Ali baş komandanın tapşırığı sayəsində orduda xidmət sahələrini mülki vətəndaşlar həyata keçirir”.

 

Deputat eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında işçilərin sayının azaldılmasını da qeyd edib.

 

“İnstitutların tərkibinə baxılmalıdır. Kəmiyyətdən çox keyfiyyətə fikir verilməlidir ki, az insan çox maaş alıb elmə böyük töhfə versin”. Deputat Aytən Mustafayeva davamlı təhsil, bağçaların Təhsil Nazirliyinə qaytarılması məsələsinə toxunub.

 

“Bağçadan bünövrəsi qoyulan uşaqların təhsili məktəbdə davam etdirilsə daha yaxşı olardı. Təhsil kreditləri ilə bağlı seçicilərdən müraciətlər alıram. Təhsil haqqına görə gənclər təhsilini yarımçıq qoyurlar.

 

Elmi işçilərin cavanlaşmasına ehtiyac var. Elmi işçilərin əmək haqları azdır. Onların əmək haqqı artırılmasa gəncləri elmə cəlb etmək çətin olacaq”.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.