“Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı keçiriləcək
May 29 , 2016 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 2930 )

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 06 aprel tarixli 1418 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.2 bəndinin icrası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş qrant layihəsi (layihə rəhbəri: Hacıyev Elməddin, Azərbaycan Turizm və Menecment Universiteti) çərçivəsində “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı Bakı şəhərində 31 may - 01 iyun 2016-cı il tarixlərində keçiriləcək. Azərbaycan Turizm və Menecment Universiteti konfransın keçirilməsinə elmi-təşkilatı dəstək göstərir. Konfransın açılışı 31 may 2016-cı il tarixində, saat 10:00-da “Aysberq“ İstirahət Mərkəzində baş tutacaq (Salyan Şossesi, Şix Çimərliyi). Açılış mərasimində rəsmi şəxslər və qonaqlar çıxış edəcək. Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən aparıcı sahələrindən biri olan turizmin elmi əsaslarla inkişaf etdirilməsinə nail olmaqdır. Geniş turizm potensialına sahib regionların hərtərəfli inkişafına nail olmaq məqsədi ilə qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi Azərbaycanda və dünyada mövcud olan turizm regionlarının inkişafı və sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların fəaliyyətlərinin düzgün təşkil edilməsi və həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviq edilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Konfransda aşağıdakı prioritet istiqamətlər üzrə məruzələr dinləniləcək: - Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri; - Regional turizmin inkişafında yerli özünüidarəetmənin yeri və icma əsaslı turizmin regionların inkişafında rolu; - Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri və regional turizmin davamlı inkişafında inkişaf etmiş turizm regionlarının menecment təcrübələri; - Regional turizmin logistik problemləri və regional turizmin inkişafında yeni marketinq meylləri; - Mədəniyyətlərarası kommunikasiyanın inkişafında turizmin rolu. Konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak edəcək. Məruzələr sırasında Türkiyə və İngiltərədən təqdim olunmuş maraqlı işlər də vardır. Konfrans çərçivəsində sərgi təşkil olunacaq, turizmlə bağlı videoçarxlar nümayiş etdiriləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.