Gənc genetik sidik kisəsi xərçəngi diaqnozu ilə bağlı elmi araşdırma aparır
İyn 21 , 2016 | 03:31 /
Oxunma ( 2661 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti beynəlxalq vebinar (internet vasitəsi ilə seminar) keçirilmişdir. Seminarda GEİ-nin Biotexnologiya şöbəsinin “İnsan genetikası” qrupunun elmi işçisi Bayram Bayramov “Sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş xəstələrdə E-Cadherin və p14ARF genlərinin metilasiya analizi”  mövzusunda məruzə ilə çıxış etmişdir. O,  sidik kisəsi xərçəngi haqqında ümumi məlumat vermiş, risk faktorları və eləcə də Genetik və Epigenetik modifikasiyaların xəstəliyin yaranmasındakı rolundan bəhs etmişdir. B.Bayramov qeyd etmişdir ki, xərçəngin yaranmasında Genetik faktorlarla yanaşı, Epigenetik faktorların da xüsusi rolu vardır. Epigenetik modifikasiyaların, xüsusilə Tumor Supressor Genlərin promotorlarında yaratdığı metillənmə bu genlərin inaktivasiyasına gətirib çıxarmaqla xərçəngin yaranmasında vacib rol oynayır. Bu növ  modifikasyalardan olan DNT səviyyəsində metillənmə xərçəng xəstəliyinin erkən diaqnostikasında daha həssas və spesifik yeni biomarkerlərin kəşf edilməsi baxımından faydalıdır. 

Vebinar zamanı mövzu ətrafında geniş müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Qeyd edək ki, Bayram Bayramov 2013-cü ildə Azərbaycan Tibb Universitetini həkim-bioloq ixtisası üzrə bitirmişdir. Həmin ildə Türkiyə Ondokuz Mayıs Universiteti Tibbi Biologiya/Genetika kafedrasına Magistr pilləsi üzrə qəbul olunmuş və 2015-ci ildə İnsan Genetikası ixtisası üzrə magistratura təhsilini uğurla başa vurmuşdur. O, hal-hazırda GEİ-nin Biotexnologiya şöbəsində sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş xəstələrdə E kaderin və p14 genlərinin  metilasiya analizi üzrə tədqiqat işi aparır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.