Fotos
AMEA Rəyasət Heyətinin Şamaxıdakı səyyar iclasında mühüm qərarlar qəbul olunub
İyn 30 , 2016 | 10:56 / Mühüm hadisələr
Oxunma ( 3453 )

İyunun 29-da Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin səyyar iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin növbəti iclasının Şamaxıda keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. AMEA rəhbəri Şamaxının tarixən Azərbaycanın ən böyük elm ocaqlarından biri olduğunu, hazırda da respublikamızın elmi potensialının mühüm bir hissəsinin bu şəhərdə cəmləşdiyini vurğulayıb.
Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmin perspektiv inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
60 illik fəaliyyəti dövründə rəsədxananın astrofizika elminin müxtəlif istiqamətlərində əldə etdiyi nailiyyətlərdən danışan alim bu illər ərzində Azərbaycanda astronomlar nəslinin yetişdiyini, astrofizika elmi məktəbinin formalaşdığını bildirib. Qeyd edib ki, hazırda alimlərimizin əsas məqsədi respublikada astrofizika elmini inkişaf etdirərək dünyada ön sıralara çıxarmaqdır.
N.Cəlilov astrofizika və bu elmə yaxın sahələrdə xarici ölkələrdə çalışan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, birgə elmi-tədqiqat qruplarının yaradılması, kosmik müşahidələr aparan elmi mərkəzlərlə birgə sinxron yerüstü və kosmik müşahidələrin yerinə yetirilməsi kimi təkliflər də səsləndirib: “Bunun üçün ilk növbədə Azərbaycanda çalışan astrofiziklərin mobilizasiyasına başlamaq və respublikada olan astronomik cihazların modernləşdirilməsi prosesini yekunlaşdırmaq lazımdır”.
Məruzəçi ŞAR-da nəzəri və eksperiment yolu ilə əldə edilmiş mühüm elmi nailiyyətlər haqqında da məlumat verib. Bildirib ki, bu nəticələr nəzəri astrofizika və kosmologiyanın aktual problemləri, ulduz təkamülünün müxtəlif mərhələlərinin xüsusiyyətləri, Günəş və Günəş-Yer əlaqələri fizikasının aktual problemləri, o cümlədən Yer və süni peyklərin təhlükəsizliyi problemləri sahələrində əldə olunub.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb.
Daha sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə təsis etdikləri bu təşkilatın uğurlu fəaliyyətindən danışıb. Akademik bildirib ki, son illər Milli Komitənin bəzi üzvləri müxtəlif səbəblərdən öz fəaliyyətlərini dayandırdığı üçün onun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq Milli Komitənin yeni tərkibinin təsdiq olunaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təqdim edilməsinə dair qərar qəbul edib.
İclasda AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılması məsələsinə də baxılıb. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, ölkəmizdə müasir tipli muzeylər XIX əsrin axırlarında yaranmağa başlayıb. Muzeylərin maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu deyən akademik bu qurumların Azərbaycan tarixinin, ədəbiyyatının, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib.
İ.Quliyev hazırda Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu vurğulayıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq AMEA Rəyasət Heyəti Elm Tarixi Muzeyinin yaradılması haqqında qərar qəbul edib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi haqqında olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri də elmin informasiya təminatının gücləndirilməsidir. Bu baxımdan hər bir institutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edən alim elmin müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət, elmi-texniki tərəqqi, müasir elmi tədqiqatların nəticələri barədə ictimaiyyətin geniş məlumatlandırılmasının başlıca hədəflərdən olduğunu bildirib.
Məsələ müzakirə olunduqdan sonra Rəyasət Heyəti AMEA-nın elmi müəssisə və təşkilatlarında İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması barədə qərar qəbul edib.
Tədbirdə AMEA-da xüsusi işlər üzrə MMC-nin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının “Məruzələr” jurnalının humanitar elmlər və ictimai elmlər seriyalarının ingilis dilində təsis edilməsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Xalçaşünaslıq sektorunun yaradılması, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının “Thomson Reuters” agentliyinin “Emerging Sources Citation Index” (ESCI) siyahısına daxil edilməsi, həmçinin Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Şaiq Nəbiyevin ABŞ-ın Astronomiya İnstitutuna (Havay adaları), Coğrafiya İnstitutunun əməkdaşı Elşən Abdullayevin isə Muğla Sıtkı Koçman və Orta Doğu Teknik universitetlərinə ezam olunmaları haqqında qərarlar qəbul edilib.
İclasda Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutlarında Təhsil şöbələrinin yaradılması, həmçinin akademik Aslan Aslanovun 90, AMEA-nın müxbir üzvləri Rafiq Qasımovun 85 və Vəli Əliyevin 80, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Ramiz Babayevin isə 80 illik yubileylərinin qeyd olunması qərara alınıb.
Daha sonra bir sıra kadr məsələlərinə baxılıb. AMEA-da keçirilmiş direktor seçkilərinin nəticələrinə uyğun olaraq akademik İbrahim Quliyev Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutunun, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunun, tarix üzrə elmlər doktoru Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun direktoru vəzifələrinə təsdiq ediliblər.
Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Zeynəb Həcəmova isə Rəyasət Heyəti aparatı Katibliyinin rəisi vəzifəsinə təsdiq olunublar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.