Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasında bakalavr və magistrantlarla iş üzrə yeni sektor yaradıldı
Sen 23 , 2016 | 05:00 /
Oxunma ( 6010 )

 

“Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bütün elmi və ictimai fəaliyyətinə cəlb olunacaq”. Bu fikirləri 29.09.2016-cı il tarixdə Akademiyanın I və II kurs magistrantları ilə görüşdə Şuranın sədri, dosent Famin Salmanov vurğuladı. Onun sözlərinə görə, Akademiyanın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə yaradılan magistratura pilləsi elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində həlledici addımdır.

F.Salmanov qeyd etdi ki, AMEA tarixində ilk dəfə ötən ildən başlanılan bu təcrübə artıq özünü doğrultmuşdur: “Bunun məntiqi nəticəsidir ki,  ali təhsilin bu pilləsinə 2015/2016-cı tədris ili üçün 7 ixtisas üzrə 19 nəfər daxil olmuşdusa, 2016/2017-ci tədris ili üçün isə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il magistr qəbulu zamanı ən yüksək rəqabət məhz AMEA ixtisasları üzrə yaranıb. Əminik ki, növbəti ildə bu təhsil Akademiyanın bütün ixtisaslarını tam əhatə edəcək”.

Magistratura təhsilini elmin astanası kimi də xarakterizə edən Şura sədri fikirlərinə əlavə etdi ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası təsis olduğu ilk vaxtlardan elmi və ictimai fəaliyyətinin bütün sferalarında magistrantların iştirakına önəm verib. Belə ki, Şuranın reallaşdırdığı elmin təbliği layihəsi çərçivəsində paytaxt və regionlarda yerləşən ali təhsil müəssislərində bakalavr və magistrantlarla mütəmadi marifləndirici elmi seminarlar keçirilmiş, elmin müasir, aktual problemlərinə həsr olunan müzakirələr təşkil olunmuş, bu fakt tələbələrin AMEA-ya marağının artmasında mühüm rol oynamışdır.

F.Salmanov rəhbərlik etdiyi qurumun struktur bölmələri üzrə fəaliyyəti, indiyə qədər həyata keçirdiyi ənənəvi və qeyri-ənənəvi layihələr haqqında ətraflı məlumat verərək, onu da bildirdi ki, bundan sonra Şuranın tərkibində bakalavr və magistr tələbələrin fəaliyyətinin koordinasiya edilməsi üçün yeni bir sturuktura zərurət yaranıb.

AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov Akademiya rəhbərliyinin magistrantlara yüksək diqqət və qayğı göstərdiyini söylədi. Onun sözlərinə görə Akademiya həyatı magistrlərə təhsillə yanaşı və yüksək səviyəli alimlərimizin təcrübəsini qazanmaqla indidən alim kimi yetişmək imkanı yaradıb. O, bu görüşün onların elmi və ictimai fəaliyyəti üçün əlavə stimul yaratdığını vurğuladı.

Sonra rəy və təkliflərini bildirmək üçün söz magistrantlara verildi.

AMEA İdarəetmə İnstitutunun  I kurs magistrantı Lamiyə Nəcəfova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun I kurs magistrantı Gülnar Abdullayeva, İnformasiya Texnologiyalar İnstitutunun I         kurs magistrantı Şəlalə Mansurova, Fizika İnstitutunun II kurs magistrantı Ləman Daşdəmirova və digərləri çıxış edərək universitetlərdən fərqli olaraq Akademiya magistr hazırlığının böyük bir məktəb olduğunu, onlar üçün hər çür şərait yaradıldığını diqqətə çatdırdılar.

Sonra magistrlərin səsverməsi ilə AMEA Fizika İnstitutunun II kurs magistrantı Sevil Məhərrəmova AMEA Gənc Alim və Mütəxəssislər Şurasında yaradılan Bakalavr və magistrlərlə iş üzrə sektorun rəhbər, AMEA Geologiya və Geofizika İnstitutunun II kurs magistri Səfiyə Əliyeva və AMEA İdarəetmə Sistemləri İnstitutunun I kurs magistrantı Lamiyə Nəcəfova müavinləri seçildilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.