AMEA-nın bəzi institutlarında yeni kadr təyinatları oldu
Okt 20 , 2016 | 04:19 / Mühüm hadisələr
Oxunma ( 2973 )

Oktyabrın 19-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.  İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın müxbir üzvü Fəridə Məmmədovaya 80 illik, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıya 60 illik  yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Tədbirdə Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyevin “AMEA-nın Kimya Elmləri Bölməsinin institutlarında aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində bildirib ki, Kimya Elmləri Bölməsinin institutları 2003-2015-ci illərdə kimya elminin neft kimyası, qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və kimya texnologiyasının nəzəri problemləri, yüksək molekullu birləşmələr və üzvi kimya sahələri üzrə  bir çox elmi və tətbiqi əhəmiyyətli nəticələr əldə ediblər. Qeyd edib ki, son beş ildə kimya institutları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, SOCAR və beynəlxalq qurumların qrant müsabiqələrinin qalibi olublar. Bundan başqa, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin və onlara edilən istinadların sayı da ildən-ilə artmaqdadır.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qəbul edilmiş qərarla bölməyə daxil olan institutların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qərarda məruzədə qeyd edilən perspektiv istiqamətlər üzrə tədqiqatların və alınacaq yeni nəticələrin  müzakirəsini mütəmadi olaraq təşkil etmək, institutların elmi fəaliyyətinin səmərəliyini yüksəltmək üçün onların koordinasiyasını və elmi tədqiqatların  inteqrasiyasını təmin etmək və digər müddəalar yer alır.

Müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın magistraturasına 2017/2018-ci  tədris ili üçün qəbul planı haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu deyib. Qəbulun nəticələri ilə bağlı məlumat verən AMEA rəhbəri magistraturaya qəbulun uğurla keçdiyini və AMEA-nın magistraturasına marağın olduqca böyük olduğunu qeyd edib. Bildirib ki, bunu nəzərə alaraq, AMEA-nın elmi bölmə və müəssisələrinin təklifləri əsasında Akademiyanın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul planının layihəsi hazırlanıb.

Rəyasət Heyətinin iclasında planın layihəsi müzakirə olunaraq təsdiq edilib. Elm və Təhsil İdarəsinə planın İqtisadiyyat Nazirliyində də təsdiq olunması üçün bu quruma təqdim edilməsi tapşırılıb.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Xarici ezamiyyətlərin nəticələri  haqqında qısa məlumat verib.

Daha sonra AMEA-nın elmi müəssisələrində 2016-cı ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı məsələ müzakirə edilib. Bununla bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev institutların elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlarının təlimata uyğun hazırlanmasına dair tövsiyələrini verib.  İclasda Akademiyanın elmi müəssisələrində, habelə digər dövlət qurumlarının tabeliyində olan elmi müəssisələrdə və ali məktəblərdə 2016-cı ildə aparılan elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların vaxtında müzakirə olunub təsdiq edilməsini təmin etmək məqsədilə qərar qəbul edilib.

Tədbirdə akademik Rasim Əliquliyev Gürcüstan Respublikasına ezamiyyətinin nəticəsi haqqında  məlumat verib. Tibilisidə keçirilən “Şərq Tərəfdaşlığı ölkələrinin birinci elektron infrastruktur konfransı”nda  (EaPEC 2016) məruzə ilə çıxış etdiyini deyən akademik qeyd edib ki, “EaPEC 2016” Şərq Tərəfdaşlığı regionu və Avropa İttifaqına üzv ölkələr arasında elektron infrastrukturların inkişafına dəstək verilməsini nəzərdə tutan çoxtərəfli əməkdaşlıq platformasıdır.

Rəyasət Heyətinin digər qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavinləri və Büro üzvlüyünə seçkilərin nəticələri təsdiq olunub.

Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında da Rəyasət Heyəti qərar qəbul edib. İnstitutun Analitik informasiya və nəşriy­yat şöbəsi ləğv edilərək, onun əvəzinə, Təhsil şöbəsi və İqtisadiy­yatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsi yaradılıb.

Gündəlikdə əksini tapan növbəti məsələ görkəmli filosof alim, fəlsəfə üzrə elmlər doktoru,  AMEA-nın müxbir üzvü Zakir Məmmədovun 80 illik yubileyi haqqında olub. Alimin Azərbaycan fəlsəfə elminin inkişa­fın­dakı xid­mət­lə­rini nəzərə alaraq, yubileyi ilə əlaqədar Rəyasət Heyəti AMEA-nın Fəlsəfə İnstitutunda “Müstəqil Azərbaycanın 25 illiyi və elmi-fəlsəfi irsimiz” mövzusunda kon­fransın keçirilməsi barədə qərar qəbul edib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik İradə Hüseynova ictimai əsaslarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri,  aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.