Elmin İnkişafı Fondu 2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsi qaliblərinin adlarını açıqlayıb
Okt 27 , 2016 | 11:23 / Mühüm hadisələr
Oxunma ( 3051 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.

AMEA, təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələrinin böyük maliyə həcmli qrantlar (500 min manatadək) yolu ilə maliyələşdirilməsində əsas məqsəd elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların fəaliyyətini stimullaşdırması, müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq multidissiplinar araşdırmaların) dəstəklənməsidir. Eyni zamanda, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaradılması, müasir elmi-tədqiqat qrupları, laboratoriyaları, mərkəzlərinin yaradılması və ya təkmilləşdirilməsidir. Layihələrdə maliyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.

Müsabiqənin əsas prioritetləri Yüksək enerjilər fizikası; Müxtəlif sistemlər üçün kvant hesablamaları; Müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar; Kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması; İnformasiya təhlükəsizliyinin təmin olunması; Alternativ enerji mənbələri; Molekulyar-genetik tədqiqatlar; Kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi; Kök-hüceyrə tədqiqatları, herantologiyadır. Həmçinin Hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi; Kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar; İzotop geologiyası və geoxronologiya; Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik; Yeni müstəqillik tarixi; Multikulturalizm və dini dəyərlər; Azərbaycan dilinin lüğət tərkibinin inkişafı; Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi; Azərbaycan mühacirət ədəbiyyatı; İqtisadi inkişaf modelləri də prioritetlərdəndir.

2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinə daxil olmuş 133 layihə sırasından ümumi maliyələşdirilmə həcmi 9.870.000 manat olmaqla, 56 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub. Kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin maliyələşdirilməsi Elmin İnkişafı Fondunun büdcə vəsaitindən asılı olaraq 2016-2018-ci illərdə həyata keçiriləcək.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 16, kimya elmləri üzrə 10, Yer haqqında elmlər üzrə 7, biologiya, tibb və aqrar elmləri üzrə 11 və humanitar və ictimai elmlər üzrə 12 layihə qalib olub. Layihələrin icra müddəti 12 aydan 36 ayadəkdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək.

Elmin İnkişafı Fondu gələcəkdə də kompleks elmi-tədqiqat proqramları üzrə böyük maliyə həcmli və uzunmüddətli qrant layihələrini dəstəkləyəcək.

Müsabiqənin nəticələri ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.