Aşqarlar Kimyası İnstitutunun alimlərinin elmi tədqiqatları əsasında işlənmiş mühərrik yağları təkrar emal ediləcək
Sen 26 , 2017 | 11:35 /
Oxunma ( 2659 )

AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin elmi tədqiqatları əsasında işlənmiş mühərrik yağları təkrar emal ediləcək. Bu yağlar iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə olunacaq. 

Prezident İlham Əliyevin  Balaxanı Sənaye Parkında fəaliyyəti ilə tanış olduğu rezidentlərdən biri də  “Ekokat" MMC-dir ki, bu müəssisə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərəcək. Yeni yaradılan müəssisədə işlənmiş mühərrik yağlarının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağların iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcəyi bildirilib.

Ölkəmizdə avtomobil və digər texnika parkının ildən-ilə sürətlə genişləndirilməsi və bununla da  istifadə olunan sürtkü yağlarının kənara atılması ətraf mühiti çirkləndirməklə ekoloji gərginlik yaradır. Ona görə də müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri həmin zərərin minimuma endirilməsidir. Bu nöqteyi-nəzərdən ekoloji gərginliyi mümkün qədər azaltmaq üçün həm sürtkü yağlarının keyfiyyətini xüsusi əlavələrlə - aşqarlarla yaxşılaşdıraraq onların işləmə müddətini artırmaq, həm də işlənmiş yağları bərpa edib yenidən istifadə etmək lazımdır. Bu məqsədlə hələ bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılmışdı. İnstitutda işlənmiş yağların təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu - texnoloji proses işlənib. Alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılıb və  müəyyən edilib ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər.

Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. İndiyədək belə yağlar ya emal edilmədən satılır və ya hara gəldi, o cümlədən kanalizasiyaya axıdılır. Bu da ki, mühərrikə mənfi təsirini göstərməklə yanaşı, ekoloji vəziyyəti də gərginləşdirir. Sovet İttifaqı dövründə isə işlənmiş mühərrik yağları yenidən emal olunsa da, belə yağlardan ancaq emal sənayesində istifadə etmək mümkün idi.  

Lakin yeni istehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə oluna bilər. Bundan başqa, ölkəmizdə ildən-ilə sürətlə artan avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı bu yağlara olan tələbatın az da olsa yerli imkanlar hesabına ödənilməsinə imkan verəcək. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Lakin gələcəkdə bu həcmin artacağı da mümkündür. İşlənmiş yağın 88 faizinin təkrar istifadəyə yararlı hala salınması bu məhsulun maya dəyərinə də təsir edəcək.

Hazır məhsulun maya dəyərinə təsir edəcək amillərdən bəhs edərkən buraya Balaxanı Sənaye Parkının rezidentlərinə, digər sənaye parklarının rezidentləri kimi dövlət tərəfindən bir sıra güzəştlər edilməsini də aid etmək olar. Belə ki, rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan azad edilir. Bundan başqa, Balaxanı Sənaye Parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Eyni zamanda, Sənaye Parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması, logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.