Fotos
AMEA-nın təşkilatçılığı ilə məktəblilər arasında Azərbaycan dili üzrə Olimpiada keçirilib
Fev 20 , 2026 | 09:30 /
Oxunma ( 20 )

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə Bakı şəhəri 132–134 nömrəli Təhsil Kompleksində bu məktəbin 9-10-cu sinif şagirdləri üçün Azərbaycan dili fənni üzrə olimpiada keçirilib.

21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən olimpiadanın əsas məqsədi gənclərdə ana dilinə sevgi və hörmət hissini gücləndirmək, Azərbaycan dilinin zənginliyini və ifadə imkanlarını təbliğ etmək, məktəblilərin dil bacarıqlarını inkişaf etdirmək, eyni zamanda milli-mədəni dəyərlərə bağlılığı möhkəmləndirmək olub.

Olimpiada ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında və 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi ana dilinin saflığının qorunmasının gənclər qarşısında mühüm vəzifə kimi qoyulması rəhbər tutularaq təşkil edilib. Bu ideya tədbirin məzmununda və maarifləndirici istiqamətində əsas xətt kimi ön plana çəkilib.

“Gəlin dilimizin gücünü birlikdə nümayiş etdirək. Çünki Azərbaycan dili bizim qürurumuzdur” şüarı ilə keçirilən olimpiadada Azərbaycan bölməsi ilə yanaşı, rus və ingilis bölmələrində təhsil alan şagirdlər də iştirak edərək ana dilində düşünmək və fikirlərini ifadə etmək bacarıqlarını nümayiş etdiriblər.

İştirakçılar Azərbaycan dilinin qrammatikası, leksikası, üslubiyyatı, orfoqrafiya və nitq mədəniyyəti üzrə biliklərini sınamaqla yanaşı, “Dilim varsa, mən də varam”, “Qarabağ zəfəri: tarixi ədalətin və milli iradənin təntənəsi”, “Kitab: rəqəmsal əsrdə yaddaşın xilaskarı”, “Süni intellekt və dilin gələcəyi: rəqəmsal dövrdə ana dili” mövzularında esse yazaraq analitik təfəkkür, dil duyumu və yaradıcı düşünmə bacarıqlarını nümayiş etdiriblər. Esse mərhələsi şagirdlərin həm milli kimlik, həm də müasir çağırışlar kontekstində ana dilinə münasibətini ortaya qoymağa imkan verib.

AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev ana dilimizin qorunması, inkişafı və təbliği istiqamətində maarifləndirici və intellektual layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Olimpiadanın sonunda qaliblər müəyyən edilərək diplom və hədiyyələrlə təltif olunacaqlar.

Science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.