Fotos
AMEA Gənc alim və mütəxəssislər şurası AMEA Genetik Ehtiyatlar İnstitutunda olub
Mart 17 , 2014 | 12:12 / Mühüm hadisələr
Oxunma ( 4854 )

14 mart 2014-cü il tarixdə AMEA Genetik Ehtiyatlar İnstitutunda AMEA Gənc alim və mütəxəssislər şurası tərəfindən (GAMŞ) institutun gənc alimləri ilə görüş keçirilib. Görüş institutda çalışan gənc alim və mütəxəssislərin fəaliyyəti, onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparmaq məqsədini daşıyırdı.

İnstitutun direktoru, aqrar elmləri üzrə elmlər doktoru Zeynal Əkpərov institutda gənc kadrların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Mariya Skladovskaya-Küri və Erasmus Mundus proqramları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, institutun gənc alimləri hər il ICARDA, CIMMIT, FAO kimi nüfuzlu beynəlxalq təşkilatların dəstəyi ilə Türkiyə, İngiltərə, Avstraliya, Fransa, Meksika, ABŞ, Tacikistan, Özbəkistan və digər ölkələrdə təşkil olunmuş müxtəlif təlim kurslarında iştirak edir, yeni metod və texnologiyalara yiyələnirlər.

İnstitutun gənc alim və mütəxəsislər şurasının sədri Məhəmməd Eldarov“Azərbaycan gəncliyi 2009-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsinə xüsusi diqqət ayrıldığını bildirib. Qeyd edib ki, elm sahəsində çalışan gənclərin yerli və xarici layihələrdə iştirakına, elmi tədqiqat işlərinin dünya standartlarına uyğun yerinə yetirilməsinə, onların elmi konfrans, seminar və simpoziumlarda iştirakına rəhbərlik tərəfindən davamlı olaraq dəstək verilmiş, gənclərin elmə cəlb olunması və elmə marağın artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda institutda 93 gənc alim və mütəxəsissin fəaliyyət göstərdiyini diqqətə çatdıran M.Eldarov onların elmi-təşkilati işlərdə, yerli və beynəlxalq layihələrdə fəal iştirak edərək yüksək nəticələr əldə etdiyini söyləyib.

AMEA GAMŞ-nin sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov müasir dövrün aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin ölkədə uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd edib və gəncləri maraqlandıran sualları cavablandırıb.

Sonda qonaqlar institutun Genbankı ilə tanış olublar.

 science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.