Fotos
BTQ Azərbaycanın artan iqtisadi gücünün təntənəsidir
Noy 04 , 2017 | 11:51 / Müsahibələr, çıxışlar
Oxunma ( 2689 )

Oktyabr ayı ölkəmizin həm siyasi, həm də iqtisadi həyatında mühüm bir hadisə –Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin açılışı ilə yadda qaldı.  Bununla bağlı AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, mexanika üzrə fəlsəfə doktoru  Emin Bağırov redaksiyamıza fikirlərini bildirib:

– 2007-ci ilin noyabrın 21-də Gürcüstanın Marabda kəndində təməli qoyulan dəmir yolu xəttinin istifadəyə veriləcəyinə inanlar az idi. Lakin  cənab Prezidentimizin qeyd etdiyi kimi, “Bakı-Tbilisi-Qars artıq layihə deyil, bir gerçəklikdir”. Bu nəhəng layihə Azərbaycan üçün gələcəyin uğurlu üfüqlərinin görünməsindən xəbər verir.

 Təbii ki, bu layihə təkcə Azərbaycan üçün deyil,  regionun siyasi və iqtisadi həyatı üçün böyük əhəmiyyətə malikdir. Siyasi baxımdan təhlil etsək, bədnam qonşumuz işğalçı Ermənistanın bu layihədən kənarda qalması, eləcə də bütün xarici təsirlərə baxmayaraq, tərəfdaş, qardaş və dost ölkələrin liderlərinin, xüsusən dövlət başçımız cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti belə meqalayihənin məntiqi sonluqla başa çatmasında həlledici rol oynadı. Dünyada baş verən iqtisadi böhran fonunda qeyd olunan layihənin reallaşdırılması Azərbaycanın artan dinamika üzrə iqtisadi gücünün təntənəsi idi.

BTQ yeni siyasi mərhələdə iki qardaş dövlətin, o cümlədən dost Gürcüstanın Azərbaycanla mövcud hərtərəfli əlaqələrinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində etibarlı gələcək, təminat vəd edən böyük hadisədir. Asiyadan Avropaya uzanan qədim İpək Yolunun mühüm bir hissəsi olan bu dəmir yolu xətti, həm də Azərbaycanın  qlobal iqtisadi zona kimi əhəmiyyətinin göstəricisidir. 

Hazırda uzunluğu 846 kilometr olan dəmir yolunun gələcəkdə Türkiyə ərazisindəki hissəsinin Naxçıvan Muxtar Respublikasına qədər uzadılması işğalçı Ermənistanın yaratdığı blokadanın aradan qaldırılması baxımından da Azərbaycan üçün xüsusi önəm daşıyır.

BTQ dəmir yolu sərnişindaşımada turizmin inkişafı üçün də yeni perspektivlər  vəd edir. Bu marşrutdan istifadə edəcək turistlər az xərc çəkməklə turizm sahəsində tanınmış ölkələr sırasında olan Türkiyə, Gürcüstan və eləcə də bu sektorda inkişafı hədəfləyən Azərbaycanı gəzmək imkanlarını əldə edəcəklər.

Ümumilikdə, BTQ dəmir yolunun açılması ölkəmizin siyasi, iqtisadi, turizm və nəqliyyat həyatında inqilabi bir hadisədir. Haqlı olaraq ölkə ictimaiyyəti bu fövqəladə hadisənin sevincini yaşayır.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.