AMEA-nın adlı mükafatlarına və "Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülmüş alimlərin adları açıqlanıb
Apr 05 , 2018 | 11:01 / Elmi müsabiqələr
Oxunma ( 2417 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına və "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülmüş alimlərin adları məlum olub.Akademiyadan verilən məlumata görə, müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, üzvi sintez reaksiyalarında və molekulların dizaynında qeyri-kovalent rabitələrin və "spider effect" rolu sahəsində apardığı fundamental tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.
Qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.
Eyni zamanda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri açıqlanıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu və Qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim edildiyini bildirib.
Müsabiqənin nəticələrinə görə neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüblər.
Rəyasət Heyəti adları çəkilən alimlərin medalla təltif olunması və hər birinə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.