Fotos
Sumqayıtda “Azərbaycanda gənclər və elm siyasəti: ənənəviliyin və müasirliyin harmoniyası” mövzusunda elmi-praktik konfrans keçirilib
May 07 , 2018 | 03:34 / Mühüm hadisələr
Oxunma ( 2416 )

07 may 2018-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib. “Azərbaycanda gənclər və elm siyasəti: ənənəviliyin və müasirliyin harmoniyası” mövzusunda bir araya gələn gənc mütəxəsisslər Heydər Əliyevin abidəsini ziyarətetdikdən sonra şəhərdəki görkəmli şəxsiyyətin adını daşıyan mərkəzlə yaxından tanış olublar.

Elə həmin Mərkəzin böyük akt zalında  bu möhtəbər elmi tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməklə öz işinə başlayıb.

Giriş nitqi söyləyən Sumqayıt Şəhər İcra Hakimyyətinin başçısının müavini Teymur Səmədov Bakıdan gələn qonaqları salamlayaraq dahi şəxsiyyətin anadan olmasının 95 illik yubileyinə həsr olunan belə bir tədbirin Sumqayıtda keçirilməsinin əlamətdar olduğunu söylədi və tədbirin təşkilatçılarına təşəkkür etdi. Onun sözlərinə görə, məhz ümummilli liderin ölkəyə rəhbər etdiyi illərdə sürətlə və uğurla inkişaf edən şəhərlərdən biri də Sumqayıt idı: "Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir".

O bildirib ki, Sumqayıtın sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub: "Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir".

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında tarixi keçmişimizə nəzər salaraq qeyd etdi ki, AMEA-nın fəaliyyətinin çox hissəsi, daha doğrusu Akademiyanın çiçəklənmə dövrü ümummilli lider, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlə üst-üstə düşür. Onun sözlərinə görə, Azərbaycanda hüquqi dövlətin şanlı tarixini yaradan Heydər Əliyev 70-ci ildən başlayaraq Akademiyaya xüsusi diqqət göstərməklə, Azərbaycan elminə  dünya şöhrəti qazandırdı.

Şura sədrinin fikrincə keçmişdə ölkə sərhədlərini çətinliklə aşa bilən Azərbaycan alimlərinin üzünə,məhz Heydər Əliyevin hakimiyyət illərində keçmiş İttifaqın bütün nüfuzlu təhsil və elmi-tədqiqat mərkəzlərinin qapıları açıldı: "Təbii ki, bundan ən çox bəhrə görən AMEA oldu. Heydər Əliyevin siyasi uzaqgörənliyi və mükəmməl milli elmi strategiyası sayəsində alimlərimiz, o dövrdə böyük bir coğrafi məkanda ölkə elmini layiqincə təmsil edirdilər.Belə prinsiplər üzərində qurulmuş inkişaf sayəsində, Azərbaycanda milli təfəkkürə malik ziyalı ordusu yetişdi və bu ziyalı ordusu, sonda Azərbaycanın müstəqilliyə qovuşmasına öz töhfəsini verdi".

F.Salmanov  səsləndirdiyi fikirlərə konkret sitatlarla aydınlıq gətirərək vurğuladı ki, "Sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir" - deyən böyük rəhbər, hələ ö dövrlərdə Azərbaycanın müasir və müstəqil bir dövlətə çevrilməsi üçün elmi konsepsiyanın hazırlanmasına və uğurla həyata keçirməsinə nail ola bilmişdir.

Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını da məhz ümummilli lider Heydər Əliyevlə bağlayan AMEA rəsmisi diqqətə çatdırdı ki, 1995-ci ildən bu yana Azərbaycan gənclərinin respublika forumununkeçirilməsi artıq ənənə halını almışdır: "Ulu öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada Beynəlxaql gənclər günü elan edilməmiş, ilk dəfə olaraq Azərbaycanda, 1996-cı ildə “2 fevral - ümumrespublika Gənclər günü” təsis edildi və belə mühüm Sərəncamın imzalanması ulu öndərimizin gəncliyə verdiyi böyük önəmin və dəyərin təzahürü idi", -deyə F.Salmanov fikirlərinə əlavə etdi.

Sonra Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fələsəfə doktoru Günay Şükürova "Heydər Əliyev və Azərbaycanda  təhsilin milliləşdirmə strategiyası", Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitutsiya hüququ” şöbəsinin rəhbəri, hüquq elmlər doktoru Ayxan Rüstəmzadə "Heydər Əliyev və hüquqi islahatlar", AMEA Qafqazşünaslıq İnstitutunun doktorantı Yeganə Baxşıyeva "Heydər Əliyev və Qafqazda sülh prosesi" və AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzularında məruzə ediblər.

Geniş müzakirələrdən sonra bir günlük elmi-praktik konfrans yekunlaşıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.