ADPU-nin professoru Rusiya Təbiət Elmlər Akademiyasının müxbir üzvü seçilib
Avg 08 , 2018 | 12:01 /
Oxunma ( 2355 )

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Əbülfət Qulam oğlu Pələngov Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin yekdil qərarı ilə bu Akademiyanın “Pedaqoji elmlər” bölməsinə müxbir üzv seçilmişdir. Rəyasət Heyətinin prof. Ə.Pələngova ünvanlandığı məktubda qeyd edilir ki, onun pedaqoji elmlər sahəsində apardığı fundamental tədqiqatlar, eləcədə beynəlxalq konfrans və simpoziumlarda fəal iştirakı ilə elmə verdiyi töhvələr nəzərə alınaraq belə bir qərar çıxarılmışdır.

Üzvlük diploma və döş nişanının təqdim edilməsi üçün Ə.Pələngov 9-12 oktyabr 2018-ci il tarixlərdə Soçi şəhərində keçiriləcək konfransa dəvət olunub.

 Məlumat üçün qeyd edək ki, Ə.Pələngov Azərbaycan respublikasının Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1990-cı ildən çalışır. 1993-1996 illərdə ADPU-nun dissertantı olmuş “Ölçmə xarakterli praktik və laborator işləri şagirdlərin həndəsi biliklərini formalaşdıran vasitə kimi” adlı namizədlik dissertasiyasını tamamlamış ADPU-nun nəzdindəki 13.00.02 ixtisas şurasında (Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə) müdafiə etmişdir.

 1996-cı ildən ADPU-nun “Hesablama riyaziyyatı və informatika” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim, dosent, daha sonra 2001-2007-ci illərdə “Riyaziyyat” fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləmişdir.

2010-cu ildə “Orta məktəb həndəsə kursu təlimində müasir metodların kompüter texnikası ilə əlaqəli tətbiqinin reallaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını ADPU-nun nəzdində yaradılmış birdəfəlik dissertasiya şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.

2014-cü ilin mart ayının 7-si tarixli ADPU-nun elmi şurasının qərarı ilə “Hesablama riyaziyyatı və informatika” kafedrasında professor vəzifəsinə seçilmişdir, həmin ildə Azərbaycan respublikası Prezidenti yanında AAK-nın qərarı ilə professor diplomu verilmişdir.

Riyaziyyatın kompüter texnologiyası ilə tədrisi sahəsində öyrədici proqramlar tərtib etmiş və bir çox məktəblərdə tədris prosesində istifadəsinə nail olmuşdur.

Çoxlu kitab, dərs vəsaiti və elmi məqalələrin müəllifidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.