Fotos
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənc alim və tələbələrin respublika konfransı keçirildi
Okt 31 , 2018 | 03:51 / Mühüm hadisələr
Oxunma ( 2244 )

Oktyabrın 31-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib.

Konfrans akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda görkəmli akademikin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan konfransda Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov dünya şöhrətli alim Cəlal Əliyevin yubileyinə həsr olunan konfransın akademikin elmi irsinin öyrənilməsi baxımından gənc alim və tələbələr üçün əhəmiyyətini qeyd edib. Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini deyən Z.Əkpərov tələbələrinə xüsusi diqqət və qayğı ilə yanaşan görkəmli alimin elmə həvəs və maraq göstərən gənclərə hər zaman dəstək olduğunu qeyd edib.

Sonra AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik İradə Hüseynova dünya şöhrətli alim, akademik Cəlal Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan biologiya elminin inkişafında müstəsna xidmətlərindən söz açıb. Ölkəmizdə hər zaman dövlət tərəfindən elmi ictimaiyyətin nümayəndələrinə xüsusi diqqət və qayğı göstərildiyini deyən İ.Hüseynova Prezident İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 22 may tarixli Sərəncamını xatırladıb, tədbirin bu mühüm sənədə əsasən keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının əsası keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulub və əsaslı şəkildə inkişaf etdirilib. Bütün tədqiqatlarını multidistiplinar istiqamətlərdə aparan alim riyaziyyatın biologiya elminə tətbiqinə böyük diqqət göstərib. Hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu istiqamətdə üç laboratoriya fəaliyyət göstərir.

İ.Hüseynova görkəmli alimin ölkənin müxtəlif ali təhsil müəssisələrində kimya, biologiya, fizika, aqronomluq, riyaziyyat və digər ixtisaslar üzrə təhsil alan tələbələri seçərək onları keçmiş SSRİ-nin ən aparıcı universitetlərinə, mərkəzlərinə yüksəkixtisaslı kadr kimi formalaşmağa göndərdiyini diqqətə çatdırıb. O, C.Əliyevin yaratdığı elmi məktəbin onlarla istedadlı yetirməsinin bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində tədqiqatlar apardığını, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaltdığını vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai dünya şöhrətli alimin kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıblar. Bildirilib ki, alimin elmi fəaliyyətinin müəyyən dövrü Əkinçilik İnstitutu ilə bağlı olub. Akademik fundamental tədqiqatları və elmi araşdırmaları ilə ölkəmizdə biologiya və aqrar elmlərin bir sıra yeni istiqamətlərini müəyyənləşdirib. C.Əliyevin tədqiqatlarının nəticələri respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edib.

Diqqətə çatdırılıb ki, görkəmli alim Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda öz laboratoriyasını yaradıb, onu şöbə səviyyəsinə çatdırıb və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edib.

Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Əkinçilik İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri Tofiq Allahverdiyev və başqaları çıxış edərək akademik Cəlal Əliyevin Azərbaycan biologiya və aqrar elmlərinin inkişafında xidmətlərindən, ictimai- siyasi fəaliyyətindən söz açıblar.

Sonra gənc alim və tələbələrin müxtəlif sahələrdə elmin prioritet istiqamətləri üzrə məruzələri dinlənilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.