Fotos
AMEA-nın gəncləri Milli Qəhrəmanı doğum günündə andılar
Dek 14 , 2018 | 04:20 / Mühüm hadisələr
Oxunma ( 2192 )

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının gənc alim və mütəxəssisləri Azərbaycanın Milli Qəhrəmanı, SSRİ idman ustası, batalyon komandiri Əliyar Yusif oğlu Əliyevin Nərimanov rayonunda şəhidin adını daşıdığı küçədə xatirə lövhəsi qarşısında onu doğum günündə andılar. 

Tədbirə qatılanlar öncə barelyefin önünə AMEA Rəyəasət Heyətinin adına əklil qoydular və tər güllər düzdülər. Sonra anım mərasimində çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qəhrəman Əliyar Əliyevin doğulduğu tarixdən şəhadətə qovuşduğu tarixə qədər keçdiyi şərəfli və gənc nəsillərə nümunə olan həyat yolundan söz açdı. O qeyd etdi ki, torpaqlarımıza erməni təcavüzü başlanan gündən respublikamızda ilk özünümüdafiə batalyonlarından birinin qurucu komandiri olan Əliyar Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərib. 

F.Salmanov Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin ətrafına toplaşanlara Əliyar Əliyevin tək anadan olduğu rayon camaatının deyil, bütün xalqımızın, o cümlədən elmi ictimayyətin, gənc alim və mütəxəssislərin fəxarətlə andığı, daim qəlblərdə uca tutduğu igid bir Vətən övladı olduğunu deyib, qəhrəmancasına şəhadətindən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün şəhid ailələrinə, eləcə də Milli Qəhrəmanımızın ailəsinə xüsusi diqqət və qayğısı sayəsində onun da uca adının yaddaşlarda əbədi olaraq həkk olunduğunu söyləyib.

O, xatirə lövhəsinin yerləşdiyi rayonun ən böyük və abad küçələrindən biri, həmçinin ayrı-ayrı yerlərdə idman klubların, orta məktəblərin Əliyar Əliyevin adını daşıdığını qeyd etdi.

Sonra AMEA Elm tarixi İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, müharibə iştirakçısı Zaur Əliyev Milli Qəhrəman Əliyar Əliyevin şəxsən tanıdığını, yağı düşmənə qarşı onunla bir cəbhədə döyüşməkdən qürur duyduğunu, ondan Vətəni daim göz bəbəyi tək sevməyi əxz etdiyini dilə gətirdi..

Z.Əliyev tarixi faktlara söykənərək vurğuladı ki, ölməz qəhrəmanın bilavasitə iştirakı ilə xaricdə xüsusi hazırlıq keçmiş “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə yüz nəfərdən çox diversiya qrupu mühasirəyə alınaraq məhv edilib, qalanları isə əsir götürülərək Xocalıdan olan onlarla əsir ilə dəyişdirilib.  Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarıblar.

Z.Əliyev bildirdi ki, getdikcə erməni qəsbkarlarının vahiməli yuxusuna çevrilən Ə.Əliyev son döyüşündə də mənfur düşmənə layiqli dərs verib. Laçın şəhərinin azad edilməsi uğrunda üç gün davam edən əməliyyatda 40 könüllü döyüşçüsü ilə partizan müharibəsinə girən komandirin başçılığı altında düşmənin 80-dən çox canlı qüvvəsi və bir neçə texnikası məhv edilib, 30-dan çox postu dağıdılıb, Laçının 40-dək kəndi azad edilib. 

Əliyar Əliyevin qardaşı, Ruzgar Əliyev çıxış edərək Milli Qəhrəmanın xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına təşəkkür etdi.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.