Fotos
AMEA gəncləri 29 Yanvar faciəsinin 29-cu ildönümünü qeyd etdilər
Yan 15 , 2019 | 04:00 / Mühim hadisələr
Oxunma ( 104 )

AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi. AMEA-nın elmi müəssisə və təşkilatlarının GAMŞ sədrləri və şura üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

İclası şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu bildirdi. Onun sözlərinə görə, 20 Yanvar –tariximizdə qanla yazılmış bir qara səhifə olsa da ancaq o, təkcə faciə deyil, həm də Azərbaycanın uzun illər mübarizə apardığı  istiqlal və hürriyət savaşının  zəfəri, milli iradənin və azadlığın təntənəsidir.

Şura sədri vurğuladı ki, Azərbaycan bu qətiyyətli yolda çox şəhid verdi, zülmə düçar oldu, amma sonda, ümdə arzusuna qovuşa bildi: "Əlbəttə, müəyyən mənada güclü siyasi-idealoji və hərbi gücə malik bir imperiyanın ərasəti altından xilas olmaq və özünün sonrakı azadlığını bərqərar etmək heç də həmişə qurbansız və itikisiz başa gəlmir. Neçə ki, Azərbaycan da bu mənada itkidən – faciədən sığortala bilmədi. Nəticədə, xalq həmin tarixi öz yaddaşında əbədiləşdirməli oldu. Artıq xalqımız 29-cu ildir ki, bu faciəni anır, yaddaşını təzələyir".

F.Salmanov diqqətə çatdırdı ki, Azərbaycanda 20 Yanvar  faciəsinin hüquqi mənada tarixə qovuşması, bu tarixin hər il ümumxalq matəm  -  hüzn günü kimi qeyd olunması  Heydər Əliyev hakimiyyətinin ilk işlərindən biri olub: "Məhz  həmin ildə imzalanan Sərəncam Azərbaycanin bundan sonrakı tarixi boyu da, bu şanlı, şərəfli yolda özünü fəda və şəhid etmiş soydaşlarımızın əsil qəhrəmanlar kimi anılması üçün bir hüquqi və mənəvi qərardır".

Onun fikrincə, artıq bu faciə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində anılır. Və illər keçdikcə Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı terrorurun dünya ictimaiyyətinə bərqərar olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı və böyük işlər görür.

Gənclərimizin bu işdə xüsusi fəallıq göstərməsin və təhsil aldıqları  bir sıra ölkələrdə 20 yanvar və Xocalı soyqırımı ilə əlaqədar anım günlərini keçirmələrini məqsədəuyğun sayan GAMŞ sədri hesab edir ki, Azərbaycan gəncliyi və o cümlədən elmi gənclik ölkənin tarixi və mədəni isrsinə  qarşı həssasiyyətini qorumalı və bu yönda tərbiyyələndirilməlidir: "Bununla bağlı, biz də  elmi gənclik olaraq 20 yanvar faciəsinin 29 illiyini anmağı özümüzə mənəvi borc bilirik və düşünürük ki, az da olsa bizə müstəqilliyimizi bəxş edən şəhidlərimizin əziz xatirəsini şad edə bilərik".

F.Salmanov faciə zamanı AMEA-nın Polimer Materialları İnstitutunun üç, Riyaziyyat və Mexanika İnstitutunun isə bir əməkdaşının şəhid olduğunu diqqətə çatdırdı.

Tədbirdə, Tarix İnstitutunun elmi işçisi Lamiyə Soltanovanın "Beynəlxalq arenada 20 Yanvar hadisələrinə baxış", Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin "20 Yanvar hadisələri ərəfəsində Qafqazda ictimai-siyasi proseslər və 20 Yanvar dərsləri" və həmçinin Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənovun "20 Yanvar hadisəsinin bədii ədəbiyyatdakı inikası" mövzusunda məruzələri dinlənildi.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.