Fotos
AMEA Radiasiya Problemləri İnstitutunda uğurlu fəaliyyət göstərən gənclər mükafatlandırılıb
Yan 31 , 2019 | 06:18 / Mühüm hadisələr
Oxunma ( 2303 )

AMEA-nın Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “2 Fevral – Gənclər Günü”nə həsr olunan ənənəvi tədbir təşkil olunub.

İnstitutun rəhbərliyinin, çoxsaylı gənclərinin və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə giriş nitqilə təşkilatın direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən gənclər siyasətinin nailiyyətlərindən, eləcə də ümdə məqsəd və vəzifələrindən danışıb. Direktor qeyd edib ki, rəhbərlik etdiyi İnstitutun gənc alim və mütəxəssisləri akademiyanın elmi-ictimai həyatında çox yaxından iştirak etməklə, hesabat ilində məhsuldar elmi-ictimai fəaliyyətlərilə yadda qalıblar. Fəaliyyətilə fərqlənən gənclərin təşviq edilməsinin əhəmiyyətindən danışan Oktay Səmədov belə tendensiyanın gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək akademiyada, həmçinin təmsil etdiyi İnstitutda gənclərin inkişafı istiqamətində görülən mühüm işlərin bəzi nəticələrini qeyd edib.

İnstitutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva nitqində müəssisədə bərqərar olunmuş gənclər siyasətinin yeni mərhələsindən, həmçinin gənclərin beynəlxalq elmi təsisatlarda fəaliyyətlərindən, çap olunmuş intellektual məhsulların nəticələrindən bəhs edib.   

Tədbirdə, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri - dosent Orxan Abbasov, Nərmin Adıgözəlova, Ulduzə Qurbanova və digərləri çıxış edərək iştirakçıları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

Sonda İnstitutun elmi-ictimai fəaliyyətində fərqlənən bir qrup gənc - Murad Cahangirov, Gunel İmanova, Asif  Nəbiyev  və Haci Vahid Axundzadə diplom və pul mükafatları ilə təltif olunublar.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.