“Elmi-tədqiqat institutlarındakı laboratoriyalar daha da təkmilləşməlidir”
Noy 16 , 2015 | 11:49 / Müsahibələr, çıxışlar
Oxunma ( 3163 )

Vüsalə Xəlilova: “Elmi mərkəzlərdə müasir təcrübələr və ixtisasartırma ezamiyyətlərinə daha çox gənclər cəlb olunmalıdır”

Layihə çərçivəsində müsahibimiz AMEA-nın elmi işçisi Vüsalə Xəlilzadədir.

-Öncə özünüzü təqdim edərdiniz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Vüsalə Cavanşir qızı Xəlilzadə, 1979-cü ilin soyuq payız günündə - 13 noyabrda Azərbaycanın dilbər güşələrindən olan gözəl Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açmışam. İlk təhsilimi Bakı şəhərində 83 saylı məktəb-liseydə, ali təhsilimi isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində almışam. 1997-2001-ci illərdə bakalavr, 2001-2003-cü illərdə isə mikrobiologiya ixtisası üzrə fərqlənmə diplomu ilə magistr pilləsini bitirmişəm. 2004-cü ilin yanvarında AMEA-nın Mikrobiologiya İnstitutunda Su mikrobiologiyası laboratoriyasında böyük laborant vəzifəsinə işə qəbul olunmuşam və həmin ildə M.Ə.Sabir adına Azərbaycan Dovlət Pedaqoji Kollecində pedaqoji fəaliyyətə başlamışam. 2008-ci ilin may ayında Biokimya laboratoriyasında kiçik elmi işçi vəzifəsinə keçmişəm, 2014-cü ilin yanvar ayından hal-hazıra kimi elmi işçi vəzifəsində çalışıram. Elmi fəaliyyətimə 2008-ci ildə dissertant olaraq başladım. Mikrobiologiya ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ksilolotrof göbələklərin hidrolitik fermentlərinin katalitik aktivliyinin bəzi kinetik xüsusiyyətləri” mövzusunda dissertasiya işinə başladım və 29 sentyabr 2014-cü ildə uğurla müdafiə etdim. Bu elmi istiqamətdə 21 elmi əsərim həm yerli, həm də xarici jurnallarda dərc edilmiş və nüfuzlu elmi konfranslarda məruzə etmişəm. Bizim Mikrobiologiya İnstitutumuzun Gənc Alim və Mütəxəssislər Şurasınn sədriyəm. 1 övladım var.
-Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?
- Təhsil aldığım Bakı Dövlət Universiteti Respublikamızın aparıcı təhsil müəssisələrindəndir, nəinki respublikamızda, eyni zamanda xarici ölkələrdə də tanınır. Tədqiqat apardığım AMEA-nın Mikrobiologiya İnstitutu da Akademiyanın aparıcı müəssisələrindən biridir. Bu baxımdan tədqiqat apardığım sahə barəsində də, əslində, çox şeyləri bildirmək olar. Şəxsən bir elmi tədqiqatçı kimi mənim üçün mikrobiologiya sahəsi çox aktual, maraqlı sahədir. Bu baxımdan sözügedən sahədə yeni nailiyyətlərə imza atmağı düşünürəm.
-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
- Bazidili göbələklərdən texniki ferment preparatlarınn alınması istiqamətində respublikamızla yanaşı, MDB ölkələrində, Şərqi Avropa ölkələrində genişmiqyaslı tədqiqatlar aparılmaqdadır. Respublikamızda aparılan tədqiqatların özəlliyi aktiv produsent kimi məhz ksilotrof bazidiomisetlərdən istifadə olunmasıdır. Hansı ki, bu göbələklər respublikamızın meşə ekosistemində geniş miqyasda yayılmışdır. Çünki ksilotrof göbələklərdən ferment preparatlarının alınması iqtisadi cəhətdən sərfəli, ekoloji cəhətdən təmiz hesab olunur. Bu da səmərəli olduğu üçün yararlanılası bir işdir.
-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?
- Təhsil aldığım biologiya ixtisası və hal-hazırda məşğul olduğum mikrobiologiya elmi Azərbaycan Respublikası üçün aktual elmi sahələrdən hesab olunur. Çünki mikrobiologiya biologiya elmləri arasında eksperimental sahə olub, əczaçılıq sahəsində yeni-yeni dərman preparatlarının alınmasında, çirklənmiş su hövzələrinin təmizlənilməsində, çirklənmiş torpaq sahələrinin bərpasında, kosmetik vasitələrin alınmasında və sair məsələlərdə öz töhfələrini verə bilər.
- Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Respublikamızın təhsil müəssisələrində biologiya ixtisası alan tələbələrin elmi-nəzəri hazırlığı ilə yanaşı, onların praktiki hazırlığına diqqətin artırılmasını və AMEA-nın elmi-tədqiqat institutlarının daha müasir avadanlıqlarla təchizatını zəruri sayıram.
-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət planına uyğun olaraq orta və ali məktəblərdə təhsil alan şagird və tələbələrə elmi təbliğ etmək məqsədi ilə şuramızın üzvləri ilə birgə elmi seminarlar, bilik yarışmaları, ekskursiyalar və sair kimi tədbirlərlə məktəblilər və gəncləri biologiya elminə cəlb etməyə çalışırıq. Çünki bu, təhsil alan yeni nəsil üçün olduqca faydalı və lazımlıdır. Məktəblilər biologiya sahəsi və bu sahədə baş verən proseslərdən məlumatlı olmalı, bu sahədə biliklərini dərs vəsaitlərindən əlavə, müxtəlif vasitələr və tədbirlərlə artırmalıdırlar.
Bundan başqa, bir gənc mütəxəssis kimi təklif edərdim ki, gənc alim və mütəxəssislərin elmi və praktiki hazırlığını yüksəltmək məqsədi ilə onların xarici ölkələrdəki tanınmış elmi mərkəzlərdə müasir təcrübələr və ixtisasartırma ezamiyyətlərinə daha çox gənclər cəlb olunsun, xarici dili mükəmməl dərəcədə bilməsi üçün güzəştli kurslar təşkil olunsun. Həmçinin onu da qeyd edərdim ki, elmi-tədqiqat institutlarındakı laboratoriyalar daha da təkmilləşsin, daha müasir avadanlıqlarla, preparatlarla təmin olunsun. Bundan başqa, gənc alimlərin maddi təminatı də bu gün ən aktual məsələlərdən biri hesab olunur. Belə ki, gənc alimlərin aldıqları məvaciblərin bugünkü yaşayış səviyyəsinə uyğun gəlməməsi bəzi məqamlarda onlarda ruh düşkünlüyü yaradır. Bu isə diqqətə götürülməli olan məqamdır. Gənc alimlərin yaşayış vəziyyəti maddi baxımdan tənzimlənərsə, bu, onlarda elmlə məşğul olmaq üçün daha böyük stimul yaradar və daha çox gənclər elmə cəlb olunarlar. Bütün bunlar Azərbaycan gənclərinin elmə daha çox sarılmasına və elmimizin daha da yüksəklərə qaldırılmasına xidmət edər.
-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza mütərəqqi elm sahələrini və metodlarını dərindən mənimsəmələrini və hər zaman milli kimliyini uca tutmalarını və milli mənsubiyyətlərini unutmamalarını arzu edərdim. Bundan başqa, onların əldə etdikləri bilikləri, qabaqcıl xarici təcrübəni Azərbaycanımızın inkişafı yönündə sərf etmələri də olduqca məqsədəuyğun və zəruridir. Bu gün təhsil və elmə yiyələnən hər bir gənc və Azərbaycan vətəndaşı, bütün bilik, bacarıq və səylərini real təcrübədə gerçəkləşdirmək və bununla cəmiyyətin ümumi inkişafına töhfə vermək səylərini əsirgəməməlidir. Rəqabətli dünyada ölkəmizin daha da yüksəlməsi üçün bu kimi səylərə böyük ehtiyac olduğunu düşünürəm.
-Gələcək plan və fəaliyyətinizlə baglı nələri bölüşərdiniz?
- Mən gənc mütəxəssis kimi öz elmi fəaliyyətimi daha da genişləndirmək və davamlı olaraq inkişaf etdirmək niyyətindəyəm. Bu niyyətim isə xalqıma xeyir vermək, onun şərəfini uca tutmaq məqsədi daşıyır.
http://palitranews.az/news.php?id=45555

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.