AMEA-nın təşkilatçılığı ilə II “Fizika və lirika” konfransı keçirilib
Mart 27 , 2017 | 05:27 / Mühim hadisələr
Oxunma ( 1739 )

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Nizami adına Ədəbiyyat İnstitutu və Alimlər Evinin təşkilatçılığı ilə “Novruz təqvimi: lirikada və astrofizikada” mövzusunda İkinci “Fizika və lirika” konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalqımızın milli bayramı olan Novruzun etimologiyası, onun Azərbaycan ədəbiyyatında yeri və elmi paralelləri barədə əhatəli məruzə ilə çıxış edib. Novruz bayramının dünyanın bir sıra ölkələrində eyni məzmunlu adlarla qeyd olunduğunu söyləyən akademik İsa Həbibbəyli bu bayramın 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin əhəmiyyətini qeyd edib. Fevralın sonu, martın əvvəllərində çərşənbələrlə qeyd olunmağa başlayan Novruz bayramının martın 21-də gecə ilə gündüzün bərabərləşdiyi gündə təntənə ilə keçirilməsinin minillərlə davam etdiyini, xalqın yaddaşında bir sıra özünəməxsus adət-ənənə və mərasimlərlə birgə bugünümüzədək gəlib çıxdığını vurğulayıb. Akademik İsa Həbibbəyli ayrı-ayrı ədəbi nümunələrdən misallar gətirərək bu bayramın, onun atributlarının, elliklə qeyd edilən bahar mərasimlərinin şifahi və yazılı ədəbiyyatda da geniş şəkildə əks olunduğunu bildirib. Novruzun Hələ Nuh peygəmbərin zamanından – torpağın oyanışından başladığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bununla bağlı hələ də xalqımızın yaddaşında yaşayan əfsanə və rəvayətlərin elmi səciyyəsindən söz açıb, türkdilli ölkələrdə keçirilən bayram şənliklərinin oxşar və paralelliklərindən ətraflı bəhs edib.

Sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov çıxış edərək konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texniki və təbiət elmlərinin nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirib.

Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Novruz təqvimi və klassik ədəbiyyat”, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Novruz bayramı və astrofizika elmi”, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Folklorda səma cisimləri və elmi yozumlar”, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Novruzla bağlı təbiət dəyişmələrinin poeziyada inikası” mövzularında məruzələrlə çıxış ediblər. AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov, Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Nazilə SoltanovaBotanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq Qarayev çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyli Əliyeva rus şairlərindən tərcümə etdiyi “Lirika və fizika”  şeirlərini, həmçinin mövzu ilə bağlı özünün qələmə aldığı şeiri oxuyub. Fəlsəfə İnstitutunun elmi işçisi Rauf Məmmədov Novruzla səsləşən düşündürücü şeirlərini söyləyib.

Çıxışlardan sonra Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi institut əməkdaşları arasında “Fizika və lirika” mövzusunda ən yaxşı tərcümə müsabiqəsinin qalibi olmuş Leyli Əliyevaya xatirə hədiyyəsi və xüsusi mükafat təqdim edib.

Tədbirdə Folklor İnstitutunun “İrs” ansamblının və Şamaxı xalq yaradıcılığı ifaçılarının çıxışları da rəğbətlə qarşılanıb.

Konfrans iki gün davam edib.

Qeyd edək ki, AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən Birinci “Fizika və lirika” beynəlxalq konfransı 2016-cı ildə keçirilib. Eyni mövzu çərçivəsində növbəti – üçüncü “Fizika və lirika” beynəlxalq konfransının 2018-ci ildə  keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.