AMEA Rəyasət Heyəti “Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasının yaradılması haqqında” 10 sentyabr 2025-ci il tarixli 16/10 nömrəli və “AMEA-nın Gənclər Akademiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” 31 oktyabr 2025-ci il tarixli 19/3 nömrəli qərarlar qəbul etmişdir. Gənclər Akademiyasına rəhbərliyi kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev edir.
AMEA-nın Gənclər Akademiyasının fəaliyyətini koordinasiya etmək və təşəbbüslərinə elmi-təşkilati dəstək vermək üçün AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri elmi məsləhətçi təyin edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasında son illərdə aparılan islahatlar elmin strukturunun müasir dövrün tələblərinə uyğun yenilənməsinə, gənc alimlərin təşəbbüslərinin dəstəklənməsinə və onların beynəlxalq elmi mühitdə fəal iştirakına xidmət edir. Azərbaycan elmində gəncliyin rolunu yüksəltmək, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətini dövrün tələblərinə uyğunlaşdırmaq, onun strukturuna daxil olan qurumların daha səmərəli fəaliyyət göstərməsini təmin etmək, elmin təbliği və təşviqini artırmaq məqsədilə Gənclər Akademiyası yaradılmışdır.
Gənc alimlərin bir araya gətirilməsi, onların elmi fəaliyyətinin dəstəklənməsi və daha da inkişaf etdirilməsi üçün sistemli platforma olan Gənclər Akademiyasının strukturu intellektual gəncliyin potensialını daha məqsədyönlü şəkildə səfərbər etməyə və onların elmi təşəbbüslərini stimullaşdırmağa yönəldilməsinə xidmət göstərir. Dünya təcrübəsində 40 yaşadək gənc alimlərin elmi fəaliyyətini dəstəkləyən Gənclər akademiyaları elmi kadr hazırlığı, beynəlxalq əməkdaşlıq və gələcək elmi liderlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. AMEA Gənclər Akademiyası ictimai əsaslarla fəaliyyət göstərir.
Akademiya Azərbaycan Respublikasının (AR) Konstitutsiyası və qanunlarını, AR Prezidentinin fərman və sərəncamlarını, AR Nazirlər Kabinetinin qərar və sərəncamlarını, AMEA-nın Nizamnaməsini, AMEA Rəyasət Heyətinin qərarlarını, AMEA prezidentinin əmr və sərəncamlarını və özünün Nizamnaməsini rəhbər tutaraq illik tədbirlər planı əsasında fəaliyyət göstərir.
Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.