Yan 20 , 2022 | 08:00 / Mühüm hadisələr
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının Sədri texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov 1990-cı il yanvarın 20-sinin Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini qeyd etdi. Silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımızın azadlıq əzmini itirmədiyini, əksinə, haqq səsini daha da ucadan bəyan etdiyini vurğulamışdır.
Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını unutmadığını bildirdi. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsinin Azərbaycanda, xüsusilə, Bakıda misli görünməmiş faciəyə gətirib çıxardığını, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndiyini diqqətə çatdırdı.
AMEA Fizika İnstitutunun icraçı direktoru, Fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Hüseyn İbrahimov çıxış edərək Yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdiyini söylədi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldığını və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərarın qəbul edildiyini bildirib.
AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Yanvarın 20-də və sonrakı günlərdə fövqəladə vəziyyət elan edildikdən sonra da, Bakı şəhərində, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda onlarla şəxsin qətlə yetirildiyini söylədi. Beləliklə, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında yüzlərlə şəxs öldürülmüş, 700-dən artıq adam yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən yüzlərlə ev və mənzil, avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlakın məhv edildiyi sübut edilmişdir.
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Şəfa Əliyeva çıxışına Azərbaycanın görkəmli şairi Səməd Vurğunun misraları ilə başladı. 20 yanvar hadisəsi, soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur və unutdurmur, dünya arenasında hər il müxtəlif məzmunlu məruzələrlə çıxış edərək 20 yanvar həqiqətlərini dünya ictimaiyyətə çatdırır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktı olan 20 Yanvar cinayətinin, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl olduğunu qeyd etdi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirlərinin Cenevrə Konvensiyasına, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinə, Beynəlxalq İnsan haqları Bəyannaməsinə, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəalarına zidd olduğunu vurğuladı.
Sonra tədbir iştirakçıları öz fikirlərini bölüşdülər.
Polimer Materialları İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının sədri Qurbanlı Günel çıxış edərək 1990-cı ilin 20 yanvar qırğınından sonra 24 yanvar Sovet Ordusunun mənfur niyyətli Stavropol erməni rezervistlərindən təşkil edilmiş qaniçən dəstələri Bakı-Sumqayıt yolunda daha bir dəhşətli cinayət törətdiyini – zirehli tank Azərbaycanın 5 nəfər kimyaçı aliminin Sumqayıtdakı iş yerlərinə getdiyi 05-10 AQU dövlət nişanlı “Jiquli” markalı maşının üzərinə şığıyaraq, İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədovanın ölümünə, İdris Əhmədovvə Parlaq Mustafayevanın çox ağır yaralanmasına səbəb olduğunu qeyd etdi.
AMEA İdarə Etmə Sistemləri İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacağını söylədi.
AMEA Gənc Alim Və Mütəxəssislər Şurasının sədr müavini Behbud İbrahimov qanlı 20 Yanvar gecədə həlak olan vətən övladlarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdıqlarını qeyd etdi. Azərbaycan xalqının mərdliyi və igidliyini ikinci Qarabağ müharibəsində də nümayiş etdirdiyindən söz açıb. Ön cəbhədə igid əsgərlərimiz arxa cəbhədə isə xalqımız Dəmir Yumruq kimi birləşərək qələbə qazandı.
Yekunda AMEA mənsubu gənc alimlərin elm meydanında əsgər olduğu və elm silahından istifadə etməklə vətənimizin çiçəklənməsinə, eləcə də, xarici arenalarda ölkəmizi layiqincə təmsil etməkdə məsul olmaları və bu işin öhdəsindən şərəflə gələcəkləri söylənilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.