May 26 , 2017 | 01:01 / Mühüm hadisələr
25 May 2017-cı il tarixində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakı Qızlar Universitetinin Coğrafiya fakültəsinin tələbələri üçün “Turizmin dayanıqlı inkişafda rolu” mövzusunda seminar-konfrans keçirildi. Seminar-konfrans tələbələrin coğrafiya sahəsindəki gələcək fəaliyyətində onlara dəstək olmaq, turizmin dayanıqlı inkaşafı barədə onları məlumatlandırmaq kimi məsələlərə həsr olunmuşdur.
Universitet tələbələri AMEA-nın ikinci mərtəbəsində mövcud olan sərgi ilə tanış oldular. Daha sonra “Geoinformatika və kartoqrafiya” şöbəsinin CİS üzrə mühəndisi Elvin Əmrahov Coğrafiya İnstitutunda mövcud olan yeni müasir texnologiyalar haqqında tələbələrə ətraflı məlumat verdi.
İnstitutun konfrans zalında davam etdirilən seminar-konrfansda çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri c.ü.f.d. Samirə Ələkbərova rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verdi, Universitet tələbələrinin coğrafiya elminə olan marağının artırılmasının, onların stimullaşdırılmasının aktuallığını və vacibliyini qeyd etdi.
Daha sonra “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri c.ü.f.d., dos. Zaur İmrani “Turizmin iqtisadiyyatın dayanıqlı inkişafında rolu” haqqında məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasında təsərrüfat fəaliyyətinin əsas dairəsi kimi turizm böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik cəhətlərə malikdir. Turizm insanların, bütövlükdə cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Bu sahə əməktutumlu fəaliyyət növü olduğundan, ölkədə əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır, infrastrukturun, yerli sənaye sahələrinin və xalq yaradıcılıq nümunələrinin inkişaf etdirilməsinə şərait yaradır, hotellərin tikintisini sürətləndirir.