Avg 04 , 2017 | 01:47 /
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun gənc elmi işçisi Tural Cavadzadə botanika sahəsi üzrə çalışan tədqiqatçıların ədəbiyyat məlumatlarına çıxışını, bir sözlə Azərbaycanın zəngin florası ilə virtual tanışılığı asanlaşdıran bir yeniliyə imza atıb. O, Azərbaycan Bitkiləri Məlumat Mərkəzinin (AZBİMM) sayt (http://azbimm.az) və feysbuk səhifəsini (https://www.facebook.com/azbimm/) yaradıb. Mütəxəssislər Azərbaycanda rast gəlinən bütün bitki növləri haqqında məlumatı bu elektron mənbəələrə daxil olmaqla asanlıqla əldə edə biləcək. AZBİMM "Flora Azərbaycan" çoxcildlisindən sonra ən əhatəli bitki layihəsi hesab olunur.
Saytla tanışlıqdan məlum olur ki, AZBİMM-in əsas məqsədlərindən biri Əsas Bitki Qrupları adı altında Mamırlar (Bryophytes), Qıjılar (Pteridophytes), Çılpaqtoxumlular (Gymnosperms) və Örtülütoxumlular (Angiosperms) haqqında dəqiq, dolğun və müasir məlumat verməkdir.
AZBİMM-də hal hazırda qəbul edilən bitki adları ilə yanaşı sinonim olmuş bitki adları da verilməkdədir. Azərbaycan Florası yazıldığından bugünə qədər verilən bütün bitki adları burada öz əksini tapmışdır.
AZBİMM-də yazılan latınca bitki adları 3 statusda öz əksini tapmışdır. Belə ki bunları: Qəbul edilmiş, Sinonim və Mübahisəli olaraq adlandırıblar. Mübahisəli növlərin hələ də müstəqil növ olduğu vəya sinonim olduğu öz təsdiqini tapmamışdır.
Məlumat üçün o da bildirilir ki, Azərbaycan Bitkilər Məlumat Mərkəzi (AZBİMM) layihəsi 2012-ci ildən fikir olaraq ortaya çıxmış, Azərbaycanın müxtəlif sistematikləri ilə fikir mübadiləsi aparılmış və nəhayət 2016-cı ilin aprel ayından layihə olaraq həyata keçirilməyə başlanmışdır. İlk başlarda AZBİMM həyata keçirilmək üçün bütöv bir layihə şəklində elm qrant müsabiqələrinə təqdim edilməyi düşünülsə də hələlik buna müvəffəq olunmamışdır. Müəllif, işin Azərbaycan elmi üçün çox önəmli olduğunu düşünərək AZBİMM-i müxtəlif sahələrdəki elm adamlarının da maddi və mənəvi dəstəyini alaraq layihə olaraq davam etdirməkdədir. Çoxcildli Azərbaycan Florasının köhnəliyi (1950-1961), mövcud elmi tədqiqat müəssələrindəki elm adamları arasındakı informasiya mübadiləsinin lazımı səviyyədə olmaması və informasiya texnologiyalarının sürətlə inkişafı bizləri müasir texnologiyanın yardımını da alaraq daha az vaxtda daha faydalı və çox iş görməyə imkan verir.