Sen 26 , 2017 | 01:52 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin növbəti elmi seminarı keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrlik etdiyi tədbirdə “Abşeron yarımadasında Abşeron və Ağcagil çöküntülərinin maqnitostratiqrafik tədqiqatları” mövzusu üzrə aparılmış tədqiqatların yekun nəticələri məruzə edilib. İnstitutun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin əməkdaşı, I kurs magistrat Ruslan Aslanov məruzəsində tədqiqat rayonunda öyrənilən çöküntülər üzrə fauna komplekslərinin az olması səbəbindən paleontoloji üsulla stratiqrafik bölgülərin ayrılmasının çətinliyindən bəhs edib. O, belə spesifik kəsilişlərdə stratiqrafik yaş bölgülərinin işlənilməsinin paleomaqnit tədqiqatlarının aparılması ilə mümkün olduğunu vurğulayıb. Bununla əlaqədar, araşdırmalar nəticəsində yarımada da Abşeron və Ağcagil çöküntüləri üçün paleomaqnit zonalarının ayrılması və stratiqrafik bölgülərin müqayisəsinin aparılması məsələləri geniş öyrənilib.
Nəticə kimi qeyd olunub ki, təbii qalıq maqnitləşmənin və maqnit həssaslığının qiymətinin geniş miqyasda dəyişməsinin səbəbi onların tərkibindəki ferromaqnitlərin tərkibindən asılıdır. Korgöz, Qurd qapısı, Qaraquş kəsilişlərinin üst pliosen-pleystosen çöküntülərində təbii qalıq maqnitləşməsinin əyrilərinin xarakterinə görə, öyrənilən süxurlarda maqnitləşmənin daşıyıcılarını hidroksidli dəmir, maqnetit və hematitlə əlaqələndirmək olar. Aparılan kompleks tədqiqatları nəticəsində abşeron və ağcagilin sərhədində bir düz maqnitləşmə zonası da aşkarlanmışdır ki, alınan epizod pliosen-pleystosenin sərhədinin reperi hesab edilir və stratiqrafiyada mühüm əhəmiyyət kəsb edir.
Digər alınan nəticələrdən danışan gənc mütəxəssis tədqiqatı ilə bağlı tövsiyələrini də seminar iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.