AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində gənc tədqiqatçının klassik ərəb ədəbiyyatı mövzusunda məruzəsi dinlənilib
Mart 12 , 2020 | 12:00 / Görüşlər
Oxunma ( 1954 )

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin artıq bir neçə ildir ki, mütəmadi məşğələsi keçirilən elmi seminarında klassik ərəb ədəbiyyatı mövzusunda növbəti məruzə dinlənildi.

 Muzeyin Gənc alim və mütəxəssislər şurasının sədri, “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Dilbər Hüseynova,  XIII əsrin ərəb şairi Əl-Busurinin yaradıcılığı haqqında “Qasidətu-l-burdə” ərəb ədəbiyyatında mədhiyyə incisi kimi” adlı məruzə ilə çıxış edərək əvvəlcə sufi şairi imam Busurinin şəxsiyyəti, dövrü, ədəbi mühiti, haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, istedadlı şairin ədəbi irsi daha çox klassik şeir nümunələrindən ibarət olub Məhəmməd Peyğəmbərin mədhinə yönəlmişdir. Belə mədhiyyələr içərisində “Qəsidətül-burdə” ədəbiyyat aləminə daha çox tanışdır. Həmçinin şəfaverici təsirə malik olduğu, iflic xəstəliyini də aradan qaldırdığı  söylənilən “Qəsidətül-Burdə” dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.

Gənc tədqiqatçı onu da vurğuladı ki, İslam dünyasında “Qasidətu-l-burdə” qədər şərh, nəzirə, təxmis, haşiyə yazılan digər  bir qəsidəyə rast gəlinmir.

Seminar məşğələsi muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli, Beynəlxalq əlaqələr və komprativistika” şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli, “Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini” şöbəsinin elmi işçisi Kübra Şamilova, “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Gültekin, “Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin kiçik elmi işçisi Munisə İsmayılova və başqalarının sual və çıxışları ilə davam etdi.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.