“Azərbaycanın palçıq vulkanlarının püskürmələrinin kataloqu” iki dildə çap olunub
Mart 17 , 2020 | 01:09 / Elmi nəşrlər
Oxunma ( 1345 )

AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin redaktorluğu ilə “Azərbaycanın palçıq vulkanlarının püskürmələrinin kataloqu” kitabı “Elm” nəşriyyatında çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev, geologiya-mineralogiya elmləri doktoru, akademik İbrahim Quliyev və geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanovdur. Əsərə akademik Əkbər Feyzullayev və AMEA-nın müxbir üzvü Dadaş Hüseynov rəy yazıblar.

Bu, kitabın üçüncü nəşridir. Birinci nəşrə 1810-2001-ci illərdə Azərbaycanda baş vermiş palçıq vulkanlarının püskürmələri, ikinci nəşrə isə 2007-ci ilə kimi qeydə alınmış püskürmələr daxil edilmişdi. Hazırkı nəşr 2008-2019-cu illəri əhatə edir.

Rus və ingilis dillərində verilən mətnlərdə palçıq vulkanları və onların püskürmə məhsulları, təsnifatı, səciyyəvi cəhətləri, intişar etdiyi sahələrin geoloji xüsusiyyətləri haqqında məlumat verilir, onların fəaliyyətlərinə seysmikliyin təsiri göstərilir. Püskürmə məhsullarının geokimyasına, vulkanlardan ixrac olunan qaz, su və neftin izotop tərkiblərinə baxılır.

Cədvəl şəklində xronoloji ardıcıllıqla Azərbaycanın 28 palçıq vulkanında qeydə alınmış 45 püskürmənin ili, vaxtı, davamiyyəti göstərilməklə yığcam təsviri verilir. Sonda palçıq vulkanlarının fəaliyyəti kəmiyyətcə qiymətləndirilir, ayrı-ayrı sahələr üzrə püskürmələrin intensivliyi, zaman və məkan üzrə Şərqi Azərbaycanda və ona bitişik Xəzər dənizi akvatoriyasında paroksizm təzahürlərinin xüsusiyyətləri şərh olunur.

Kitabda 2008-2019-cu illərdə Azərbaycanda baş vermiş palçıq vulkanlarının püskürmələrinin fotoşəkilləri də yer alıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.