Avg 06 , 2020 | 06:00 / Elmi müsabiqələr
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi” elan olunub.
Müsabiqə akademik və ali təhsil sistemindəki elmi müəssisə və təşkilatların, institut va laboratoriyaların, bölmə və mərkəzlərin, sahə elmi-tədqiqat institutlarının və digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını qismən təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək üçün adıçəkilən qurumlardan olan alim və tədqiqatçıların müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş müxtəlif xarakterli layihələrin qrantlar verilməsi yolu ilə maliyyələşdirilməsi məqsədi ilə keçirilir. Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahələrində multidissiplinar və beynəlxalq araşdırmaların dəstəklənməsinə, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradacaqdır. Layihələrdə maliyyə (stimullaşdırıcı əmək haqqı) və maddi-texniki təminat (cihazlar, qurğular, avadanlıqlar, məmulatlar və s.) nəzərdə tutulur.
Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 07 avqust 2020-ci il tarixdən etibarən, elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) 07 sentyabr 2020-ci il saat 17:00-dək həyata keçiriləcəkdir. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni də nəzərdə tutur. “Asan-imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.