Fotos
Şəhid Əlihüseyn Məmmədovun anasının xatirələri
Yan 23 , 2021 | 08:00 /
Oxunma ( 1862 )

Böyük Vətən Müharibəsi Qəhramanı, “Vətən uğrunda” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan   Şəhid  Əlihüseyn Elşad oğlu Məmmədovun  anasının xatirələrini yazmağı özümə borc bildim.

Məmmədov  Əlihüseyn Elşad oğlu 1998-ci ildə Bakıda anadan olmuşdur.O bir müddət Şəkidə babası ilə yaşamışdır. 2005-ci ildə Şəki şəhərinidə 18№li məktəbdə ilk təhsilinə  başlayan  Əlihüseyn sonralar Bakıya valideynlərinin yanına köçür, ibtidai  təhsilini Bakıdakı Xarici dillər təmayüllü gimnaziyada tamamlayır. Müəyyən səbəblərdən dolayı ailəsi  Əlihüseynin təhsilini rayonda davam etdirməsinə qərar verir. Beləliklə  tam orta təhsilini əvvəl oxuduğu Şəki şəhərinin 18№li tam orta məktəbdə tamamlayır. Əlihüseynin məktəb illəri çox sakit keçmiş, fərqli davranışı, mədəni rəftarı, sakit təbiəti ilə həmişə seçilmiş və sevilmişdir.

Heç vaxt münaqişəli hadisələrdə adı hallanmayan Əlihüseyn günlərin birində bir mübahisəyə qoşulur.Bundan təəccüblənən dostları onu kənara çəkməyə çalışır.-“Mən mübahisəyə qoşulmuşam o demək deyilki, dava-dalaş edəcəm. Hər məsələni mədəni şəkildə də həll etmək olar.”-deyib məsələni özünəməxsus sakit tərzdə həll edir.Yoldaşları  çox vaxt ona “ağsaqqal”deyə müraciət edirdi. Ali təhsil üçün  texniki fənləri seçən Əlihüseyn  tam orta təhsilini yaxşı qiymətlərlə başa vurur. Attestat qiymətləri arasında əla qiymətlərini Tarix fənnindən alması o zaman üçün təsadüfü görünsə də indi özünün təsdiqini tapmışdır.

2016-cı ildə ADNSU-nin” Istilik Energetikası mühəndisliyi” fakultəsinə daxil olub 2020-ci ildə bitirmişdir. Əlihüseynin  ailəsi maddi baxımdan yaxşı təminatlı bir ailə olsa da o, heç vaxt  valideynlərinə cibxərcliyi üçün müraciət etməzdi. Atası hər gün  ona pul verir  və  hər dəfəsində də  -“Pulum var”- deyirdi. Xərcliklərini yığıb qənatlə  xərcləyən Əlihüseyn geyimlərini də çox zaman o puldan alırdı.

  “Öz ayaqlarımın üstündə durmaq istəyirəm” arzusu Əlihüseyni  tələbəlik illərində kiçik xidmətlərdə də olsa işləməyə gətirib çıxarır. O ilk iş həyatına “Araz”supermarketlər şəbəkəsində əvvəl satıcı,sonra kassir kimi başlayır.

Daxilində  olan  böyük  məsuliyyət  hissi onu iş həyatında qüsursuz edir. Rəhbər heyətlə, iş yoldaşları, müştərilərlə  qurduğu  düzgün  münasibətdə son dərəcə səmimi və mədəni idi. Bu xüsusiyyətləri ilə rəhbər heyətin etibarını və hörmətini qazanan  Əlihüseyn hər zaman onların  diqqət  mərkəzində olurdu. İmtahanlar zamanı işinə ara vermək məcburiyyətində qaldığını vurğulasa da bir işçi olaraq onu  itirməmək üçün ona münasib iş qrafiki qurulurdu. Onun yorulduğunu görən valideynləri dəfələrlə işdən azad olmasını istəsə də o buna razı olmadı.

-”Siz mənimçün bu yaşıma qədər çox əziyyət çəkmisiniz. Heç olmasa bundan sonra az da olsa mənim sizə köməyim dəysin istəyirəm”.-deyirdi

Sakit dünyasında ədalətsizliyə qarşı çılğınlıq göstərən biri idi  Əlihüseyn. İşçilərin haqqını öz haqqı kimi müdafiə edirdi. Ətrafındakıların problemini öz  problemi bilib həll etməyə çalışırdı. O öz problemlərində heç zaman ailəsinə müraciət etməzdi. Güclü xarakterindəki məsuliyyət hissi onun bütün işlərinin nizamlı olmasına gətirib çıxarırdı. Valideynləri bəzən ona : “Gərək arada gəlib səni universitetdə soruşaq, maraqlanaq” deməsinə cavabı: “Narahat olmayın,mən sizlərin başını aşağı endirəcək heç bir iş tutub sizə utanc hissi yaşatmaram. Məndən arxayın ola bilərsiniz ”  olurdu. Ailəsi onu çox yaxşı tanıyırdı.Belə deməklə onun məsuliyyətini daha da artırırdılar sanki.

 Həm oxuyub həm işləməsi onu istirahətindən də ayırmırdı. Yeməyi çox sevən Əlihüseyn istirahət zamanı maraqlı məkanlara gedir, özü üçün yeni kəşflər edirdi. İstirahət zamanı kiminsə onu narahat etməsini xoşlamırdı. İnsanlara qarşı münasibəti eyni idi. Hamıyla eyni cür münasibət bəsləməyə çalışırdı. Arzularını anası ilə bölüşürdü çox vaxt.  Ən böyük xəyalı bir “fast food” məkanı açmaq idi.Adını belə düşünmüşdü: “ƏLİNİN BURGERİ”. Anası Arzu xanım: “Narahat olma, biz sənə lazımi dəstəyi verəcəyik. Sən təhsilini başa vur,vətənə xidmət borcunu yerinə yetir. Zaman o ana çatanda biz o məsələ ilə bağlı işlərə başlayacayiq” deyirdi. Övlad kimi Əlihüseyn  valideynlərinə heç zaman əziyyət verməmişdi. Onlar da istəyirdi ki, övladlarının çəkdiyi bu qədər zəhmətin dəyərini ona layiqincə vesinlər. Onun bütün arzularını reallaşdırmaq üçün artıq maddi cəhətdən vəsait belə hazırlamağa başlayırdılar.

 Əfsuslar olsunki, bəzən həyat bizi arzularımıza doğru gedən yolları dəyişib başqa istiqamətə çevirir. İlahi Yaradanın bizə yazdığı taledən xəbərsiz çıxdığımız yol düşündüyümüz yerdə deyil də başqa ünvanda tamamlanır.

     Ali təhsilini magistr səviyyəsi üzrə tamamlamaq istəsə də buna nail ola bilməyən Əlihüseyn anasına söz verirki hərbi xidmətdən qayıdan zaman mütləq onun bu arzusunu yerinə yetirəcək. Anası Arzu xanım ixtisasca müəllimədir. Onun şagirdlərinə verdiyi vətənpərvərlik tərbiyəsi  sanki bütünlükdə oğluna yansımışdı. Tez-tez bu mövzuda tədbirlər hazırlayan Arzu xanım evdə tədbirə hazırlıq işləri görərkən Əlihüseyn diqqətlə onu izləyirdi. Anasının Vətənə, millətə, Bayrağa olan məhəbbət hissini şagirdlərinə necə aşıladığını görən  Əlihüseyn bundan ruhlanırdı. Bütün bunlar onda hərbi xidmətə getmək həvəsini artırırdı. Diplom müdafiəsi üzrə işləri tamamlandıqdan sonra artıq bütün fikrini əsgərliyə yönəltmişdi. Hərbi xidmətdə çox yaxın qohumları yüksək rütbələrdə çalışırdı. Hər dəfə bu mövzuda söhbət düşəndə o anasına deyirdi: “Kimin harda olmağı mənə maraqlı deyil. Mən bu Vətənin oğluyam. Hara göndərilsəm, qoyun orada xidmətimi layiqincə yerinə yetirim. Mən artıq yetkin yaşa çatmış, müstəqil fikirli bir şəxsiyyətəm. Məndən yana narahat olmayın. Özümü hər yerdə idarə edə biləcək ağıla, düşüncəyə sahibəm.” Axır zamanlar səbri demək olarki, tükənmişdi. Elə hey gözü hərbi komisarlıqdan gələn məktubu axtarırdı sanki. Anasına tez tez dostlarının, tanışlarının nə vaxt gedəcəyi günü deyir, görəsən məni niyə çağırmırlar deyib gileylənirdi. Anası da yaman tələsirsən ha deyərək nigaran halda ona baxırdı.

Bir gün evə gələrək “Mama hərbi komissarlığa getdim, komissiyadan keçdim, iyul ayının 7 si gedirəm” deyerək əlindəki qeydiyyat vərəqini göstərir. Sevincinin həddi-hüdudu yox idi. Uçmağa bir tək qanadı çatmırdı sanki. Anasının gözlərindəki yaşı görən Əlihüseyn-“Ana niyə ağlayırsan? Demirdin ki, Vətənə xidmət sənin borcundur  indi niyə ağlayırsan?  xeyir-duanı ver, ağlama. Söz ver mənə, işdi birdən ölsəm o zaman da ağlama. Sənin göz yaşlarına dözə bilmədiyimi bilirsən axı ” deyib anasını bağrına basdı. Arzu xanım ona pul verdiki, get ürəyin istəyən nə varsa al ye ”Xeyir ola səxavət kisəsini açmısan yenə” deyərək Əli gülür. Birdən nəsə istiyərsən orda olmaz burda istədiyini al ye deyərək ana oğluna cavab verir. Ana oğlunun nazıyla oynayır, onun istədiyi yeməkləri bişirir, şirniyyatları bişirir, evdə ona güldən artıq söz deməyə qoymurdu. Onun bu halını görən Əli “mama mən bilmirdim ki sən məni bu qədər çox istiyirsən” demişdi. Anası kövrəlmişdi. Onun xidmətə getmə vaxtının çatdığını biləndə ana və bala arasında bu barədə söhbət olanda anası “Qonşunun oğlu Mohlüd xidmətdən gələndə qramota ilə gəlib yadinda sənə demişdim,səndən də bunu gözləyirəm” deyərək  bildirmişdi. Valideynləri çox narahat idilər. Əlihüseyngil ailədə 3 usaq olsalarda ondan boyük qardaşının və balaca bacısının onun dəstəyinə ehtiyacı vardı. Ailənin yeganə ümidi o idi. Bütün bunlar ailəni çox narahat edirdi.  Amma Taleh öz amansız işini görürdü.

 Əlihüseynin könül verdiyi bir qız var idi. İş həyatında tanış olduğu xanıma bu xəbəri sevinclə çatdıranda  qız ona :“Bəlkə getməyəsən” demişdi. Əlihüseyn isə: “Mən Vətəni qorumağa gedirəm” . Qız: “Bəs mən”? Əlihüseyn: “Sən də bu Vətənin qızısan”-deyə cavab vermişdir.

Başqa bir iş yoldaşının ad günündə ala bilmədiyi hədiyyəni getməyə iki gün qalmış verir” ürəyimdə qalmışdı birdən gələ bilmərəm şəhid olaram mənim səndə bir xatirəm olsun “ deyərək qəhqəhhə çəkib gülür.

    Beləliklə 2020-ci ilin yay aylarında Əlihüseyn hərbi xidmətə yollanır.Evdə hamıya tapşırırki,əziyyət çəkib yanına gəlməsinlər.

Onun xidmət  etdiyi hərbi hissə uzaq rayonda yerləşdiyi üçün valideynlərinə əziyyət vermək istəmirdi. Əlihüseyn nənə-babasının yanında böyüdüyü üçün onlara çox bağlı idi. Nənəsi ondan ötəri yaman darıxırdı. Bu həsrəti görən valdeynləri qərara alırki, nənəni də götürüb əsgər balalarını görməyə getsinlər.Və bu amalla yola çıxırlar. Həmin ərəfədə Respublikada pandemiya şəraiti olduğu üçün rahat hərəkət etmək olmurdu. Uzaq olan yol müxtəlif səbəblərdən həmin gün daha da uzanır. Müxtəlif maneələrdən  keçib nəhayət həmin hssəyə gələn valideynlər Əlihüseyni bir qədər gözlədilər. Onları uzun həsrətə alışdırmağa çalışan zaman öz işini asta-asta görürdü. Nəhayətki, əsgər gəlib onlara yaxınlaşdı. Sevinc dolu görüş baş tutdu.Uzaq yolu əziyyətlə gəlməklərinə narazılıq edən Əlihüseyn də ürəyinin dərinliyində bəlkə də bu görüşə çox sevinirdi. Axı bu görüş onun doğmaları ilə son görüşü idi.

Sentyabrın 27-si 2020-ci il  II Vətən Müharibəsi. Qarabağ uğrunda əks həmlə əməliyyatı ilə başlanan müharibə. Əlihüseynin valideynlərinin başlanan narahatlığı.Oğullarını tanıyan ata-ana bilirdiki, yerində rahat durmayacaq. Vətən deyib bu müharibəyə atılacaq. Hərbi xidmətdə təcrübəsinin bir o qədər çox olmamasına məhəl qoymayacaq Əlihüseyn. Hər gün böyük həyacanla telefon zəngini gözləyən ana axrıncı dəfə oğlu ilə danışığını belə xatırlayır: “Çox sevincli idi. Sanki nəsə qazanmışdı və  onun sevincini yaşayırdı, qürurla danışırdı. Məndən narahat olma. Meyvə belə yemişəm-dedi Əlihüseyn” 

     Bu zamana qədər  oğlunun döyüş meydanında olmasından bixəbər olan ananın narahatlığı getdikcə artırdı. ”Əlihüseyn bacardıqca evlə əlaqəni kəsmirdi, anasının narahatlığını bilib onu xəbərsiz qoymurdu. Sonuncu zəngdən 3- 4 gün keçəndən sonra xəbər gəlmədiyini görən ana artıq narahtlıq yaşamağa başlayır. Ana ürəyi artıq onu xəbərdar etməyə hazırlayan kimi sıxılır. Onu bu hisslərini atası belə vurğulayırdı: “Həmin gün Əlinin şəhadətə yetişdiyi gün Arzu özündə deyildi. Cismi evdə ruhu başqa yerdə idi sanki. Dalğın dalğın mənə baxır amma dediklərimi eşitmirdi.Onun bu vəziyyəti heç xoşuma gəlmədi.Qərara aldım ki,onu tək qoymayım.”  Beləliklə  acı xəbəri verən zəng gəldi. Əlihüseynin arzuları, gülüşləri, həyacan dolu sevincləri ilə dolu qoyub getdiyi ev bir anlıq qaranlıq zülmətə çevrildi. Həmin anları heç bir sözlə ifadə etmək olmur. Bu hisslər ancaq kədər dolu gözlərdən axan yaşlarla ümüdsiz qəlblərdə qalan arzularla ifadə oluna bilər.  Məmmədov Əlihüseyn Elşad oğlu 9 oktyabr 2020-ci ildə Füzuli- Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olur.

     Yarım qalan arzular, həsrət dolu ümidlər. Bunlara təsəlli yalnız bir kəlmə söz-“Şəhidlik”.

Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu şərəfə layiq olan Əlihüseyn öz adını tarixə yazdı. Qəhrəmanlar unudulmur. Onların həyatı gənclərimizə örnəkdir. Hər bir Azərbaycan Vətəndaşı öz Milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidirlər. Ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Mərd idi, qorxmaz idi, hər insanı özünə yaxın buraxmazdı. İnsanların səmimiliyinə əmin olduqdan sonra dostluq edirdi. Zəhmətkeş idi hər bir işini özü həll etməkdən zövq alırdı. Kiminsə qarşısında gözükölgəli, diliqısa, minnətli olmaq istəmirdi. Bu kiçik yaşında bu gününü və sabahını çox düşünüb özü üçün artıq yolunu cızmışdı. Sən demə daxilində hətta onun dəstəyinə ehtiyacı olan böyük qardaşını və balaca bacısını belə düşünmüşdü.

 

Allah Bütün Şəhidlərimizə Rəhmət eləsin.

 

 

AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işçisi Məmmədov Vilayət Sabir oğlu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.