İyl 30 , 2021 | 03:47 /
Cari ildə AMEA Botanika İnstitutun Algologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları Xəzər dənizinin və Azərbaycanın cənub-şərq rayonlarının alqoflorasının öyrənilməsi və meşə ekosistemlərinin lixenobrioloji qiymətləndirilməsi üzrə Astara rayonunda geniş monitorinqlər aparıblar.
Monitorinqin əsas məqsədi regionda antropogen təsirə məruz qalan çaylarda, göllərdə yosunların vəziyyəti və kontinental sututaralarında yayılması, regional alqofloraların ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olmuşdur.
Astara rayonunda təşkil edilmiş ekspedisiya zamanı 10 marşrut (Astara–Deqədi , Astara – Vənəşikəş, Astara – Ujakənar, Astara – Pəlikeş, Astara – Şuvi, Astara – Təngərüd, Astara – Maşxan və s. kəndlər ətrafında) üzrə alqoloji, lixenoloji və brioloji nümunələr toplanılmışdır. Nəticədə 72 nüsxə lixenoloji herbari nümunələri toplanmışdır. Herbari nümunələriı müxtəlif tipli: vələs-palıdlı, palıd-vələsli və qarışıq meşələrdə (vələs, palıd, yemşan, göyrüş, zoğal, alma, fındıq, böyürtkən) ağac və kollarında müşahidə edilmişdir. 78 nüsxə brioloji herbari nümunələri toplanmışdır. Bioekoloji cəhətdən epifit, epilit, epigey qruplara aid növlər müşahidə edilmişdir. Həmçinin, 35 yosun nümunələri ümumi qəbul edilmiş metodika ilə yığılmış və identifikasiya olunmaq üçün laboratoriyaya gətirilmişdir. Bu növlər çox müxtəlif təqdim olunduğuna baxmayaraq, fitoplanktonda onların əksər hallarda sporadik şəkildə tək-tək saplı individumlar kimi rast gəlindiyi göstərilmişdir. Əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma yollarının müəyyən edılməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühum rol oynayır.