Fotos
AMEA Gənc Alim Və Mütəxəssislər Şurası“Xocalı soyqırımı”-nın 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir
Fev 25 , 2022 | 03:42 / Mühüm hadisələr
Oxunma ( 857 )

Tədbir Xocalı soyqırımı qurbanları və Azərbaycan şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan AMEA Elmi təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin SSR-nin 366-c motoatıcı zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalıya ağır hərbi texnika yeritdiyini, şəhərin əhalisinə qarşı bəşər tarixində misli görünməmiş vəhşiliklə divan tutduğunu diqqətə çatdırıb. Bildirdi ki, bu soyqırım nəticəsində Xocalının dinc sakinləri xüsusi qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Rüstəm Rüstəmov beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyini vurğuladı.

YAP AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının rəisi texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov faciədən 30 il keçməsinə baxmayaraq faciə qurbanlarının unudulmadığını bildirdi. Soyqırım zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verdi.

Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək bildirdi ki, Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi daxil olan Xocalı soyqırımı dünyada baş verən digər soyqırımlarla bir sırada dayanır:  “Xocalı şəhərinin ermənilər tərəfindən əsas hədəf olaraq seçilməsində məqsəd Qarabağın Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi kimi düşünülmüş siyasətin tərkib hissəsi idi. Geosiyasi və tarixi əhəmiyyətə malik Xocalının işğalı ilə erməni qəsbkarları Qarabağ işğalının başlanğıcını qoymuş oldular.”

Sonra hadisələrdən zərərçəkmiş, doğmalarını itirmiş Xocalı sakinləri Elmira Kərimova, Fizuli Mehbalıyev şahid olduqları vəhşiliklər, məruz qaldıqları qeyri-insani rəftarlar barədə hiss və həyəcanlarını bölüşmüşdülər. Çıxışçılar dəhşətli və qanlı faciənin səbəbkarlarının öz layiqli cəzalarını alacaqlarına əmin olduqlarını qeyd ediblər.

Daha sonra Polimer Materiallari İnstitutunun GAMŞ sədri Günel Qurbanlı – “30 illik Xocalı”, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun GAMŞ sədri,  tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev – “Xocalı soyqırımı: cinayətlərə arxeoloji və antropoloji baxış”, AMEA Gəncə Bölməsi GAMŞ sədri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Həsənovun – “Xocalı soyqırımının tanıdılmasında Azərbaycan gəncliyinin rolu” mövzularında çıxışları dinlənildi.

Çıxışlar zamanı ulu öndər Heydər Əliyevin ölkəmizi xaos və anarxiyadan qurtardığı Respublikamızın güclü dövlət - müstəqil siyasət konsepti əsasında inkişafını təmin etdiyi diqqətə çatdırılıb. Belə ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl işlərin də məhz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olduğu danılmaz faktdır. Xocalı  həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın Sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli işlər görüldüyü diqqətə çatdırılıb. Məruzələr zamanı vurğulanıb ki, Xocalı qırğınlarını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu qətliamı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq və sağlam düşüncə məhz bunu tələb edir. Daha sonra tədbir iştirakçıları öz fikirlərini bölüşmüş, sonda 26 fevral tarixində hadisənin 30-cu il dönümü ilə əlaqədar planlaşdırılan Xocalı abidəsinin ziyarəti haqqında elan auditoriyanın diqqətinə çatdırılmışdır.

  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.