Mart 20 , 2022 | 09:29 /
Azərbaycan Respublikasının İraqdakı səfirliyi və İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin birgə təşkilatçılığı ilə martın 3-də keçirilmiş “Azərbaycan ədəbiyyatında mütaliə - şair Füzuli əl-Bağdadi nümunəsində” adlı beynəlxalq konfrans haqqında irihəcmli məqalə İraqın “Sadaqa” (“Dostluq”) qəzetinin sonuncu sayında nəşr olunub.
Məqalədə konfransı açıq elan edən İraq Ərəb Respublikası mədəniyyət, turizm və tarixi abidələr naziri Dr. Həsən Nazimin şair Məhəmməd Füzuliyə aid əsərlərin ərəb dilinə tərcüməsi sahəsində Azərbaycanla əməkdaşlığın vacibliyi haqqında fikirləri qeyd edilib.
Daha sonra Azərbaycan Respublikasının İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun yaxın günlərdə tərcümə sahəsində yeni bir layihənin həyata keçiriləcəyi və Füzulinin əsərlərinin, xüsusən də Şərq ədəbiyyatının füsünkar nümunəsi olan “Leyli və Məcnun” poemasının ərəb dilinə tərcüməsində iraqlı mütəxəssislərlə birgə fəaliyyətə başlayacaqları haqqında verdiyi məlumat paylaşılıb.
Məqalədə, həmçinin konfransda iştirak etmiş AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəlievanın “Böyük Azərbaycan şairi Füzuli Bağdadi yaradıcılığında məhəbbət konsepsiyası və qədim ərəb lirikası”, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün “Azərbaycan-ərəb ədəbi əlaqələri tarixində Füzuli Bağdadinin ərəb şeirlərinin əhəmiyyəti”, Din və ictimai fikir tarixi şöbəsinin əməkdaşı Elnur Mustafayevin “Məhəmməd Füzulinin “Hədiqətus-süəda” divanı (Azərbaycan klassik nəsr janrının nümunəsi kimi)” mövzusunda etdiyi məruzələr haqqında ətraflı məlumat verilib.
Eyni zamanda azərbaycanlı şərqşünasların Məhəmməd Füzulinin yaradıcılığına müxtəlif aspektlərdən yanaşmaları, onun həm ərəb-Azərbaycan ədəbi əlaqələri, həm də Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında fikirləri qeyd edilib.