Fev 10 , 2023 | 01:24 / Müsahibələr, çıxışlar
Son günlərdə qardaş Türkiyədə şiddətli zəlzələ baş verməsi nəticəsində minlərlə insan həlak olub, və yaralanıb. Hazırda bütün dünyanın diqqəti Türkiyədədir. Baş verənlərlə əlaqədar olaraq Azərbaycanda yaşayan vətəndaşlar da həyəcan içindədirlər və onlarda müəyyən qorxular yaranıb ki, ölkəmizdə də bu hal baş verə bilər. Təbii ki, zəlzələ çox ani vaxt ərzində baş verən təbiət hadisəsi olduğundan ondan qaçmaq çətindir. Bəzən insanlar məlumatsızlıq ucbatından bir sıra səhvlər edirlər. Buda bir çox çıxılmaz halların baş verməsi ilə nəticələnir.
Bəs Azərbaycanda yaxın günlərdə zəlzələ ola bilərmi? İnsanlar təşvişə düşməmək, vəziyyətdən düzgün çıxış yolu tapmaq üçün nələr etməlidir? Özünü və ailə üzvlərini buna hazırlamaq üçün maarifləndirmə hansı səviyyədə, necə aparılmalıdır? Hazırda ölkəmizdə zəlzələ fəlakətinin qarşısını almaq məqsədi ilə nə kimi tədbirlər görülür? Bütün suallara cavab tapmaq məqsədi ilə SƏS TV olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinə yollandıq.
Burada Mərkəzin icraçı direktoru Rauf Muradovla söhbətləşib suallarımızı ona ünvanladıq.
Rauf Muradov bildirib ki, əvvəllərdə zəlzələ olub: “Zəlzələ barədə bütün dünya alimləri müəyyən bir proqnoz verməyə çalışalar da bu mümkün deyil. Türkiyədə baş verən zəlzələnin Azərbaycana sirayət etməsi gözlənilən bir hal deyil. Həmçinin Azərbaycanda demək olar ki, hər gün zəif ballı zəlzələlər baş verir. Bu zəif zəlzələlərin baş verməsi təbii ki, müsbət bir haldır. Ona görə ki, bunlar yerin tərkibində olan enerjinin boşalmasına səbəb olur. Buna görə də Azərbaycanda yaxın günlərdə zəlzələnin olma ehtimalı yoxdur. Təbii ki, zəlzələ təbiət hadisəsidir və güclü zəlzələlərin əsas səbəbi yerin tərkibində olan enerjilərin yüklənərək, boşalmamasından dolayı olur”.
İcraçı direktor sözlərinə belə davam edib: “Zəlzələnin qarşısını birmənalı şəkildə almaq mümkün deyil. Lakin bu təbiət hadisəsinin fəsadlarını yumuşaltmaq mümkündür. Zəlzələ baş verdiyi zaman müəyyən tədbirlər görülməlidir. Öncə şəhərə həyəcan siqnalı verilməlidir. Çünki bu vasitə ilə insanlar zəlzələnin baş verdiyini biləcəklər. Daha sonra insanlarımıza xüsusi təlimatlar keçilməli və lazımi ləvazimatlarla təmin olunmalıdırlar. Hər bir rayonda İcra Hakimiyyətləri zəlzələ zamanı insanların toplanması üçün müəyyən ərazi yaratmalıdırlar. Bu vasitə ilə insanlar zəlzələ zamanı panikaya düşməyib həmin ərazidə toplanmalıdırlar. Ümumilikdə vətəndaşlar zəlzələdən öncə, zəlzələ zamanı və sonrası davranış qaydalarını bilib, əməl etsələr insan itkisinin qarşısını almış olacaqlar. Mərkəzimiz tərəfindən təşkil edilən və yaradılan “Gənc Alim və Mütəxəsisslər” Şurası var ki, onlar əsasən orta məktəblərdə, iaşə obyektlərinə gedərək zəlzələ zamanı insanlara davranış qaydaları barədə məlumat verirlər”.
Qurum rəsmisi Azərbaycanda seymsik xəritələrin hazırlanmalı olduğunu qeyd edib: “SSRİ vaxtı bu xəritələr hazırlanmışdır. Hər bir binanın altı yoxlanılmalı və seysmik xəritələri çıxarılmalıdır. Binalar inşa olunarkən mütləq onların xəritələri çıxarılmalıdır. Biz bununla əlaqədar olaraq Nazirlər Kabnetinə müraciət etmişik. Dünya Bankının nümayəndələri də bizim bu fikrimizi dəstəkləmişdilər və bildirilmişdir ki, bu fəaliyyətimiz davam etdirilsin. Lakin bu proses müəyyən maliyyə tələb edir. Fikrimcə, Nazirlər Kabineti də olunan müraciətləri zamanında qiymətləndirəcək. Çünki bu xəritələrin hazırlanmasına ehtiyac var”.
Rauf Muradov eyni zamanda süni zəlzələlərin olması ilə bağlı yayılan şaiələr barədə öz fikirlərini bildirib. O qeyd edib ki, bu tamamilə bir nağıla bənzəyir: “Çünki misal olaraq Türkiyədə baş verən zəlzələ hadisəsini yaratmaq üçün xeyli sayda bomba və s. lazımdır. Çünki zəlzələ 10 km dərinlikdə olub. Bu isə mümkünsüz bir şeydir ki, süni bir şəkildə zəlzələ yaradasan”.
Abşeronda zəlzələ zolaqlarının olmadığını bildirən icraçı direktor 2000-ci ildə Bakıda 6,2 bal gücündə baş verən zəlzələ hadisəsindən də söz açıb: “Həmin ildə baş verən zəlzələ hadisəsi Xəzər dənizində olmuşdur. Ümumilikdə Azərbaycandakı zəlzələ ocaqları Xəzər dənizində yerləşir. Təbii ki, burada dərinlik məsələsi də mühüm rol oynayır. Çünki zəlzələ nə qədər dərin yerdə baş verərsə bir o qədər də təsir etmə qabiliyyəti azalır”.
Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin tərkibində yaradılan “Gənc Alim və Mütəxəsisslər” Şurasının sədri Afaq Səmədzadə yaradılan qurumun fəaliyyəti barədə bizə məlumat verib.
Söhbət zamanı o qeyd edib ki, zəlzələ təbii fəlakətlərin ən dəhşətlisi hesab edilir: “Zəlzələ həmçinin insanları asanlıqla təşvişə salmaq qabliyyətinə malikdir. Bu səbəbdən insanlar psixoloji olaraq zəlzələyə hazır olmalıdırlar. Bizim maarifləndirmə şuramızın əsas məqsədi insanları zəlzələ ilə bağlı məlumatlandırmaqdır. Biz əsasən bu istiqamətdə maarifləndirmə işlərimizi ali və orta məktəblərdə, iaşə obyektlərində, ahıllar evlərində və s. edirik. “Gənc Alim və Mütəxəsisslər” Şurası 2016-ci ildən etibarən fəaliyyət göstərir. Ümumilikdə müəsissəmizdə 50-yə yaxın gənc fəaliyyət göstərir. Bu gənclərin hər biri maarifləndirmə işlərinə cəlb olunub.
Bizim əsas məqsədimiz insanlara zəlzələ zamanı davranış qaydalarını aşılamaq və onları bu prosesə psixoloji olaraq hazırlamaqdır. Bununla əlaqədar olaraq bizim yazılı bukletlərimiz, video-çarxlarımız və prezentasiyalarımız var. Məktəblərdə əsasən biz bu prosesləri uşaqlara müxtəlif oyunlar vasitəsi ilə çatdırırıq. Çünki onlar bu şəkildə etməli olduqları davranış qaydalarını yaxşı şəkildə yaddaşlarına həkk edəcəklər.
Afaq Səmədova zəlzələdən sonra yaranan avtoşoklar nəticəsində insanlarda panikanın yarandığını qeyd edib: “İnsanlar bu zaman öz yaxınlarını axtarmaq məqsədi ilə onlara zəng edirlər. Lakin onlar başa düşməlidirlər ki, bununla onlar daha çox panikaya düşə bilərlər. Məhz bu səbəbdən zəng əvəzinə qısa mesajlarla öz yaxınlarını tapa bilərlər”.