Mart 14 , 2023 | 03:17 / Mühüm hadisələr
14 mart 2023-cü il Riyaziyyat və Mexanika institutunda “Pi” gününə həsr olunmuş elmi seminar keçirilib.
Öncə institutun direktoru, AMEA – nın müxbir üzvü, professor Misir Mərdanov dünya riyaziyyatçılarını bu bayram münasibəti ilə ürəkdən təbrik edir və onlara ümumbəşəri elmi fəaliyyətlərində daha böyük uğurlar arzu edib. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESKO 2019-cu ildə Paris şəhərində, hər il 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edib. Hər il 14 mart Beynəlxalq “Pi” Günü kimi riyaziyyatçılar tərəfindən qeyd olunur. Alim cəmiyyətdə riyaziyyatın əhəmiyyətinin qiymətləndirilməsinə, onun digər elm sahələrinin inkişafında rolunun artırılmasına, dünyada həyat səviyyəsinin yüksəlməsi və davamlı inkişafına imkan verəcək, müasir riyaziyyatın sürətli inkişafına müsbət təsir göstərəcək, onun bəşəriyyətin tərəqqisində rolunu daha da artıracaqdır.
Professor Misir Mərdanov gənc alimlərə elmi tədqiqqat işlərinin aparmaları və nüfuzlu jurnallarda məqalələrin çap etdirmələri ilə əlaqədar istiqamətli təklif, tövsiyyələr verib. Qeyd edib ki, hər bir gənc alim işin istiqamətindən və fəaliyyət növündən asılı olmayaraq, öz ixtisası üzrə yeni problemlərin həlli sahəsində fundamental biliklərə, peşə vərdişlərinə və bacarıqlarına sahib olmalıdırlar.
Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Riyaziyyat və Mexanika institutunda keçirilən elmi seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, Pi sayının simvolu “π”, Yunan əlifbasının 16-cı hərfidir. Bu hərf, eyni zamanda, yunanca çevrə mənasını verən “perimetier” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Euler 1737-ci ildə nəşr etdiyi əsərində, çevrə uzunluğunun diametrinə nisbəti söz mövzusu olduğunda, bu simvolu istifadə etdi. Leonard Eulerdən əvvəl gələn bəzi riyaziyyatçılar tərəfindən də bu simvol istifadə edilmişdir. Ancaq Leonard Eulerdən sonra gələn bütün riyaziyyatçılar bu simvolu mənimsəyib istifadə etdilər. ilk dəfə 1988-ci ildə qeyd olunmağa başlayan “Dünya Pi Günü” Amerika və Avropada müxtəlif fəaliyyətlərlə qeyd olunur. “Dünya Pi Günü” 14 Mart tarixində riyaziyyat sevənlər tərəfindən qeyd olunan gündür, çünki Pi ədədi riyaziyyatçılar arasında 3.14 –dür (3-cü ayın 14-ü).