“Beynəlxalq elmi konfranslarda ədəbiyyat tədqiqatçılarımız daha çox məruzə etməlidirlər”
İyl 03 , 2015 | 03:49 / Müsahibələr, çıxışlar
Oxunma ( 4094 )

Aynurə Paşayeva: “Qarabağ mövzusuna daha geniş yer verilsə, öz həqiqətlərimizin dünya ictimaiyyətinə tanıdılması yolunda daha böyük işlər görmüş olarıq”

Layihə çərçivəsində müsahibimiz AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı və kiçik elmi işçisi Aynurə Paşayevadır.

-Öncə özünüz, aldığınız təhsil və elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Aynurə Niyaz qızı Paşayeva 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 2005-ci ildə orta məktəbi bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavriaturasına (əyani) daxil olmuş, 2009-cu ildə oranı bitirmişəm. Elə həmin il Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin «Azərbaycan ədəbiyyatı» ixtisası üzrə magistraturasına (qiyabi) daxil olmuş, 2012-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm. 2010-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərirəm. Hal-hazırda həmin institutda həm doktorant, həm də kiçik elmi işçi vəzifəsində çalışıram.
-Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?
- 2012-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi doktorantura təhsili alıram. “Azərbaycan jurnalında publisistika məsələləri (1953-2010-cu illər)” adlı fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyirəm. Mövzu ilə bağlı müxtəlif beynəlxalq elmi konfranslarda məruzə etmiş, müxtəlif dövri elmi jurnallarda məqalələr çap etdirmişəm. Əvvəla, xüsusi qeyd edim ki, elə bir ədəbiyyat tədqiqatçımız yoxdur ki, onun “Azərbaycan” jurnalında hansısa bir məqaləsi çap olunmasın. 
1923-cü ildə fəaliyyətə başlayan “Maarif və mədəniyyət” jurnalının əsas məqsədi ölkədə mütərəqqi ictimai düşüncəni, klassik bədii əsərləri təbliğ etmək, qədim və zəngin maddi-mənəvi irsimizi tanıtmaq missiyasını şərəflə yerinə yetirmək olub. 1928-ci ildə ölkənin siyasi, ideoloji və ədəbi istiqamətində müəyyən dəyişiklik, kommunist məfkurəsinin və sosialist inqilabının qabardılmasının prioritet məsələ sayılması və mədəniyyətin inqilabi əhvali-ruhiyyəni gücləndirmək məqsədi ilə jurnalın “İnqilab və mədəniyyət” adlandırılmasını zərurətə çevirib. 
Böyük Vətən müharibəsi illərində jurnal “Vətən uğrunda” adlandırılıb, müharibə bitdikdən sonra jurnalın “İnqilab və mədəniyyət” adı yenidən bərpa olunub.
XX yüzilliyin 50-ci illərində Sovet siyasi sistemində mülayimləşmə dalğasının yayılması cəmiyyətdə ciddi yeniləşmə prossesinə təkan verdi. Coğrafi məna anlamından daha yüksəkdə dayanan, Xalq Cümhuriyyəti qurucularının siyasi, milli-mənəvi dəyər verdiyi “Azərbaycan” sözü “inqilab qoxulu mədəniyyəti” (“İnqilab və mədəniyyət” - A.P.) tarixin arxivinə göndərərək ən mötəbər jurnalın sərlövhəsinə çevrildi və 1953-cü ildən bu günədək “Azərbaycan” adı altında nəşrini davam etdirir.
Bu jurnal klassik Azərbaycan jurnalistikasının bədii sənətkarlıq ənənələrini çağdaş zamanın fakt və hadisələrinə istinadən təkmilləşdirir , müstəqillik dövrünün bədii salnaməsini yaratmağa xidmət göstərir, publisistikamızın ictimai-siyasi mühakimə gücünü artırır, ona yeni forma və janrların gəlməsini təmin edir. Müstəqillik dövrü Azərbaycan jurnalında dərc olunmuş publisistik məqalələrin ideya-estetik xüsusiyyətlərini, üslub zənginliyi, azadlıq uğrunda mübarizə əhvali-ruhiyyəsi, Qarabağ uğrunda gedən hadisə­ləri təfərrüatı ilə işıqlandırmaq meyli, həmin məqalələrdə, oçerklərdə xalq və vətən taleyini ön plana çəkmək cəhdi diqqətəla­yiqdir. Bütün bunlara görə, “Azər­baycan” jurnalında dərc olunmuş publisistik məqalələrin ətraflı şəkildə araşdırmaya cəlb olunması həm ədəbiyyatşünaslığımız, həm də müasir pulisistikamız üçün böyük əhəmiyyət daşıyır.
-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var? 
- Ümumiyyətlə, “Azərbaycan” jurnalı, Azərbaycan publisistikası ilə bağlı xaricdə tədqiqatlar kəmiyyət etibarı ilə azdır. Ən çox əldə etdiyim materiallar publisistika, jurnalistika nəzəriyyəsi ilə bağlı olan tədqiqatlardır ki, bu da əlbəttə ki, sayca çoxluq təşkil edir. 
-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz? 
- Xüsusi qeyd etmək istərdik ki, istər bütövlükdə publisistika, istərsə də “Azərbaycan” jurnalındakı publisistika ətrafında indiyədək aparılan tədqiqatlar daha çox sovet-ideoloji yanaşma istiqmətindən aparılıb, publisistikanın poetikası, estetik idealları, yeni tematika və üslub istiqamətləri ilə bağlı fundamental araşdırmalar ortaya qoyulmayıb. Bu mənada “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” mövzusu mühüm aktuallıq kəsb edir. Digər tərəfdən, müasir dünya ədəbi düşüncəsində publisistikanın getdikcə artmaqda olan faktları bizim milli ədəbiyyatşünaslığımızda və jurnalistika elmimizdə bu sahəyə yeni yanaşma tərzi tələb edir ki, bu da mövzunun aktuallığını bir daha şərtləndirən faktor kimi nəzərə alınmalıdır.
-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər? 
- Mənim çalışdığım Nizami adına Ədəbiyyat İnstitutunun çox hörmətli direktoru, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrdən elmi mühitimizdə böyük bir canlanma başlayıb. Həqiqətən də, akademik İsa Həbibbəyli bizim inkişafımız üçün çox çalışır. Zənnimcə, Azərbaycan mətbuatının nümunələrinin (Azərbaycan mühacirət mətbuatı da daxil olmaqla) transliterasiyalı nəşrlərini, yəni əski Azərbaycan əlifbasından latın əlifbasına çevrilərək çap olunub, oxucularımıza təqdim olunmasına ehtiyac var. Bunlar gələcək tədqiqatçılar üçün dəyərli mənbələrdir. Əməkdaşı olduğum “Mətbuat tarixi və publisistika” şöbəsinin müdiri fil.e.d., professor Asif Rüstəmlinin 01.07.2015-ci il tarixində Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin sədrliyi ilə Azərbaycan Milli mətbuatının 140 illik yubileyi münasibəti ilə görkəmli şərqşünas, mətbuat xadimi, Tacik milli mətbuatının banisi Mirzə Cəlal Yusifzadə və “Həqiqəti-əfkar” (1911-1912) qəzetinə həsr edilmiş tədbir keçirildi. Bundan əvvəl şöbənin elmi işçisi Müştəba Əliyev tərəfindən latın qrafikalı əlifbaya çevrilən “Ziya” (1879-1880) qəzetinin 19.02.2015-ci il tarixində institutumuzda tanıtım mərasimi keçiril­mişdi. Bütün bunlar mətbuat tariximizin inkişafı istiqamətində atılan uğurlu addımlardır. Azərbaycan elmini dünya elm meydanında tanıtmaq ən vacib amillərdən biridir. Bunun üçün ən birinci növbədə ingilis dilini bilmək mühüm şərtdir. Mən istərdim ki, ümumiyyətlə, zəngin Azərbaycan ədəbiyyatı, publisistikası ilə bağlı dünyanın ən nüfüzlü impakt faktorlu jurnallarında bizim tədqiqatçıların elmi əsərləri geniş yer alsın. Bizim tədqiqatçılar heç də dünyanın ən nüfuzlu elm xadimlərindən geri qalmır. 
Mən istərdim ki, ABŞ, Avropanın ən möhtəşəm beynəlxalq elmi konfranslarında azərbaycanlı ədəbiyyat tədqiqatçıları daha çox məruzə etsinlər. Həmin tədqiqatlar içərisində Qarabağ mövzusuna daha çox geniş yer verilsə, öz həqiqətlərimizin dünya ictimaiyyətinə tanıdılması yolunda daha böyük işlər görmüş olarıq. Mən istərdim ki, gənc alimlərimiz içərisində elmi dərəcə alanların sayı çox olsun.
-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?
- Elmi fəaliyyətimdə ən birinci planım “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyamı müdafiə etməkdir. Bu il ərzində 5 elmi konfransda məruzə etmişəm, inşallah, qarşıda bir neçə beynəlxalq elmi konfransda, eləcə də Azərbaycandan kənarda keçirilən beynəlxalq elmi konfranslarda məruzə etməyə hazırlaşıram. Bu yaxınlarda İsveçin elmi jurnalında (Theoretical & Applied Science, International Scientific Journal Impact Factor 1,3) məqaləm çap olundu. İnşallah, bu və ya digər mövzularla bağlı xarici impakt faktorlu elmi jurnallarda elmi məqalələri çap etdirmək niyyətindəyəm.
İlkin AĞAYEV

Palitra qəzəeti

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.