AMEA-da ilk dəfə interaktiv müzakirə təşkil olundu
Noy 02 , 2015 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 2709 )

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forum çərçivəsində Gənc Alim və Mütəxəssislər Şurası qarşıya oyduğu ilk məqsədi reallaşdırdı. Belə ki, Akademiyada, ümumiyyətlə elm camiyəsində ilk dəfə təşkil olunan “Akademik startaplar: nəyi nailiyyət hesab edək?", "Elmi tədqiqatlarda müxtəlif fondların rolu" və "İnovativ ideyalar və perspektivlər" kimi aktual mövzuların müzakirə həsr olunan bu tədbirin əsas məqsədi respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirlikləri, elmin inkişafina dəstək verən fondları, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirmək idi.

İnteraktiv müzakirə üçün həm olduqca aktual, gənc auditoriya üçün maraqlı mövzuların seçilməsi, həm də həmin mövzulara uyğun yüksək səviyəli ekspertlərin dəvət olunması bu tədbirə əlavə rəng qatmışdı. Gənclərə də auditoriyanı seçməkdə tam sərbəstlik verilmiş, heç kəs məcburi şəkildə müzakirələrə cəlb edilməmişdi.

AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin moderatoluğu ilə baş tutan "Akademik startaplar: nəyi nailiyyət hesab edək?" müzakirəsində
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, AMEA-nın ictimai-siyasi bölmənin akademik katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova Forumun ilk iş günündə interaktiv müzakirə təşkil etməyin məqsədəuyğun hesab olunduğunu vurğuladılar. Qeyd etdilər ki, bu müzakirəyə ilk növbədə Akademiya gəncləri üçün maraq doğuran prioritet mövzular seçilib. Onların sözlərinə görə, bəzən elmlə məşğul olan gənclərimizin gözəl ideyaları olur. Amma bu ideyanı gerçəkləşdirmək üçün ya yol göstərənə, ya da müəyyən şəraitə ehtiyac yaranır. Məhz bu anda köməyə akademik startaplar gəlir.
Startap (startup) sözünün son zamanlar ən çox işlənən sözlərdən biri olduğunu vurğulayan ekspertlər bildirdilər ki, əgər siz yeni bir işə başlayırsınızsa, bu, startapdır. Startap yeni bir işi, bir ideyanı iş modeli olaraq həyata keçirmək, fikri ticariləşdirməkdir. Yeni bir iş modeli qurur və bundan qazanc əldə edirsinizsə, bu, sizin startapınızdır. 
Ekspertlər bildirdilər ki, daha çox proqram təminatı yönümlü elmi  layihələrə üstünlük veririk.
İnkişaf etmiş ölkələrdə investorlar startapların ideyasının həyata keçməsinə maliyyə baxımından yardım edilməsi baxımından mövcud vəziyyəti xarakterizə edən mütəxəssislər dedilər ki, startaplara investorların maliyyə yardımı etməsilə bağlı bizdə hələ qanunvericilik yoxdur. Bunun üzərində iş gedir.

Auditoriyanın hər bir üzvünün maraqlı suallarına ekspertlərin verdiyi cavablar alqışlarla qarşılanırdı.

"Elmi tədqiqatlarda mövcud fondların rolu" interaktiv müzakirədə auditoriyada gənclərin böyük aktivliyi ilə seçilirdi. Çünki İctimai Televiziyanın aparıcısı Orxan Cabbarlının moderatorluq etdiyi bu bölümə birbaşa Fondların rəhbərləri qatılmışdı. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin iştirakı Akademiya rəhbərliyinin bu müzakirələrə nə qədər ciddi önəm verməsindən xəbər verirdi. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, SOCAR Elm Fondunun nümayəndəsi məlumat verdilər ki, Fondların elan etdiyi müsabiqələrə gənc alimlərin göndərdiyi layihələr arasında çox uğurlu ola biləcək ideyalara rast gəlmək olur. Bunların bir çoxu yeniliklər vəd edir, digərləri fərqli yanaşmalar təklif edir, bəziləri istifadəçilər üçün çox sadə həll yolları yaradıb. Ümumilikdə, gələcək üçün potensial vəd edən layihələr irəli sürən gənclərimiz artıq özlərini göstərməyə başlayıblar. Bəzi layihələr ölkədən kənarda da xidmət göstərməyə hazırlaşır və artıq bu sahədə bəzi işlər görülüb. Fondların rəhbərləri vurğuladılar ki, hətta ölkədən kənarda xidmət göstərəcək layihələrə də dəstək olurlar və hazırda bu sahədə necə işləyəcəyimizi planlaşdırılır. Onlar inam ifadə etdilər ki, Azərbaycanın gənc təşəbbüskarları artıq dünya bazarına çıxmağa hazırdır.
Mütəxəssislər vurğuladı ki, sevindirici haldır ki, bəzi layihələrin əksəriyyətində düzgün biznes baxışını da görmək olur, yəni gənclərimiz yalnız yeniliklər tətbiq etmək deyil, bazardakı ehtiyacı düzgün formada qarşılamağa çalışırlar.
İnanıram ki, bu kimi gənc dostlarımız gələcəkdə ölkəmizdə biznes sahələrinin şaxələnməsində və dolayısıyla iqtisadiyyatımızın daha da güclənməsində əvəzsiz rol oynayacaqlar.
Auditoriyanın hər bir sualı ekspertlərimiz tərəfindən ətraflı cavablandırıldı və onlara dəyərli məsləhətlər verildi.

Üçüncü müzakirə mövzusu olaraq "İnovativ ideyalar və perspektivlər" seçilmişdi. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevin idarə etdiyi bu panel müzakirəsinə çox maraqlı qonaqlar dəvət olunmuşdu. AMEA-nın İnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Bayramov və akademik Vaqif Abbasov yeni formalaşmaqda olan inovasiyalı inkişaf, hökumətin bu sahənin inkişafına yönələn siyasəti, gənclərin inovativ ideyaları, onların reallaşdırılması imkanları, gələcək perspektivləri haqqında kifayət qədər maraqlı və dolğun məlumatlar verdilər.

Ekspertlər bildirdilər ki, müasir dövrümüz dünya iqtisadiyyatının biliklər, texnologiyalar və inovasiyalar əsasında formalaşması və inkişaf etdirilməsi ilə xarakterizə olunur. Auditoriya iştirakçılarına izah olundu ki, innovasiya adı altında yeni texnologiyalar, yeni məhsul və xidmət növləri, istehsalın, əməyin və idarəetmənin təşkilində yeniliklərdən istifadə başa düşülür. İnnovasiyanın yeniliyi, iqtisadi cəhətdən əsaslandırılmış olması, istehsalçıların tələblərini ödəməsi onun zəruri xüsusiyyətləri hesab olunur. Müasir dünyada bütün innovasiya strukturlarının yeni növləri arasında elmi-texnoloji parklar özünün çoxfunksiyalılığı, həll etdiyi məsələlərin müxtəlifliyi ilə seçilir.Onlar qeyd etdilər ki, Azərbaycanda, xüsusən Akademiyada beynəlxalq təcrübəyə əsaslanaraq, yeni formalaşmağa başlayan inovasiya mərkəzlərində, texnoparklarda yüksək texnologiyalar istehsalı üçün araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü, yetərli məlumat bazası, yetərli maliyyə dəstəyi, proqramlı bir şəkildə elmi tədqiqatların aparılması olduqca vacibdir. Bu müzakirədə də ekspertlər auditoriya üzvlərinin suallarını cavablandırdı, rəy və təkliflərini dinləyib, faydalı məsələhətlərini verdilər.

 

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.