Nobel mükafatçıları qlobal problemlərdən çıxış yollarını Bakıda müzakirə ediblər
Sen 29 , 2016 | 06:03 /
Oxunma ( 3022 )

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin moderatorluğu ilə V Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclası davam edib.

A. Əlizadə deyib ki, plenar iclasda 13 Nobel mükafatı laureatı iştirak edir.

Daha sonra Nobel mükafatı laureatları çıxış ediblər. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka deyib ki, insanlar get-gedə daha çox məcburi köçkün və didərgin vəziyyətinə düşürlər: “Biz öncədən proqnozlaşdırmadığımız üçün qaçqın böhranı ilə üzləşmişik. Söhbət böyük şəhərlərin yer üzündən silinməsindən gedir və biz burada təbiəti günahlandıra bilmərik. Bu gün müəyyən imperialist dairələrin Afrikada da maraqları var. Aldatmaq imkanları getdikcə azalır və qitəmizin insanları getdikcə daha çox suallar verirlər. Biz demaqoqlardan soruşmalıyıq ki, bəşəriyyət üçün nə edirlər? Biz problemlərin həlli üçün birgə səylər göstərməliyik”.

Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus bütün problemlərin cavabının elm vasitəsilə tapılacağına inandığını söyləyib. Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Riçard Con Roberts isə 1980-ci illərdən başlayaraq genetik modifikasiya olunmuş (GMO) məhsulların yayıldığını nəzərə çatdırıb: “Əslində GMO məhsulları sağlam məhsullardır. Ancaq dünyanın müxtəlif ölkələrində yaşıllar belə məhsulların təhlükəli olduğu barədə məlumat yaymağa başladılar. Bunun nəticəsində də bəzi ölkələrdə GMO məhsulları qadağan edilib. Biz Qərbdə müəyyən bəyanatlar verəndə onun hansı fəsadlar və nəticələr verəcəyini düşünməliyik. GMO məhsulları inkişaf etməkdə olan ölkələr üçün vacibdir”.

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel dünyada əhalinin çox olması səbəbindən resurs çatışmazlığı yarandığını vurğulayıb: “Dünyanın böyük bir hissəsi elmi tərəqqinin nəticələrini başa düşmür. 50 il əvvəl İtaliyada ailədə 10-12 uşaq normal sayılırdı. Ötən 50 il ərzində İtaliyada xanımlar elə maarifləniblər ki, əhalinin azalması müşahidə olunur. Yalnız kişilər təhsil alsa, əhali artımı və resurs çatışmazlığı problemi həll olunmayacaq, xanımlar da təhsil almalıdır. Elm, maarifləndirmə əhalinin say artımının aşağı düşməsi ilə bərabər, əhalinin azalmasının qarşısını da ala bilər. Problemlərin uzunmüddətli həllində əsas vasitə təhsildir”.

Fizika üzrə Nobel mükafatı laureatı Robert  Betts Laflin bu gün dünyada ucuz enerji resursları dövrü yaşandığını bildirib: “Enerji resursları yerdən çıxarılır və bir dəfə istifadə edilir. Bu gün enerjinin dünyada proseslərə təsiri nisbətən az olsa da, 200-1000 il sonranı, nəvələrimizi, nəticələrimizi də düşünməliyik. Enerji tam iqtisadiyyat problemi deyil, çünki iqtisadiyyat enerji problemini tam həll edə bilməyib. Yəni bu gün enerji resursu yerin təkində var, istifadə edilir, sabah olmayacaq. Problemlərin həllində elm də təklikdə yetərli deyil. Məsələn, ABŞ dövləti zamanında “İntel” şirkətinə dəstək verməsəydi, bu gün cib telefonları olmayacaqdı. Çünki bu iş üçün çox böyük sərmayə lazım idi. Azərbaycanda da istedadlı gənclər var. Mən zamanında elmdə müəyyən addımlar ata bilmişəmsə, istedadlı gənclər də bu işləri görə bilər”.

 İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott iqtisadiyyatın inkişafında siyasət amilinə diqqət çəkib: “2007-dən sonra ABŞ-da iqtisadiyyatda ciddi irəliləyiş olmayıb. Amma işsizlərlə bağlı ciddi problem yoxdur. Adama elə gələ bilər ki, ABŞ-da Ümumi Daxili Məhsul aşağı düşüb. Lakin ÜDM iqtisadiyyatın dəqiq ölçülməsi üçün yetərli deyil. Məsələn, şirkətlər məhsul istehsalı üçün nəhəng maşınlar, avadanlıqlar alıblar və bunlar ÜDM artımına daxil edilmir. Bu gün yeni texnika icad edənlər üçün bazar genişdir. Bu sahəyə qoyulan sərmayə gələcəkdə gəlir verəcək. Ona görə də iqtisadiyyatın inkişafının yalnız ÜDM-lə ölçülməsi düzgün qənaətə gəlmək üçün yetərli deyil”.

 Kimya üzrə Nobel mükafatı laureatı Avram Herşko əvvəllər tibdə nailiyyətlərin sadə, elementar yolla əldə olunduğunu xatırladıb: “Məsələn, pensilin kimi antibiotik təsadüfən kəşf edilib, bununla da milyonlarla insanın həyatını xilas etmək mümkün olub. Ancaq biz indi proteinlərlə bağlı ciddi araşdırmalar aparırıq”.

 İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland bu gün dünyada müşahidə olunan iqtisadi böhrana toxunub: “Mərkəzi banklar dünyada iqtisadiyyatın inkişafında mühüm rol oynayır. ABŞ da daxil olmaqla, bəzi ölkələrin inkişafında ləngimələr nə ilə bağlıdır? Məncə, bu, gələcək maliyyə siyasətinin qeyri-müəyyənliyi ilə əlaqədardır. İqtisadçılar düşünür ki, bu qeyri-müəyyənlik sərmayə qoyuluşunun da qarşısını alır. Biz bir müddətdir ki, avrozonada olan maliyyə problemindən danışırıq. Maliyyə durumu zəif olan dövlətlər avrozonadan çıxarsa, problemlər həll olunacaqmı? Həll olunmayacaq. İtaliya, İspaniya və Portuqaliyanın problemləri avrozonaya qoşulmazdan əvvəl başlayıb. Dünya iqtisadiyyatında Çinin rolu artıb, ancaq gələcəkdə bu rol azalacaq. Çin hökuməti bank sektorunu açıq elan etsə, bu ölkəyə daha böyük sərmayə qoyula bilər. Çindəki mövcud sistemdə bu, mümkün deyil. Son 20 ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayələr qoyulub və bu ölkədə problemlər də xoşxassəli ola bilər. Xüsusən təhsil sistemində islahatlara diqqət yetirilməlidir”.

Sonra Fizika üzrə Nobel mükafatı laureatı Corc Fitcerald Smuta söz verən A. Əlizadə nəzərə çatdırıb ki, məhz bu alimin təşəbbüsü ilə AMEA-da biofizika istiqaməti yaradılıb. Diqqətə görə təşəkkürünü çatdıran C. F. Smut hazırda dünyada davamlı inkişafın müşahidə olunmadığını qeyd edib: “Hələ də dünyanın müxtəlif yerlərində yaxşı yaşamayan insanlar var və bunun da nəticələri yaxşı olmayacaq. Dövlət təsisatları qloballaşma ilə ayaqlaşa bilmirlər. İnsanların fərqli yaşaması faciəli haldır. ABŞ-da bir milyarder deyib ki, iqlim dəyişikliyi ona təsir etmir, çünki şəxsi təyyarədə uçur və orada da temperaturu tənzimləyir. Ancaq insan sərmayə qoyuluşunda ağıllı, müdrik olmalıdır. İnkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan dövlətlərə yardımı, texnogen, təbii fəlakətlərlə birgə mübarizə son nəticədə ümumi iqtisadi inkişafı şərtləndirər. Dünyada su mənbələri ilə bağlı ciddi problemlər var və gələn il keçiriləcək beynəlxalq tədbirdə bu sahədə aparılan tədqiqatların nəticələri açıqlanacaq, həll yolları barədə fikirlər açıqlanacaq.  Digər tərəfdən, bu gün dünyada havanın temperaturunun 0,5 dərəcə artdığı da faktdır. Ümumən dünyada yaxşı idarəçiliklə problemlərin həllinə nail olmaq mümkündür”.

Kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman Sinqapurda bir qadına bir uşaq, Əlcəzairdə, Malidə bir qadına 7 uşaq düşdüyünü söyləyib: “Bir qadına bir uşaq düşürsə, o ölkədə əhalinin sayı iki dəfə azalacaq. Ancaq o da bəllidir ki, insan əsas resursdur. Buna görə də problemin həlli mürəkkəbdir. Əsas odur ki, hamı üçün təhsil imkanı yaradılsın, hətta bütün hamı üçün pulsuz təhsil mümkün olsun. Mən uzun illərdir İsraildə texnoloji sahibkarlığı tədris edirəm. İsraildə bu sahədə mütəxəssislərin 50 faizi mənim mühazirələrimdə olub. Biz artıq orta məktəblərdə elmi tədris etməyə başlamalıyıq”.

http://apa.az/sosial_xeberler/bakida-nobel-mukafati-laureatlari-dunyanin-uzlesdiyi-problemlerden-cixis-yollari-barede-tekliflerle-cixis-edibler.html

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.