Okt 20 , 2016 | 01:35 / Elmi nəşrlər
AMEA Gənc Alim və Mütəxəssislər Şurası 20 oktyabr 2016-cı il tarixdən başlayaraq "Gənc tədqiqatçı" jurnalının növbəti sayı (cild 4, nömrə 1) üçün məqalə qəbuluna başladı. Şuranın yaydığı elanda bildirilir ki, üç dildə (azərbaycan, rus və ingilis) qəbul olunacaq məqalələrin təqdimi üçün son tarix 01 yanvar 2017-ci ildir. Jurnala AMEA-nın institut və təşkilatlarında, eləcə də respublikamızın müvafiq elm-təhsil müəssisələrində çalışan və təhsil alan 40 yaşa qədər gənc alim, mütəxəssis, doktorant, magistr, bakalavr və s. məqalə təqdim edə bilər. Məqalələr aparılan elmi tədqiqatların ən mühüm nəticələrini özündə əks etdirməli və heç bir elmi dərgidə dərc edilməməlidir.
Müəlliflər üçün qaydalar:
Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul olunur;
Məqalələrə azərbaycan, rus və ingilis dillərində xülasə və açar sözlər əlavə olunmalıdır;
İngilis dilində təqdim olunan məqalələrə üstünlük verilir;
Məqalənin həcmi cədvəllər, şəkillər, ədəbiyyat siyahısı və xülasələr daxil olmaqla 10 səhifədən artıq olmamalıdır;
Məqalə iki variantda təqdim olunmalıdır: çap və disk formatında. Mətn Times New Roman, 12 şrift və bir intervalla yığılmalıdır. Yazı sahəsi üçün sol və sağdan 2 sm, yuxarı və aşağıdan 3 sm sahə buraxılmalıdır;
Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır:
− Universal Onluq Təsnifatı (UOT) əsasında mövzunun şifrəsi (soldan)
− müəllif(lər)in inisial(lar)ı və soyad(lar)ı;
− məqalənin adı;
− təşkilatın adı (müəlliflər müxtəlif təşkilatlardan olduqda, müəssisələrin adlarından əvvəl artma ardıcıllığı ilə rəqəmlər yazılmalı və həmin rəqəmlər sətirüstü indeksdə müəlliflərin soyadlarından sonra göstərilməlidir;
− əsas mətndən əvvəl məqalənin yazıldığı dildə xülasə və açar sözlər;
− əsas mətn;
− ədəbiyyat siyahısı məqalənin sonunda verilir, müəllif(lər)in soyad(lar)ı və inisial(lar)ı, kitabın adı, ili, nəşriyyatı, səhifələrinin sayı; jurnalın adı, ili, nömrəsi, məqalənin başlanğıc və sonuncu səhifələri göstərilməlidir. Mətndə qaynaqlara istinad kvadrat mötərizədə onların nömrələri ardıcıllıqla qeyd edilməklə verilir, məs: [4].
Cədvəllərin adı və nömrəsi onların üstündə verilməli və onlara mətndə istinad edilməlidir. Cədvəllər bir səhifədən digərinə keçirilməməlidir. Məqalədə şəkillərin (qrafik, xəritə, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) həm mətnin içərisində, həm də JPEG (*.jpeg, *.jpg) formatında fayl şəklində verilir (başqa formatlar qəbul olunmur). Şəkilaltı yazı “şəkil” sözü ilə nişanlanır və ərəb rəqəmləri ilə ardıcıl nömrələnir;
Ölçü vahidlərini seçərkən onların Beynəlxalq Vahidlər Sisteminə (Sİ) uyğun olması vacibdir;
Düsturlar və formullar Microsoft Equation 3 redaktorunda yığılır. Düsturun nömrəsi sağda mötərizədə yazılır. Düstur yazılan sətrin uzunluğu 8 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi daxil olmaqla). Əgər düsturun davamını sətirdən-sətrə riyazi qaydanı gözləməklə keçirdikdə 8 sm kifayət etmirsə, onda uzunluq düsturun nömrəsi daxil olmaqla 16,5 sm-dən böyük olmamalıdır;
Məqalənin mətni bütün müəlliflər tərəfindən imzalanmalıdır;
Məqaləyə müəlliflər haqqında aşağıdakı məlumatlar əlavə edilməlidir: soyadı, adı, atasının adı, iş yeri, e-mail və hər bir müəllifin əlaqə telefonları. Həmçinin redaksiyanın əlaqə saxlayacağı müəllif ayrıca qeyd olunmalıdır;
Məqaləyə müvafiq təşkilatın rəsmi rəyi (Elmi Şuranın və s.) əlavə olunmalıdır;
Sadalanan tələblərə cavab verməyən məqalələr qaytarılır. Məqalənin daxilolma tarixi onun redaksiya tərəfindən sonuncu dəfə qəbul edilən tarixi sayılır;
Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır;
Redaksiya heyəti tərəfindən qaytarılan məqalələrə təkrar baxılmır.
Əlaqə vasitələri:
Azərbaycan Milli Elmlər Akademiyası, H.Cavid, 131
Tel.: 0125392579
E-mail: [email protected]