Elmin İnkişaf Fondu: 7-dən 70-ə doğru....
Okt 21 , 2016 | 02:15 /
Oxunma ( 3059 )

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasından 7 il keçir. Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixində imzaladığı sərəncamla fəaliyyətə başlayan "bu Fond qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə nail oldu" desək, heç də yanılmarıq. Çünki Elm Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılması idisə, bunlar hamısı yerinə yetrilib. Ən əsası Fondun fəaliyyəti ilə ölkəmizdə elmin maliyyələşdirlməsində tamamilə yeni yanaşmanın əsası qoyulub. Fond fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirmiş, bu məqsədə doğru inamla addımlamışdır. Nəticə etibari ilə Elmin İnkişaf Fondu tərəfindən dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən elmi tədqiqat layihələri və digər elmi tədbirlər birbaşa Azərbaycan elminin dünya elminə inteqrasiyasına, eləcə də ölkə iqtisadiyyatında elmin rolunun artırılmasına xidmət edir. Yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, təkcə AMEA üzrə 38 tədqiqat institutlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb.
AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq diqqətimizi cəlb edən məqamlardan biri Elmin İnkişafı Fondu tərəfindən məhz gənc alimlərin fəaliyyətinin dəstəklənməsinə böyük önəm verilməsi olub. Xüsusən, hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda mütəmadi olaraq ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılmasında yeganə həlledici amilə çevrilib. Bu müsabiqələrin nəticəsində xeyli istedadlı gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçmişdir, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak etmiş, elmi məqalələri xarici ölkələrin yüksək risenziyalı jurnallarında dərc olunub. Bir yerdə dayanmadan daim axtarışda və yeniliklər sorağında olan Elmimizin Fondu bu uğurlara azsaylı komanda şəklində işləyə bilən əməkdaşları ilə nail olublar. Sayları az olsa da ürəkləri geniş, enerjiləri isə tükənməz olan həmkarlarımızı AMEA-nın 4 minlik gənclər ordusu adından yubileyləri münasibəti ilə ürəkdənm təbrik edirik. Arzulayırıq, 70 illik ad günlərini qeyd etsinlər. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.