Fotos
Elmin ən yüksək pilləsinə doğru...
Noy 01 , 2016 | 10:04 / ELMİN TƏBLİĞİ
Oxunma ( 5063 )

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərindən daha biri - Rəvan Rəhimov kimya üzrə elmlər doktoru dissertasiya işini uğurla müdafiə etdi. O, respublikamızın gənc alimləri sırasında özünəməxsus bilik-bacarığı, elmə töhfələri ilə seçilən istedadlı gənc mütəxəssislərdəndir.

Tanıyanlara xatırlatmaq, tanımayanların diqqətinə çatdırmaq yerinə düşər ki, Rəhimov Rəvan Abdullətif oğlu 28.06.1980-cı il tarixində İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. O, 1986-1997-ci illərdə İsmayıllı rayon Qalacıq kənd orta məktəbində təhsil alıb.

Gənc alimin elmə gəlişinin ilk pillələri Bakı Dövlət Universiteti ilə bağlıdır. Məktəbi bitirdikdən sonra BDU-nun kimya fakültəsinə daxil olan Rəvan 2001-ci ildə bakalavr təhsilini bitirikdən sonra elə həmin ildə BDU-nun “Yüksək Molekullu Birləşmələr” kimyası ixtisası üzrə magistraturasına qəbul olub. Elmə qarşı xüsusi istedadı ilə seçilən R.Rəhimov 2003-cü ildə magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib.

Laboratoriya şəraitində bilik və bacarıqlarını artırmaq üçün o 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun “Səthi-aktiv maddələr və preparatlar” laboratoriyasında elmi fəaliyyətə başlayıb.

2003-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olan R.Rəhimov 2007-ci ildə “Çoxatomlu spirtlər və propilen oksidi əsasında benzinin buxarlanmasını ləngidən reagentlərin alınması və tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.

Bununla yetinməyən gənc alim karyerasını yeni mərhələyə yüksəltmək üçün 2011-ci ildə “Neft kimyası” ixtisası ilə elmlər doktoru mərhələsi üzrə doktoranturaya daxil olur. 24.06.2015-ci ildə elmi işini tamamlayaraq Neft-Kimya Prosesləri İnstitutunun Böyük Elmi Şurasında müzakirəyə çıxarır.

Qeyd edək ki, 2011 və 2014-cü illərdə R.Rəhimovun tədqim etdiyi layihələr Azərbaycan Respublikası Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc Alim və mütəxəssislərin qrant müsabiqələrinin qalibi olub.

R.A.Rəhimov 21 oktyabr 2016-cı ildə “Təbii triqliseridlər, (alkanol)aminlər və (C3) epoksidlər əsasında yeni səthi-aktiv maddələrin sintezi və tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edib. Beləliklə İxtisaslaşmış Şuranın üzvləri tərəfindən kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq olduğu qənaətinə gəlinib.

R.Rəhimov eyni zamanda 130-dan çox elmi əsərin həmmüəllifidir. Onlardan 65-dən çoxu məqalə, 3-ü isə Azərbaycan Respublikasının patentidir. Məqalələrdən 30-dan çoxu xarici ölkələrin (Almaniya, İngiltərə, Ukrayna, Koreya, ABŞ, Yaponiya, Malaziya, Efiopiya, Rusiya, həmçinin dünyanın ən nüfuzlu redaksiyaları olan “Elsevier”, “Springer” və “Taylor & Francis”) nüfuzlu jurnallarında, həmçinin onlardan 15-i “Thomson Reuters” Agentliyinin siyahısına düşən jurnallardır.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.