Səbuhi Qəhrəmanov: “Elm” nəşriyyatının fəaliyyəti müasir tələblər səviyyəsinə qaldırılıb”
Yan 22 , 2026 | 01:57 /
Oxunma ( 41 )

AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbirdə nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “AMEA-nın “Elm” nəşriyyatının inkişaf yolu və qarşıda duran vəzifələr” adlı məruzə ilə çıxış edib.

O bildirib ki, AMEA-nın sələfi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti təsis edilərkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin sistemli şəkildə nəşri, elmi jurnalların təsis edilməsi olub. O, Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair çoxsaylı əsərlərin çapının planlaşdırılmasının nəşriyyatın yaradılmasını labüd etdiyini vurğulayıb: “Bu məqsədlə 1925-ci ildə Nəşriyyat yaradılmış, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Blinov və elmi katib Bəkir Çobanzadəyə həvalə edilmişdir”.

Sonrakı onilliklərdə nəşriyyatın ayrı-ayrı qurumların tabeliyində fəaliyyət göstərdiyini deyən S.Qəhrəmanov bildirib ki, bütün bunlara baxmayaraq, müəssisənin missiyası hər zaman Azərbaycanda elmi biliklərin yayılmasına xidmət etmək, milli kitab mədəniyyətini inkişaf etdirmək və müxtəlif elm sahələrində aparılan fundamental tədqiqatların nəşrini təmin etmək olub. Bu tarixi yolun formalaşmasında Azərbaycan elminin böyük şəxsiyyətlərinin – akademiklərin, alimlərin, redaktorların, rəssamların əməyini xüsusi vurğulayıb.

Məruzəçi son illər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində “Elm” nəşriyyatının da modernləşmə və inkişaf prosesinə qoşulduğunu diqqətə çatdırıb. O, Akademiya rəhbərliyinin qayğısı nəticəsində nəşriyyatın fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırıldığını, müəssisənin maddi-texniki bazasının son iki ildə əsaslı şəkildə yenilənərək müasir standartlara uyğunlaşdırıldığını, yeni avadanlıqlar alındığını əlavə edib.

S.Qəhrəmanov məruzəsində nəşriyyatın beynəlxalq əməkdaşlığı, standartlaşdırma sahəsindəki fəaliyyəti, yerli və beynəlxalq sərgilərdə iştirakı, müəssisənin yenilənmiş veb-saytı, ümumən müəssisənin son illər əldə etdiyi uğurlar haqqında da ətraflı məlumat verib. Sonda bir daha yubiley münasibətilə hər kəsi təbrik edib, “Elm” nəşriyyatına, əməkdaşlara yeni nailiyyətlər arzulayıb.

Science.gov.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.