Azərbaycanda intellektual gəncliyin formalaşması ardıcıl dövlət siyasətinin nəticəsidir
Mart 05 , 2026 | 01:38 /
Oxunma ( 45 )

Azərbaycanda intellektual və yaradıcı gəncliyin formalaşması həyata keçirilən məqsədyönlü, düzgün və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi ölkədə yüksəkixtisaslı kadr potensialının formalaşmasına mühüm töhfə verir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında” 4 mart 2026-cı il tarixli Sərəncama əsasən, adları “Qızıl kitab”a daxil edilmiş gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb. Bu qərar dövlətin mədəniyyət və incəsənət sahəsində gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Bu fikirləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin elmi işçisi, Gənc Alimlər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə açıqlamasında bildirib.

Alimin sözlərinə görə, gənclər hər bir ölkənin ən dinamik, yaradıcı və fəal təbəqəsidir. Dövlətin maddi və mənəvi tərəqqisi birbaşa olaraq gənclərin dünyagörüşü, təhsil səviyyəsi və ictimai fəallığı ilə bağlıdır. Məhz bu səbəbdən Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşdırılıb.

Qeyd edib ki, müasir mərhələdə Azərbaycan gəncliyi siyasi, iqtisadi, sosial, mədəni və humanitar sahələrdə fəal iştirak edir. Dövlət tərəfindən yaradılan geniş imkanlar gənclərin bilik və bacarıqlarını reallaşdırmasına, cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradır.

Şəbnəm Mirzəzadə vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci ildə təsdiqlənmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Gənclər və İdman Nazirliyinin yenidən təşkili bu sahədə atılmış mühüm addımlar sırasındadır. Xüsusilə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” minlərlə gəncin dünyanın aparıcı ali məktəblərində təhsil almasına imkan yaradaraq ölkənin gələcək kadr potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verib.

“Adların “Qızıl kitab”a daxil edilməsi xüsusi istedada malik gənclərin dövlət səviyyəsində tanınması deməkdir. Bu, təkcə maddi dəstək deyil, eyni zamanda mənəvi stimul, ictimai nüfuz və gələcək yaradıcılıq fəaliyyəti üçün geniş imkanlar yaradır”, – deyə alim vurğulayıb.

O, əlavə edib ki, ayrılan vəsait yaradıcılıq sahəsində çalışan gənclərin üzləşdiyi maliyyə çətinliklərinin aradan qaldırılmasına, onların layihələrini reallaşdırmasına, beynəlxalq müsabiqə və festivallarda iştirakına real dəstəkdir. Bu, gənclərin diqqətini maddi qayğılardan daha çox yaradıcılığa yönəltməyə imkan verir.

Şəbnəm Mirzəzadə bildirib ki, gənc istedadlara xüsusi təqaüdlərin verilməsi olduqca zəruri və təqdirəlayiq addımdır. Alimin fikrincə, əldə olunan nəticələrin uzunmüddətli və daha təsirli olması üçün bu prosesin sistemli şəkildə davam etdirilməsi vacibdir. O, maddi dəstəklə yanaşı, gənc istedadlar üçün ustad dərslərinin təşkili, beynəlxalq layihələrdə iştirak imkanlarının genişləndirilməsi və xarici təcrübə proqramlarına çıxışın artırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Alim bildirib ki, gənc istedadlara xüsusi təqaüdlərin verilməsi ilə bağlı imzalanmış Sərəncam dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu gün dəstəklənən hər bir gənc istedad sabah ölkənin mədəni və intellektual simasını formalaşdıran əsas qüvvəyə çevriləcək. Azərbaycanda sağlam düşüncəli, vətənpərvər və intellektual gəncliyin formalaşması məhz bu ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

“Azərbaycan gəncliyi göstərilən bu yüksək etimadı doğrultmaq üçün bundan sonra da ölkəmizin inkişafı naminə əzmlə və məsuliyyətlə çalışacaqdır”, – deyə Şəbnəm Mirzəzadə vurğulayıb.

Science.gov.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.