Mart 17 , 2026 | 03:07 / Mühüm hadisələr
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə “Novruz ənənələri və müasir gənclik” mövzusunda tədbir keçirilib.
Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının nümayəndələri, gənc alimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev gəncləri qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. Natiq çıxışında Novruz bayramının əsrlərdən gələn ənənələrinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə toxunub.
Daha sonra AMEA-nın Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını və akademiyada görülən işlərdən, eyni zamanda gələcək üçün nəzərdə tutulan layihələrdən danışıb.
Sonra məruzələr dinlənilib. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Novruz bayramı milli-mədəni gerçəkliyi generasiya edən dəyərlər sistemi kimi: fəlsəfi baxış” adlı məruzəsində Novruz bayramının semantik fəlsəfəsinə toxunub, bu problemə olan elmi baxışı izah edib. Bundan sonra AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova “Azərbaycan folklorunda Novruz: ənənə, yaddaş və mənəvi dəyərlər”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev “Azərbaycan yazılı ədəbiyyatında Novruz ənənələrinin əksi” və AMEA-nın Dilçilik İnstitutunun elmi işçisi Aynur Saydova “Türk xalqlarının dilində Novruz leksikası” adlı məruzələrlə çıxış ediblər.
Məruzələrdən sonra AMEA-nın Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru, dosent Səfa Qarayev Novruzun müxtəlif adət və ənənələrinin tarixi-mifoloji xüsusiyyətləri haqqında danışıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.









16875088521721716066.jpg)







