Mart 27 , 2026 | 10:10 /
Hörmətli Akademiya əməkdaşları,
Alimlərin peşə bayramı olan 27 mart Elm Günü münasibətilə Milli Elmlər Akademiyasının kollektivini və öllkəmizin elmi ictimaiyyətini ürəkdən təbrik edirəm.
Elm cəmiyyətin intellektual inkişafının, mədəni yüksəlişinin və mənəvi təkamülünün əsas hərəkətverici qüvvələrindən biridir. Azərbaycan Milli Elmlər Akademiyası, alimlərimiz uzun illər ərzində ölkəmizin elmi potensialının formalaşmasında və inkişafında, müstəqil dövlətimizin hərtərəfli surətdə tərəqqi etməsində və yeni elmi nəsillərin yetişdirilib hazırlanmasında mühüm rol oynamışlar.
Bu gün də alimlərin çoxcəhətli elmi fəaliyyəti, yenilikçi yanaşmaları və dünya təcrübəsindən yaradıcı şəkildə istifadə edərək ölkəmizin mədəni-texniki yüksəlişinə xidmət etmələri Akademiyanın fəaliyyətinin aparıcı istiqamətlərini təyin edir. Aparılan araşdırmalar ölkəmizdə rəqəmsal cəmiyyətin inkişafına töhfə verməklə yanaşı, Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasına və nüfuzunun möhkəmlənməsinə xidmət göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasının, alimlərimizin elmi fəaliyyəti hər zaman olduğu kimi, bu gün də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və dərin məzmunlu proqram xarakterli nitqi qarşımızda yeni tarixi dövrdə elmin inkişafı ilə əlaqədar yeni vəzifələr qoymuşdur. Hazırda elmi kollektivlərimiz süni intellekt texnologiyalarının elmin müxtəlif sahələrinə tətbiqi ilə əlaqədar yeni və mühüm vəzifələri həyata keçirmək yollarında inamla çalışmaqdadırlar.
Sizə elmi fəaliyyətinizdə yeni-yeni uğurlar, yaradıcılıq enerjisi və şəxsi həyatınızda möhkəm cansağlığı arzulayıram.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
27 mart 2026-cı il









16875088521721716066.jpg)







