Apr 02 , 2026 | 04:51 / Mühüm hadisələr
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Gənclər Akademiyasının təşkilatçılığı ilə Elm gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının nümayəndələri, gənc alimlər və doktorantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev gəncləri Elm günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, elmin cəmiyyətin davamlı inkişafında və innovativ potensialın gücləndirilməsində mühüm rolunun olduğunu vurğulayaraq gənc tədqiqatçıların təşviqi, elmi kadrların hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamət olduğunu bildirib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Elm gününün təsis olunması tarixinə toxunaraq Akademiyanın keçmişdə və bu gün ölkənin elmi həyatında oynadığı roldan danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ildə imzaladığı müvafiq Sərəncamdan sonra AMEA-da yeni bir mərhələ başlayıb və bu mərhələdə gənclərə xüsusi önəm verilir.
Daha sonra tədbirdə məruzələr dinlənilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Xəyal Əsgərli “Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətində”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova “Azərbaycan-Çin ədəbi əlaqələri”, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, Prezident mükafatçısı Mircavid Ağalarov “XXI əsrdə Arxeologiya elmi”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Oksana Məmmədova “Memorial komplekslər: Gəncə Memorial kompleksinin kompozisiyasının təhlili” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.









16875088521721716066.jpg)







