Apr 03 , 2026 | 11:50 / Məqalə qəbulu
Müasir dünya sürətlə dəyişir. Dünən insanların öz təxəyyülündə canlandıra bilmədiyi, təsəvvürünə gətirmədiyi, onlar üçün fantastik görünən şeylər belə müasir dövrdə reallığa çevrilir. Bu günün yenilikləri isə sabahın adi həyat normasına dönür. Bütün bu dəyişikiliklərin mərkəzində isə bir anlayış dayanır – elm. Elm insanın dünyanı dərketmə forması, suallara cavab axtarma ehtiyacıdır. Hər bir ixtira, hər bir kəşf, hər bir yeni nəzəriyyə insan təfəkkürünün sərhədlərini genişləndirir, gələcəyə açılan yeni yollar yaradır. Cəmiyyətin inkişaf tarixində elmin rolu danılmazdır. İnsanlığın keçdiyi bütün mərhələlər – ibtidai dövrdən müasir texnoloji əsrə qədər – məhz elmi düşüncənin və yeniliklərin nəticəsi kimi formalaşmışdır. Bu baxımdan hər il qeyd olunan 27 mart “Elm günü” yalnız elm adamlarının deyil, bütövlükdə cəmiyyətin bayramıdır.
“Elm günü” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 9 aprel 2018-ci ildə təsis edilmişdir. Ölkədə bu günün təsis edilməsinin əsas məqsədi cəmiyyətin inkişafında elmin rolunu vurğulamaq, elm adamlarının əməyini qiymətləndirmək və elmi fəaliyyəti təşviq etməkdən ibarətdir. Bu gün elm də digər sahələr kimi öz ənənəvi çərçivələrini aşaraq müasirləşmişdir. Əks halda elmi araşdırmalar dövrümüzün inkişaf sürəti ilə ayaqlaşa bilməz. Lakin günümüzdə tez-tez cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan gənclərin elmə marağının azaldığı ilə bağlı fikirlər səsləndirilir. Doğrudanmı belədir? Bəlkə problem gənclərdə deyil, elmin onlara təqdim olunma formasındadır?
Əslində, müasir gənclik öyrənməyə qarşı deyil. Onlar yeni texnologiyalara, rəqəmsal platformalara, süni intellektə böyük maraq göstərirlər. Lakin ənənəvi, nəzəri və bəzən həyatla əlaqəsi zəif görünən elm modeli onları cəlb etmir. Bu isə onu göstərir ki, məsələ marağın yoxluğu deyil, yanaşmanın köhnəlməsidir.
Digər tərəfdən, təhsil sistemində praktiki biliklərin yetərincə ön plana çəkilməməsi də bu problemi dərinləşdirir. Gənc əldə etdiyi biliklərin real həyatda necə tətbiq olunduğunu görmədikdə, elm onun üçün abstrakt və uzaq anlayışa çevrilir.
Təbii ki, burada sosial şəbəkələrin təsiri də danılmazdır. Sürətli informasiya axını, qısa və əyləncəli məzmunlar gənclərin diqqətini daha tez cəlb edir. Elm isə səbr, dərin düşüncə və uzunmüddətli fokus tələb edir. Burada müəyyən nəticə əldə etmək üçün zaman tələb olunur. Bu ziddiyyət də marağın azalmasına səbəb olan amillərdən biridir.
Lakin çıxış yolu var. Müasir elm gənclərə daha yaxın, daha praktik və daha interaktiv formada təqdim olunmalıdır. Təcrübələr, startap layihələri, texnoloji yeniliklər və real problemlərin həlli üzərində qurulan təhsil modeli gənclərin elmə marağını yenidən artıra bilər. Unutmaq olmaz ki, bu gün elmə maraq göstərməyən gənclik, sabah inkişafdan geri qalan cəmiyyət deməkdir. Ona görə də əsas məsələ gəncləri qınamaq deyil, onları elmə doğru düzgün istiqamətləndirməkdir.
Bəs müasir dövrdə cəmiyyətin və dünyanın tələblərinə cavab verə bilən elm necə olmalıdır?
İlk növbədə, müasir elm dinamik və çevik olmalıdır. Klassik yanaşmaların çərçivəsində qalmaq artıq kifayət etmir. Elm qlobal çağırışlara – iqlim dəyişikliyi, texnoloji inqilab, sosial transformasiya kimi məsələlərə operativ reaksiya verməyi bacarmalıdır. Gecikən elm cəmiyyətin ehtiyaclarına cavab verə bilməz.
Müasir elm həm də innovativ olmalıdır. Günümüzdə elm yalnız nəzəri nəticələrlə kifayətlənməməli, real həyatda tətbiq olunan həllər ortaya qoymalıdır. Laboratoriyalarda əldə olunan biliklər istehsalata, texnologiyaya, səhiyyəyə və təhsilə ötürülmədikcə öz əhəmiyyətini tam reallaşdıra bilmir. Bu baxımdan elm və innovasiya ayrılmaz bir bütövdür.
Müasir elmin daha bir vacib cəhəti açıq və əlçatan olmasıdır. Elm yalnız alimlər üçün deyil, cəmiyyət üçün mövcuddur. Elmi biliklərin geniş auditoriyaya çatdırılması, maarifləndirmə və elmin populyarlaşdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir. İndi insanların savadlılıq səviyyəsinin yüksək olması bunun üçün əlverişli şərait yaradır. Çünki məlumatlı cəmiyyət daha düzgün qərarlar qəbul edir və inkişaf üçün daha əlverişli mühit yaradır.
Eyni zamanda müasir elm beynəlxalq əməkdaşlığa açıq olmalıdır. Qloballaşan dünyada elmi inkişaf tək bir ölkənin çərçivəsində mümkün deyil. Müxtəlif ölkələrin alimləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələr elmin sürətli inkişafını təmin edən əsas amillərdəndir.
Nəhayət, müasir elm insanyönümlü olmalıdır. Texnologiyanın inkişafı nə qədər sürətli olsa da, onun mərkəzində insan dayanmalıdır. Elm yalnız texniki tərəqqiyə deyil, həm də insan həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.
Müasir dövrdə elm dövlətlərin inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. İnnovasiya, rəqəmsallaşma, süni intellekt kimi anlayışlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsidir. Müasir innovasiyalar insan həyatının bütün sahələrinə nüfuz etmişdir. Təhsil sistemində rəqəmsal platformaların tətbiqi, tibbdə süni intellekt vasitəsilə diaqnostika, sənayedə avtomatlaşdırma və robot texnologiyalarının genişlənməsi – bütün bunlar elmin gündəlik həyatımıza necə inteqrasiya olunduğunu göstərir. Bu isə bir daha sübut edir ki, elmin inkişafına qoyulan sərmayə əslində gələcəyə qoyulan sərmayədir. Lakin elmin inkişafı təkcə maddi baza ilə ölçülmür. Burada ən vacib amil insan kapitalıdır. Gənclərin elmə marağının artırılması, onların tədqiqat fəaliyyətinə cəlb olunması cəmiyyətin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.
Ölkəmizdə elmin inkişafı üçün mühüm addımlar atılır, gənc alimlərin yetişdirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Elm ocaqları, ali təhsil müəssisələri və tədqiqat institutları bu prosesdə aparıcı rol oynayır.
Beləliklə, əslində, gənclər yeniliyə, texnologiyaya və inkişaf edən dünyaya biganə deyillər. Bu baxımdan əsas vəzifə elmi gənclərə sevdirmək, onu əlçatan və maraqlı formada təqdim etməkdir. Müasir elm yalnız nəzəri biliklər sistemi kimi deyil, həm də real problemlərin həllinə yönəlmiş canlı və inkişaf edən bir sahə kimi formalaşmalıdır. Unutmaq olmaz ki, elmə maraq göstərən gənclik güclü gələcəyin təminatıdır. Əgər bu maraq formalaşdırılmazsa, cəmiyyətin inkişafı da ləngiyə bilər. Məhz buna görə də bu gün atılan addımlar sabahın elmini, sabahın elmi isə bütövlükdə gələcəyimizi müəyyən edir.
Nuray Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya elmləri doktoru









16875088521721716066.jpg)







